10 yanvar 2020 13:02
698

“Barselona” bəsit səhvlərə yol verib

“Barselona” futbolçuları İspaniya Superkubokunun yarımfinalında “Atletiko” ilə görüşdə çox bəsit səhvlərə yol verib. Bu fikri Kataloniya klubunun hücumçusu Lionel Messi səsləndirib. AZƏRTAC xəbər verir ki, onun fikirlərini “Mundo Deportivo” dərc edib.

Yanvarın 10-na keçən gecə “Barselona” “Atletiko” ilə görüşün gedişində üstünlüyü ələ keçirsə də, sonda ona 2:3 hesabı ilə uduzub. Messi deyib: “Bu, bizə çox toxunur, axı 80 dəqiqə ərzində biz oyuna nəzarət etmişik və qələbəni əldən verməməli idik. Çox bəsit səhvlərə yol verib iki qol buraxdıq, lakin biz güclü komandayıq və irəli gedəcəyik”.

”Atletiko” finalda Madridin “Real” klubu ilə qarşılaşacaq. “Real” yanvarın 8-də 3:1 hesabı ilə “Valensiya”ya qalib gəlib. Komandalar rəsmi matçlarda 222 dəfə qarşılaşıblar. “Real”ın hesabında 110 dəfə qələbə, “Atletiko”nun hesabında 56 qələbə var, onlar 56 dəfə heç-heçə oynayıblar.

İspaniya Superkuboku ilk dəfə “Dördlər finalı” formatında keçirilir. “Barselona” və “Valensiya” 2018/2019-cu illər mövsümündə İspaniya Kubokunun finalçıları olduqlarına görə iştirakçılar sırasında yer alıblar. “Barselona”, həmçinin ötən mövsümdə ölkə çempionatının qalibi olub. “Atletiko” və “Real” milli birincilikdə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Turnirin finalı yanvarın 12-də keçiriləcək.