02 iyul 2019 17:34
641

Barışdan qaçanlar: ermənilər Vaşinqton müzakirələrini təhrif edirlər

Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə yenidən görüşü olub. KİV danışıqların məzmunu barədə informasiyalar yayıb. Lakin erməni tərəfinin qərəzli olaraq bir sıra məqamları təhrif etdiyi də müşahidə olunur. Hiss olunur ki, İrəvan mövqeyini məntiqi müdafiə etmək imkanını itirir. O, ya Azərbaycan tərəfinin fikirlərini yanlış təqdim edir, ya da özündən müxtəlif yalanlar uydurur. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək əvəzinə, mövcud vəziyyəti əbədiləşdirməyə çalışır. Təbii ki, bunun heç bir perspektivi yoxdur. Gec-tez işğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxarılacaq. Vaşinqton müzakirələrinə bu kontekstdə yanaşdıqda, onun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyulur.

Həqiqəti gizlətmək: kimsəyə faydası yoxdur!

Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ABŞ-a səfəri və orada keçirdikləri görüşlər KİV-də müzakirə olunmaqdadır. Kontekst aydındır: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli perspektivləri və həmin bağlılıqda Amerika-Azərbaycan, Amerika-Ermənistan münasibətlərinin müxtəlif aspektləri. Həmişə olduğu kimi, bu məsələlərə Ermənistan və Azərbaycan KİV-ləri fərqli izahlar verirlər. Onlar demək olar ki, bir-birindən tam fərqlənirlər. Bəs həqiqət nədən ibarətdir?

Öncə qeyd edək ki, bu cür fərqli izahların olmasında Amerika tərəfinin və həmsədrlərin mövqeyini konkret və qətiyyətlə ortaya qoymamasının rolu vardır. Belə ki, Vaşinqton da daxil olmaqla, həmsədrlər ümumi frazalarla kifayətlənir və daha çox münaqişə edən tərəflərə "ümumi məsləhətlər" verməklə məşğuldurlar. Üstəlik, təcavüzkara yardım edirlər. Bu yardım maliyyə, siyasi, ideoloji, hərbi, iqtisadi və s. xarakterlidir. Belə şərtlər daxilində işğalçı həqiqəti qəbul edərmi, zəbt etdiyi başqa dövlətin torpaqlarından çıxarmı? Qətiyyən inandırıcı deyil. Bəs onda harada və kiminlə danışmağın mənası nədir?

Məsələnin əsl mahiyyəti də bundan ibarətdir və Vaşinqtondakı müzakirələrə də həmin prizmadan baxmaq lazım gəlir. Bu cür danışıqlar lazımdır. Çünki həmin danışıqlarda tərəflərin mövqeləri aydınlaşır, konkretləşir və elə bir mərhələ gəlir ki, artıq hərəkət etməkdən başqa yol qalmır. Azərbaycanın Xarici İşlər naziri də Vaşinqtondakı müzakirələri məhz bu kontekstdə təqdim edir. Azərbaycan tərəfinin arqumenti ondan ibarətdir ki, artıq danışıq xatirinə danışmaq zamanı deyil. Alınan qərarlar yerinə yetirilməli, məsələn, BMT-nin dörd qətnaməsi həyata keçirilməlidir. O cümlədən, Vyana, Moskva və indi Vaşinqton görüşlərində əldə edilən razılıqlar praktikada reallaşmalıdır. Təəssüf ki, hər şey baş verir, yalnız bu praktiki reallaşma baş vermir. Vaşinqton müzakirələri də məsələnin bu tərəfinə aydınlıq gətirmədi.

Bu məqamı ekspertlər də təsdiq edirlər. Ümumiyyətlə, vəziyyətə hansısa konkretlik gətirilməyib. Azərbaycan tərəfi danışıqların davam etdirilməsində qətiyyətli mövqeyini bir daha vurğulayıb. Xüsusən də Ermənistanın müdafiə nazirinin təxribatçı və səviyyəsiz qərarının fonunda belə müzakirələri aparmağa rəsmi Bakının hazır olduğu vurğulanıb. Bu xeyirxah missiyanı Ermənistan XİN və KİV-ləri yenə də çox qərəzli və zərərli aspektdə təqdim etməyə çalışıb. Ermənistan XİN bəyanat yayıb ki, Azərbaycanın Xarici İşlər naziri danışıqların formatından kənara çıxan fikir bildirib. Hətta guya burada cəbhə bölgəsində hərbi təxribatların törədilməsinə "yaşıl işıq" yandıran məqamlar da var. Guya Ermənistan, ümumiyyətlə, cəbhə xəttində təxribatın olmasını qəbul etmir. Tamamilə ağ yalandır və azərbaycanlı zabiti məhz ermənilər qətlə yetirdilər. Ondan boyun qaçırmağa çalışmaq işi görməmək anlamına gəlmir.

Digər tərəfdən, aranı daim erməni tərəfi qarışdırıb. Ermənilər bu cür təxribatlarla danışıqları dalana dirəyirlər ki, mövcud qeyri-müəyyən vəziyyət qalsın və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasın. Bununla yanaşı, İrəvanı narahat edən əsas məqam ondan ibarətdir ki, Azərbaycan danışıqlarda mövcud formatdan istifadə olunduğunu bir daha bəyan edib. Eyni zamanda, Azərbaycan Xarici İşlər naziri Ermənistanın işğalı saxlaya-saxlaya, sülhdən danışmasının məntiqi izahının olmadığını vurğulayıb. Azərbaycan XİN-in rəhbəri ifadə edib: "Bir bölgədə etnik təmizləmə həyata keçirib, insanları yaşadıqları evlərindən zor gücünə qovub, sonra da "xalqların öz müqəddəratını müəyyən etməsi" prinsipindən danışmaqla erməni tərəfi bunu hansı etik və hüquqi çərçivəyə sığdırmağa çalışır?". Bu sual, görəsən, danışıqların hansı çərçivəsindən kənara çıxır?

Münaqişənin həlli və ABŞ-Azərbaycan münasibətləri: səmərəli yol axtarışı

Və yaxud Azərbaycan tərəfi sual edəndə ki, "əgər Ermənistan Dağlıq Qarabağdakı separatçıların adından danışa bilmirsə, onda Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə nə işi var?", görəsən, hansı beynəlxalq hüquq qaydasını pozur? Əlbəttə, bütün bunlar o qədər sadə məntiqlə izah olunur ki, onları təkrarlamağın mənası yoxdur. Ancaq Ermənistan rəhbərliyi öz qərəzli və primitiv mövqeyini ortaya atmaq üçün başqa bəhanə tapa bilmir.

Həmin kontekstdə ermənilərin tez-tez cəbhə xəttində monitorinqdən bəhs etməsi və ya münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsindən danışması da təsadüfi deyil. Onlar monitorinq məsələsini qabardır, ancaq sülhməramlı qüvvələri mənfi qarşılayırlar. Hətta utanmadan hesab edirlər ki, erməni silahlıları "sülhü təmin edirlər". Əgər belə olsaydı, onda münaqişə olmazdı ki? Reallıqda məhz erməni işğalçılarını Azərbaycan ərazisindən çıxarmaq üçün danışıqlar aparılır. Biz orada sülhməramlı qüvvələrin yerləşdirilməsinin vacib olduğunu demirik. Əslində, Azərbaycan öz ərazisinin hər qarışına nəzarət etməyə qadirdir və belə də olacaq. Ancaq Azərbaycanın Xarici İşlər naziri, sadəcə, həmsədrlərin hansısa təklif verdiyini deyib və sənədlərin təzə və ya köhnə olduğundan bəhs etməyib. Azərbaycan bu məsələnin müzakirə olunmalı olduğunu vurğulayır.

Digər tərəfdən, əgər münaqişənin həlli ilə bağlı hər hansı bir razılıq yoxdursa, sülhməramlı qüvvələrdən danışmağın mənası yoxdur. Bunu hamı bilir. Deməli, xain xofludur – qorxur ki, onu Azərbaycan torpaqlarından bu və ya digər formada qovacaqlar.

Bunlardan belə görünür ki, Vaşinqton müzakirələri daha çox ümumi xarakterli olub və heç bir razılıq əldə olunmayıb. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun da hansısa konkret təşəbbüs göstərməsi müşahidə edilməyib. Ekspertlərin fikrincə, amerikalı rəsmini daha çox İran məsələsi düşündürür. Azərbaycan və Ermənistanla münasibətlərə də həmin çərçivədə yanaşılır. Lakin rəsmi yayılmış məlumatdan görünür ki, ABŞ-ın Azərbaycanla əlaqələri inkişaf etdirməyə marağı böyükdür və o, İran məsələsi ilə əlaqələndirilə bilməz.

Belə ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin Vaşinqtona işgüzar səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ilə yanaşı, tərəflər arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələlər də müzakirə edilib.

O cümlədən “iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüslər, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələr, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanlar” müzakirə edilən əhəmiyyətli və aktual məsələlər sırasında olub. Bununla yanaşı, Vaşinqton Azərbaycanla Yaxın Şərq bölgəsində mövcud vəziyyəti, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edir. ABŞ Prezidenti Donald Tramp bu kimi məqamları Prezident İlham Əliyevə ünvanladığı məktublarda konkret olaraq vurğulayıb.

Vurğulanan məqamlar onu ifadə edir ki, Amerika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin dinamikası yüksək səviyyədədir və bu, davam edəcək. Ancaq belə bir vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin həllində kimsənin rəsmi Bakıya təzyiq göstərə bilməsi anlamına gəlmir. Bu, ümumiyyətlə, mümkün olan iş deyil. Həm də Azərbaycanın güzəşt limiti yoxdur: ərazilər işğal olunub və işğalçı oradan çıxmalıdır. Əgər danışıqlarda buna nail olunmasa, Azərbaycan alternativ üsuldan istifadə edəcək. Bu onun təbii haqqıdır! Bu baxımdan Vaşinqton müzakirələri heç nəyi dəyişməyib.

Newtimes.az