29 iyul 2020 17:41
291

BDU-da 8 yeni ixtisas açılıb

Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlar əsasında qurulması, dövrün tələblərinə uyğun kadrlar hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

BDU-dan bildirilib ki, bunlar bakalavr pilləsində biotexnologiya, su bioehtiyatları və akvakultura, turizm işinin təşkili, geomatika və geodeziya mühəndisliyi, yerquruluşu və daşınmaz əmlakın kadastrı, kitabxanaçılıq və informasiya fəaliyyəti, beynəlxalq ticarət və logistika ixtisasları, magistratura pilləsində ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasıdır. Yeni ixtisaslar həm də əmək bazarında tələbatın ödənilməsi zərurətindən yaradılıb.

Biotexnologiya ixtisası – biologiya və texnika sahələrinin kəsişməsində yerləşən elm sahəsidir, tibb, əczaçılıq və gen mühəndisliyini əhatə edir. Biotexnoloq, biotexnologiya alimləri – gen mühəndisliyi və texnoloji problemləri həll etmək üçün orqanizmlərdən istifadə üsulları ilə məşğuldurlar. Onların maraq dairələrinə süni seçim, klonlama, bioloji aktiv maddələrin və dərmanların yaradılması, çirkab suların təmizlənməsi və istixana effektinin azalması daxildir. Bu ixtisas üzrə kosmetik və farmakoloji şirkətlərdə, özəl və dövlət tədqiqat laboratoriyalarında, təhsil müəssisələrində, qida, ekologiya, əczaçılıq, ətriyyat, baytarlıq, emal sənayelərində işləmək mümkündür.

Su bioehtiyatları və akvakultura ixtisası üzrə bakalavr təhsili alan tələbələr orqanizmin müxtəlifliyi və onların təbii birləşmələri, biosferin və ekosistemlərin struktur və funksional təşkili, bioloji müxtəlifliyin növləri sahələrində əsas bacarıqlara yiyələnirlər. Həmçinin balıqların sistematikası, daxili və xarici quruluşu, qidalanması, yemləndirilməsi, çoxaldılma üsulları kimi biliklər əldə edirlər. Bu ixtisas suda yaşayan hidrobiontlar – balıqlar, xərçəngkimilər və onların qidalandıqları plankton, nekton və bentos orqanizmlərinin yayılmasını, biologiyasını və ekologiyasını öyrənən sahədir. Bu istiqamətdə Azərbaycanda və digər ölkələrdə olan su hövzələrinin xüsusiyyətlərini, onlarda yaşayan canlı orqanizmlər qrupunu da öyrənmək mümkündür. Adıçəkilən ixtisas üzrə məzun olan tələbələr müxtəlif araşdırma mərkəzlərində, elmi-tədqiqat institutlarında, ixtisas üzrə təhsil müəssisələrində, balıqların çoxaldılması ilə məşğul olan qurumlarda işləyə bilərlər.

Turizm işinin təşkili ixtisası turizm iqtisadiyyatını araşdırır, turizm firmalarının, otellərin fəaliyyətini öyrənir. İxtisasın əsas məqsədi turizm sənayesi üçün müştəri xidmətləri, satış və idarəetmə mövzularında müasir dövrün tələblərinə uyğun nəzəri və təcrübi biliklərə malik, həmçinin özündə qlobal turizm sənayesində baş verən dəyişiklikləri düzgün təhliletmə və uyğunlaşma bacarıqlarını cəmləşdirən kadrların hazırlanmasıdır. Turizm işinin təşkili ixtisasının məzunları turizm siyasətini həyata keçirən orqanlarda, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətlərində, beynəlxalq turizm təşkilatlarında və s. çalışa bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası özündə iki mühəndisliyi birləşdirir. Geodeziya mühəndisliyi yerin formasını, relyefini, ölçülərini, seysmotektonik və texnogen hərəkətləri, onun üzərində tikilən bir çox mühəndis qurğularını, sənaye və mülki obyektlərin deformasiyalarının müşahidə metodlarını işləyir, onların proqnozlaşdırılması məsələlərini həll edir. Geomatika mühəndisliyi isə yerin distansiyadan tədqiqini həyata keçirir. Yerin topoqrafiya və tematik xəritələrini hazırlayır, obyektlərin koordinatlarını təyin edir. Bu ixtisas sahibləri torpaq və xəritəçəkmə fəaliyyətində, torpaqların istifadəyə və icarəyə verilməsinə aid, mühafizəsinə aid qurumlarda işləyə bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası torpaqlardan səmərəli istifadə, yararlı torpaqların artırılması, onların keyfiyyətcə yaxşılaşdırılması, torpaq üzərində tikilən bütün daşınmaz əmlakın texniki və hüquqi göstəricilərini öyrədir. Daşınmaz əmlak növlərinin qeydiyyatdan keçirilməsi də bura aiddir. Bu ixtisas sahibləri yerquruluşu və daşınmaz əmlakın kadastrını həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarında işləyə bilərlər.

Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasında təhsil alan tələbələr kitabxana-informasiya resurslarının qurulması və istifadəsi ilə bağlı xidmətlər göstərilməsi üzrə ixtisaslaşırlar. Müvafiq sahənin mütəxəssisləri respublikanın bütün kitabxana-informasiya müəssisələrində, elmi-texniki, xüsusi, kütləvi informasiya-resurs mərkəzlərində, kitabxanalarında çalışa bilərlər.

Beynəlxalq ticarət və logistika ixtisasına yiyələnən mütəxəssis beynəlxalq bazarları, ticarəti, xüsusilə beynəlxalq yükdaşımanı öyrənir, biliklərini biznesin müxtəlif sahələrində (beynəlxalq əlaqələr, logistika departamentlərində) tətbiq etmək bacarığına sahib olur. Bu sahədə ixtisaslaşmış kadr məhsulların uğurlu marketinqi üçün xarici bazarı araşdıra, rəqiblərin qiymətlərini təhlil edə bilir. Logist funksiyasını yerinə yetirərək malların daşınmasını təşkil edir, məhsulların hansı nəqliyyat və hansı marşrutla çatdırılmasına qərar verir. Beynəlxalq ticarət və logistika ixtisası üzrə şirkətlərdə, beynəlxalq təşkilatlarda və s. işləmək mümkündür.

Magistratura səviyyəsinin ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşmasını seçəcək bakalavrlar Rusiyanın ictimai-siyasi və sosial həyatının incəliklərini öyrənirlər. Həmçinin onlar Rusiyanın etnoqrafiyası, siyasi sistemi, sosial təhlükəsizliyi, tarixi, dini, mədəniyyəti barədə ətraflı bilgilər əldə edirlər. Bu ixtisaslaşma üzrə magistr dərəcəsi alan şəxslər universitetlərdə, dövlət qurumlarının beynəlxalq əlaqələr şöbələrində, diaspor təşkilatları ilə fəaliyyətlərdə mütəxəssis kimi, turizm agentliklərində, diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda çalışa bilərlər.