10 avqust 2020 10:58
590

Baş Nazir açıqladı: Koronavirusa qarşı mübarizə tədbirləri gücləndiriləcək

Yaponiyanın Baş Naziri Şinzo Abe yaşlıların və digər immuniteti zəif olan şəxslərin yoluxmasının qarşısını almaq və ölkədə növbəti fövqəladə vəziyyət rejimi elan etməmək məqsədilə koronavirusa qarşı mübarizə tədbirlərini gücləndirəcəyini vəd edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazir avqustun 9-da Naqasakidə keçirilən atom qurbanlarının xatirəsinin anılması mərasimindən sonra təşkil olunan mətbuat konfransı zamanı bəyan edib.

Ş.Abe virusa yoluxma hallarının sayının artmasına baxmayaraq, xəstələrin müalicəsinin təşkili məqsədilə bütün lazım olan addımların atıldığını bildirib. Qeyd edib ki, ölkədə xəstələrin yerləşdirilməsi üçün kifayət qədər xəstəxana yatağı var.

Baş Nazir, həmçinin pandemiyanın ölkə iqtisadiyyatına 2008-ci il dünya maliyyə böhranından daha böyük zərər vuracağını da bildirib. Hökumət tərəfindən avqustun 7-də təsdiq edilən 1 trilyon yen (təqribən 9,4 milyard dollar) məbləğində yardım paketinin kiçik və orta biznesə kömək üçün yönəldiləcəyini deyib.

Baş Nazir, eyni zamanda, ehtiyac yaranacağı təqdirdə səhiyyə müəssisələri üçün əlavə yardımın ayrılacağını da bildirib.

“Go To Travel” şirkəti tərəfindən səyahət üçün yeni təhlükəsiz üsulların təklif ediləcəyini qeyd edən Ş.Abe, hökumətin bunun üçün mehmanxana xərclərinin ödənməsinə yardım göstərəcəyini deyib.

Obon yay tətili günlərində doğma şəhərlərinə səyahət edənlərə müraciət edən Baş Nazir, onları böyük qruplarda axşam yeməyindən və içki məclislərindən yayınmağa çağırıb.