24 iyun 2020 14:45
323

Baş Prokurorluq: Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib

Şirvan Şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı idarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. “İki sahil” xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar idarənin balansında olan Şirvan şəhəri Nizami küçəsində yerləşən yataqxananın 35 kvadratmetr sahəsi olan iki otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu iyunun 22-də özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Eyyub Gülməmmədov tərəfindən bu cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyənləşdirildiyindən o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə həmin qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.