20 oktyabr 2020 18:00
838

Bayrağımız dalğalanır Xudafərində...

Neçə gündür dan yeri müharibə ovqatıyla sökülür, neçə gündür səhərlərimiz müharibə ovqatıyla açılır. Neçə gündür məmləkətimizdə vətənsevərlər qələbələri könül mülkünə şükranlıq, yaşantılarına göyqurşağı bilir. Oğlu məktəbli olan ana “Oğullarım döyüşlərdədir!”, - deyir, şəhid anaları “Oğlumun qardaşları döyüşür”, - deyir, şəhid balaları “Atamın yolunu davam etdirənlər torpaqlarımızı  işğaldan azad edəcək!”, - deyir...

Azərbaycan əsgəri Böyük Qələbəyə yaxınlaşır. Döyüşənlərin qələbə ruhu açılan səhərlərin şükranlıq duasıdı elə bil. Döyüşənlərin – döyüşçülərin baxışlarında çırpınan bu ruh min illərin tarixə dediklərinin ifadəsidi:

Vətən müharibəsidir...

Azərbaycan əsgəri döyüş-döyüş irəliləyir, yaşayış məntəqələrimizi ermənisizləşdirərək irəliləyir, düşməni çığnayıb keçərək irəliləyir – Şuşaya yaxınlaşır. Düşmən Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun kükrəyişindən qaçır.

Zabit Elcan İsmayılov gözdolusu əsgərlərə baxır. Qarşı tərəfə biz də bu baxışların doğmalığından baxırıq. Baxışlarımız bir vaxtlar qızılbaşların keçdiyi körpünün süvarisinə dönüb. Gülüstan müqaviləsindən bu yana həsrətimiziydi bu körpü. Bu körpüyə gözucu baxmağı da qadağan eləmişdilər. 1993-cü ilin yayında Zəngilana ezamiyyətə gedəndə ürəyim məni Xudafərinə sarı çəkmişdi. Seyidin də, mənim də könüldaşımız, bu anlarda ezamiyyət yoldaşımız olan İlqar UAZ-ı körpüyə yönəltmişdi. Körpüyə çatar-çatmaz əlisilahlılar qarşımızı kəsmişdi. Ayağımızın körpüyə toxunmağına da imkan verməmişdilər. İndi... İndi qardaşım əsgər, oğlum əsgər, gözlərimin nuru əsgər, ruhunun sırdaşı əsgər Xudafərini 192 ilin intizarından xilas eləyib. Xudafərin sıxılcım qınından sıyrılıb. Gözlərin aydın, Vətən! Gözlərin aydın Xətaimiz! Gözləriniz aydın, şəhid qardaşlarımız! Xudafərində Azərbaycan bayrağı dalğalanır! Azərbaycan əsgəri Xudafərinin tağlarına üz sürtmək istəyənlərin niyyətini gerçəkləşdirdi. Diridağdan əsən yellər əvvəlki kimi çılğın deyil. İndi əsə-əsə bayrağımızın sığalına dönüb...

Zabitin qürurunun boyu boyumuzdan ucadı. Bu qürur yaşarı qürurdu. Bu qürur işıqlı qürurdu, bəşəri qürurdu, yaşarı qürurdu. Füzuli şəhərinin işğaldan azad edilməsi sevinci Cəbrayıl şəhərinin işğaldan azad edilməsi sevinciylə elə gözəl qovuşmuşdu ki! Bu qovuşma Xudafərin sevinciylə süsləndi. Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa sevincini də bu qürur yaşadacaq – Azərbaycan əsgəri yaşadacaq. Həm də yaxın vaxtlarda.

Tarixdə yaşayan, tarixləri yaşadan bu körpünün sıxıntılardan xilası Azərbaycan əsgərinin tarixi, qələbəsidi, azad etdiyi körpüdə Azərbaycan bayrağını dalğalandırmaq qalibiyyət üvertürasıdı – daha böyük qələbələrə yol göstərən üvertüradır.

Zabit Elcan İsmayılov deyir ki, orta məktəbdə oxuyanda tarixlə də maraqlanırdım, tariximizi həvəslə oxuyurdum. Səfəvilər dövrü tariximizi daha böyük istəklərlə öyrənirdim. 11 tağlı Xudafərin uğura çıxanları, mənzil yoranları cənubdan  Qarabağa gətirən, Qarabağdan cənuba aparan keçid – körpü olub. Xudafərin illərlə elləri ellərə, əlləri əllərə qovuşdurub. Və 1993-cü ildə Cəbrayıl  kimi o da erməniliyin vasitəçiliyi ilə tarixin sınağına tuş gəlib – işğal olunub, “Sovet dönəmində.

Zabitin kəlmələri hamının düşüncələrində gərəkli bir tərpəniş yaradır. “Xudafərin 1993-cü ildən üzü bu yana doğma səs eşitməyib, doğma nəfəs duymayıb, doğma baxış görməyib. Azərbaycan əsgəri ona yeni yaşam verdi”, - deyirəm.

Əsgər Adəm Məmmədov hərdən göy üzünə baxır, hərdən Xudafərinə sarı. “Xudafərinin üç orta tağı qalır, kənarı tağları dağıdılıb”, - deyir. Əsgərin təəssüfü hamı kimi mənə də doğma təəssüfdü. Bu təəssüf mənim də düşüncələrimin pərsənginə dönür. “30-cu illərdə tariximizə azərbaycançılığa qəsd kimi SSRİ hökuməti dağıdıb”, - deyirəm. Bir anlığa baxışım Adəmin baxışlarıyla qoşalaşır. Fikrimi “Xudafərin Bəkr ibn Abdullahın körpüsüdü, Allahın körpüsüdü, Allahını tanıyanların, Allah adamlarının, xeyirxahların, insanlığa bəşəriliyə xidmət edənlərin körpüsü olub,  – Azərbaycan əsgərinin qalibiyyət ruhunun  nəticəsi olan bu tarixi gündən - 18  oktyabrdan sonra da bəşəriliyə belə xidmət edəcək”, - kəlmələriylə tamamlayıram. Və ruhumdan boy göstərən 18 oktyabr tarixinin həm də Xudafərinin yeni doğum tarixi kimi qeyd ediləcəyini xatırlayıb əsgərlərin baxışını daha doğmalıqla yaddaşıma köçürürəm. Gizir Raquf Əliyev “Hər birimizin istəyini, niyyətini hərbi xidmət ümumiləşdirir. Hamımız Ali Baş Komandanın əmriylə döyüşmək, torpaqlarımızı azad etmək niyyətiylə xidmət etmişik. Döyüşlər başladı. Əks-hücum əməliyyatı kimi davam edən döyüşlərin iştirakçısı olmaq mənim hərbçi taleyimin uğurudu. Döyüşürük, Ali Baş Komandanın dediyi kimi, torpaqlarımızı işğaldan tamamilə azad edəcəyik. Suqovuşanın, Cəbrayılın, Füzulinin, Xudafərinin sevinci Böyük Qələbənin sevincinin başlanğıcıdır.

Əsgər Əlövsət Məmmədov gizirin sözünə qüvvət kimi deyir ki, Xudafərində dalğalanan bayraq ruhumuzun bayrağıdı. Onu qələbəni qazanan, qələbəsiylə tarix yazan, tarixlər yazacaq Azərbaycan əsgəri dalğalandırıb.

Zabit Elcan İsmayılovun əli doğmalıqla əsgər Əlövsət Məmmədovun çiyninə enir. Bu ünsiyyəti Vətən müharibəsində zabit-əsgər münasibəti kimi köçürürəm düşüncələrimə.

Əsgər Adəm Məmmədovun dediklərini bütün əsgərlərimizin ortaq istəyi, diləyi, murazı, niyyəti bilirəm: “Bayrağımızın Şuşada  dalğalanacağı günə az qalıb. Bu müqəddəs diləyi əsgər Əlövsət Məmmədov daha kövrək, daha duyğusal kəlmələrlə tamamlayır: Torpaq şəhid-şəhid  qorunur, torpaq şəhid-şəhid azad edilir. Torpaqlarımızın azad edilməsi uğrunda hər birimiz şəhidliyə hazırıq. Ancaq... ancaq Şuşada qələbə bayrağımızı dalğalandıranların sırasında  olmaq istəyirəm...”. “Bu gözəl niyyətinə çatacağın gün səni bağrıma basacam, əsgər qardaşım!”, - deyirəm...

Neçə gün əvvəl düşməni artilleriya atəşinə tutanlarımızla kəlmələşəndə əsgərlərdən biri demişdi ki, biz döyüşləri əks-hücum əməliyyatını torpaqlarımızı işğaldan azad edəcək döyüşlər kimi davam etdiririk. Əsgərin qətiyyəti, əsgər yoldaşlarının, əsgər yoldaşlarının timsalında ordumuzun bütün əsgərlərinin, zabitlərinin – hərbçilərinin fikrini ifadə etməsi bizə həm könül xoşluğu vermişdi, həm də əminliyimizin güvəncinə dönmüşdü. Onda həmin əsgərə demişdim ki, bu müharibə Vətən müharibəsidi. Vətən müharibəsi Vətənin ərazi bütövlüyünün bərpa edilməsiylə nəticələnməlidir. Qazanılan qələbələr sonun başlanğıcıdı.  Bu qələbələri məmləkətimiz belə yaşayır...

Bayrağımız dalğalanır Xudafərində! Nə gözəl qələbədi! Nə gözəl misradı! Bu gözəl misranı mənə siz yazdırıbsınız, Azərbaycan əsgəri! Siz tarixlər yazırsınız və yazdığınız tarixlər tarixi misralar, şeirlər, əsərlər yazdıracaq. Şəhriyarımızın ruhuna “Heydər baba, bu bayrağı öy görüm!”, - deyənlərin sırasında mən də varam..

Kəlmələrimi uzaqlara aparan yelləri baxışlarım uğurlayır. Qaliblərin sırasında Vətən müharibəsinin son döyüşünün son güllələrini atacaq əsgərlərin əlini sıxmağa niyyətliyik. Onlar da, onların qələbəsinə inanan ictimaiyyət də. Axı bayrağımız dalğalanır Xudafərində! Şuşada da belə qürurla, belə əzəmətlə dalğalanacaq!...

Rəşid Faxralı