21 may 2019 10:43
1639

Bax, gör nə gözəldir bizim həyət...

İDEA-nın bütün təşəbbüsləri, layihələri xeyirxahlıq və humanizmə çağırışdır

Şərq memarlıq üslubu ilə müasirliyin vəhdətində inkişaf edən Bakı gözəl şəhərdir. Bu həqiqəti ölkəmizə gələn bütün qonaqlar təsdiqləyirlər. Son illərdə paytaxtımızın müxtəlif guşələrində yaradılmış əyləncə mərkəzləri, salınmış parklar, xiyabanlar, biri-birindən gözəl fontanlar paytaxtımıza xüsusi yaraşıq verir. Qonaqların da etiraf etdikləri kimi, analoqu olmayan Milli Parkımızda artıq “məskunlaşan”, müxtəlif qitələrdən, ölkələrdən gətirilən ekzotik ağaclar, gül kolları həmahəngliyi ilə  paytaxt sakinlərini, qonaqları heyrətləndirir. Təbiətin  on bir iqlimindən doqquzunun Vətəni olan, Şərqin hərarətini şimalın sərt qışı ilə “tənzimləyən” ölkəmiz həm də “ekoloji körpü”dür.

Vətən sərhəddən, təmizlik, gözəllik, səliqə-sahman isə evin, həyətin kandarından başlanır. Gözəl təbiəti ilə seçilən,  sıldırım dağlarında, qayalarında əsrlərin izlərini yaşadan Azərbaycanı əbəs yerə cənnətməkan yer adlandırmırlar. Həyat, yaşayış üçün oksigen mənbəyi olan hər kolun, ağacın təbiətə verdiyi xeyri dəyərləndirən insanlar yaşıllığı qorumaqla yurdumuzu gözəlləşdirən yüz illik ağaclara belə qulluq etməklə təbiətin dostu olduqlarını bildirirlər.

“Kim hansı bir sağlam ağacı kəsirsə, hesab edirəm ki, o mənim qolumu, barmaqlarımı kəsir. Bundan artıq cinayət olmaz. İnsan qurmalıdır, yaratmalıdır. Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir” söyləyən ulu öndər Heydər Əliyev zəngin fauna və floraya malik Azərbaycanın təbii gözəlliklərinin qorunmasını hər bir vətəndaşın mənəvi borcu adlandırırdı.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ailə üzvləri ilə birlikdə Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunda salınan yaşıllıq sahəsində  Ulu Öndərin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirakı Ümummilli Liderin ekologiyamızın, zəngin flora və faunamızın qorunması naminə gördüyü işlərin davamıdır. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən aksiyada  əvvəllər 50 mindən çox ağacın əkildiyi 4 hektarlıq həmin ərazidə daha 3.250 ağac əkildi.

Prezident İlham Əliyevin “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı , ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su- bütün bunlara biz çox böyük diqqət göstərməliyik. Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda ölkənin ümumi siyasətinin ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit- bu daimi sərvətdir. Əsrlər boyu minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq” kimi tövsiyələrini dəstəkləyən ölkə vətəndaşlarının yaşadıqları ərazilərin təmiz və abad olması naminə keçirilən iməciilklərdə elliklə iştirakı həm də birlik və həmrəylik nümunəsidir.

Təbii ki, elm və texnikanın inkişafı, yeni ixtiraların tətbiqi, istehsal sahələrinin yaradılması “ətraf mühitə müdaxiləni” qaçılmaz edir. Bu zaman həyat qaynağı olan torpağa , havaya, suya müəyyən mənada zərər də vurulur. Belə halların qarşısının alınması isə sabahımız üçün daim narahatlıq keçirən dünya alimlərini, ekoloqlarını düşündürür, təhlükələrin qarşısının alınması üçün yollar axtarılır, bütün insanları bir araya toplayan çağırışlar səslənir, gələcəyimizin təhlükəsizliyi üçün hamının səfərbər olması tövsiyə edilir.

Humanist və xeyirxah layihələri , təşəbbüsləri təkcə ölkədə deyil, beynəlxalq səviyyədə dəstəklənən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq- İDEA-nın təsisçisi Leyla Əliyeva müasir dövrün çağırışlarına cavab olan qlobal ekoloji kampaniyaların məqsədlərini belə açıqlayır: “ Sabah biz necə dünyada yaşayacağıq? Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər? Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanılmasına töhfə verməliyik. Bunu nəzərə alaraq İDEA - qlobal gənclik ekoloji kampaniyasına başladıq.”

“Bir planet-bir gələcək” devizi kimi maraqlı layihələr reallaşdıran İDEA-nın təşəbbüsləri beynəlxalq səviyyədə dəstəkləndi, kampaniyaya qoşulanların sayı artdı. Bu təşəbbüslər BMT tərəfindən də yüksək dəyərləndirildi. İDEA regional diskussiyalar aparmaqla bəşəriyyəti təhdid edən ən qlobal təhlükələrə qarşı birgə mübarizənin yollarını axtarır, ekoloji tarazlığın qorunması üçün vahid amal naminə birliyi düzgün yol və məqsəq hesab edir.

İDEA ətraf mühitin qorunması üzrə beynəlxalq təşkilat kimi çox maraqlı layihələrə imza atıb. Bunlardan biri Azərbaycanda üç milyon ağacın əkilməsi olub ki, bu da ölkəmizdə 3 milyon gənci ehtiva edir.

İDEA-nın “Hər kağızı, bir yarpağa dəyişək” adlı layihəsi də uğurlu oldu. Aksiya iştirakçılarının topladıqları 78 min 810 kq tullantı müqabilində 576 ədəd ağac alınıb “Təmiz Şəhər” ASC-yə məxsus Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunun (5 min hektar) ərazisində əkilmişdir. Məlumat üçün bildirək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 17 ağac kəsilir ki, bununla da atmosferin çirklənmə riski artır.

İDEA və “Cavan” Gənclər Hərəkatı İctimai birliklərinin təşkilatçılığı və Bakı şəhərinin rayon icra hakimiyyətlərinin dəstəyi ilə paytaxtda ictimai binaların həyətlərinin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 17-17a ünvanında 1200-dən artıq sakinin məskunlaşdığı binaları əhatə edən “Bizim həyət” layihəsi xeyirxah təşəbbüs kimi dəstəkləndi.

Əsas məqsədi ekoloji cəhətdən təmiz, abad həyətlərin sayını artırmaq, modernləşdirmək, yaşıllıqları qorumaq olan layihənin tətbiqi ilə yaşayış binalarının ətrafları tullantılardan, sağlamlıq üçün zərərli çirkablardan təmizlənir. Başqa sözlə deyilsə, “Bizim həyət” layihəsi paytaxtımızın gözəlliyini tamamlayır. Bu cür layihələr həm də dövlət siyasətinin əsasını təşkil edən insan amilinə, gələcəyimiz olan uşaqların sağlamlığına, yaşlıların səmərəli istirahətinə yönəldilən xeyirxah təşəbbüsdür. “Bizim həyət” layihəsinin tətbiqi, aksiyaya qoşulan sakinlərin iştirakı ilə həyətlərinin ekoloji cəhətdən abadlaşdırılması, şəhər mədəniyyətinə uyğun yaşıllıqların salınması, sağlam həyat tərzinin formalaşdırılması təmin edilir.

Layihənin növbəti ünvanı 2000-dən artıq sakinin yaşadığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 37, 39, 41, 47, 49 və Qara Qarayev prospekti 59 ünvanlarındakı binalar oldu. Layihəyə qoşulan sakinlərin iştirakı ilə sağlamlıq imkanları məhdud insanların rahatlığı, müxtəlif yaş qrupları üzrə uşaqların fiziki inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə həmin ərazilərdə mini futbol, şahmat meydançaları salınır, müxtəlif idman və əyləncə qurğuları, asudə vaxtın təşkili üçün oturacaqlar, işıqlandırma dirəkləri quraşdırılır, ehtiyac duyulan binaların fasadları və giriş hissələri tam təmir edilir, yaşıllıqlar salınır. Artıq Nizami rayonunda layihə üzrə iyirmi üç binanın həyəti abadlaşdırılıb.

Azərbaycanda nəsli kəsilməkdə olan, flora və faunamızın qiymətli incilərindən sayılan nadir bitki və heyvan növlərinin qorunması üçün yaradılan qoruqlara xüsusi diqqətlə yanaşılmasını, Azərbaycan xalqına bəxş edilən nemətlərin zənginliyi ilə qürur duyduğunu bildirən Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı insanlarla təmasda olarkən yaşadıqları ərazilərin yeraltı, yerüstü sərvətlərindən düşünülmüş şəkildə istifadəni bütünlükdə ölkəmizin gələcəyi, iqtisadi inkişafı üçün əhəmiyyətli hesab edir: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qurmaq üzərimizə düşən başlıca vəzifədir.”

Bu sahədə də İDEA İctimai Birliyinin həyata keçirdiyi “Şəhər ekologiyası” layihəsi təqdirəlayiqdir. Küçə heyvanlarının qorunmasına yönəlmiş İDEA Heyvanlara Qayğı Mərkəzinin xətti ilə həyata keçirilən layihələr təbiətə qayğıdır. Vaxtilə Bakıda çoxsaylı sincab və tutuquşularının məskunlaşması paytaxt sakinlərinin xatirindədir. Lakin yaranan ekoloji problemlər səbəbindən insanlara öyrəşmiş bəzi heyvan növlərinin, quşların da sayı azalıb. Bu günlərdə İDEA-nın təşəbbüsü ilə  şəhər mühitinə öyrəşmiş 20-dən artıq sincab paytaxtın Velopark ərazisindəki yaşıllığa buraxılmışdır.

Bu cür layihələr bütünlükdə paytaxtın simasını dəyişir, flora və faunamızı zənginləşdirir, insanların yaşadıqları ərazilərin təmizliyi naminə vətəndaş məsuliyyətini artırır, uşaqların sağlamlığının qorunmasına xidmət edir. İctimai fəallıq tələb edən, “Bizim həyət” sözünü  fəxrlə demək üçün kollektiv əməyin məhsulu olan bu cür layihələrdə iştirak hər kəsin arzusu, istəyidir.

Xuraman İsmayılqızı, “İki sahil”