27 yanvar 2020 18:12
1007

BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü - FOTO

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü keçirilib.

BDU-dan bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Elçin Babayev tələbələrin imtahanlarla bağlı müraciətlərinə İmtahan Qərargahı tərəfindən operativ qaydada baxıldığını diqqətə çatdırıb.

İmtahan prosesinə dəstək olmaq məqsədilə valideynlərə və dekan müavinlərinə müvafiq tapşırıqlar verilib.

“Açıq qapı”da rektora ünvanlanan müraciətlər, əsasən qaib limitinin ötməsi, bu səbəbdən imtahana buraxılmama və 1-2 balla imtahandan və yaxud əlaçı, zərbəçi təqaüdündən kəsilən tələbələrə güzəştlərin tətbiqi ilə bağlı olub.

Görüşdə, həmçinin Gənc Alimlər Şurası və Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin yenidən qurulması və tələbələrin bu işə cəlb olunması məsələlərindən danışılıb. Bildirilib ki, istedadlı tələbələrin aşkara çıxarılması, onların elmi fəaliyyətə, qrant layihələrinə cəlb edilməsi məsələləri gündəmdədir.

Rektor valideynlərə tələbələrin sosial fəallığının artırılması məqsədilə universitetin nəzdində Mədəniyyət Yaradıcılıq Mərkəzi və İdman Sağlamlıq Kompleksinin təşkil ediləcəyi haqqında məlumat verib.

İmtahan nəticələrinin vaxtında açıqlanmasından bəhs edən rektor qeyd edib ki, bütün müraciətlər ətraflı araşdırılır və qaydalar çərçivəsində kömək göstərilir. Bunun üçün BDU-nun müvafiq struktur bölmələrinin rəhbərlərinə tapşırıq verilib.

E.Babayev valideynlərin müraciətlərini dinləyib.

Sonda görüş iştirakçıları keyfiyyətin təminatı, monitorinq və qiymətləndirmə şöbəsi, imtahan auditoriyaları və sessiyasının gedişinə nəzarət edən, tələbə və valideynlərin, ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirən İmtahan Qərargahın fəaliyyəti ilə tanış olublar.