07 avqust 2020 16:45
9133

Belə sosial layihələr nəzərdə tutulduğu vaxtda yerinə yetirilir

Prezident tapşırığı: Sərt karantin rejimi tətbiq edilən13 şəhər və rayonda yaşayan insanlara verilən
190 manat müavinət avqust ayında da ödənilsin

Koronavirusla mübarizə sahəsində  görülən tədbirlərlə bağlı videoformatda keçirilən müşavirədə  sosial-iqtisadi vəziyyət barədə  geniş açıqlama verən Prezident İlham Əliyev sosial sahədə nəzərdə tutulmuş işlərlə əlaqədar   müvafiq tapşırıq və tövsiyələrini də bildirdi.    «Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət» sözlərini dəfələrlə  diqqətə çatdıran Prezident İlham Əliyev pandemiya dövründə belə  sosial layihələrin nəzərdə tutulduğu  vaxtda  yerinə yetirildiyini insan amilinə diqqət və qayğının ifadəsi adlandırdı.

Dövlət başçımız İlham Əliyevin  başlıca tələbi  iqtisadi dayanıqlığı qorumaqla, insanların sağlamlığına, əhalinin sosial vəziyyətinə diqqətin artırılmasıdır. Çünki bütün sahələrdə qazanılan uğurların təməlini güclü  iqtisadi inkişaf, məmur- vətəndaş məsuliyyəti, nizam-intizam, inhisarçılığa və korrupsiyaya, israfçılığa qarşı mübarizə, dövlət malına vicdanlı yanaşma prinsipləri təşkil edir. Pandemiya dövründə bu  amillərə daha çox diqqət  yetirilməsi   əhalinin sosial müdafiəsinin təşkilinə vicdanla, vətəndaşlıq mövqeyindən yanaşmanı tələb edir.

Son illərdə dövlət başçımızın ən çox diqqət  yetirdiyi məsələ əhalinin sosial müdafiəsinə yönələn islahatların, layihələrin nəzərdə tutulduğu  vaxtda yerinə yetirilməsi, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin həyat tərzinin yüksəldilməsidir. Bu baxımdan koronavirusla mübarizəyə həsr olunmuş  müşavirədə  sosial məsələlərdən, pandemiya ilə əlaqədar problemlərlə üzləşən sahibkarlara verilən güzəştli kreditlərdən, metodiki tövsiyələrdən ətraflı bəhs olunması  təsadüfi deyil.

Məlum olduğu kimi, son illərdə geniş miqyasda həyata keçirilən, xüsusi qayğıya ehtiyacı olan ailələrin tələbatının ödənilməsi üçün nəzərdə tutulan sosial paket  5 milyondan artıq ölkə vətəndaşını əhatə etdi. Bu qayğı  ölkəmizdə insan amilinə göstərilən diqqətin nümunəsi olmaqla, iqtisadi inkişafımızın da göstəricisi kimi, beynəlxalq təşkilatların hesabatlarında nümunə göstərildi.   Həyata keçirilən  sosial proqramlar  çərçivəsində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilmiş, eyni kateqoriyadan olan 7 minə yaxın insana avtomobil verilmişdir. Bu il 1500 şəhid ailəsinin, müharibə əlilinin dövlət tərəfindən mənzillərlə və 400 min avtomobillə təmin edilməsi planlaşdırılıb. Təkcə son 20 gün ərzində 250 mənzil vətəndaşlara, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

«Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub» söyləyən Prezident İlham Əliyev  «Paşa Holdinq» və «Kapital Bank» kimi özəl şirkətlərin bu sahədəki fəallığını ölkədə mövcud olan vətəndaş həmrəyliyinin,  dövlət- özəl sektor arasındakı  qarşılıqlı münasibətlərin, insanlara qayğının təzahürü  kimi dəyərləndirir.  Şəhid,  köçkün ailələri üçün nəzərdə tutulan müavinətlərin 20-50 faiz  dəyərində artırılması, pandemiya dövründə təqribən 5 milyona yaxın insanın dövlət tərəfindən maddi dəstəklə əhatə olunması son dövrlərdə  hazırlanan sosial layihələrin mahiyyətini əks etdirir.

Cari ildə pensiyaların  orta hesabla 27, orta əməkhaqqının 25 faiz artması da   vətəndaşlara göstərilən diqqətdir. Özünüməşğulluq proqramına 12 min, ödənişli ictimai iş yerlərinə 90 min insanın cəlbi, DOST xidməti kimi layihələrin təşkili pandemiyadan əziyyət çəkən ailələrə  dövlət qayğısının daim diqqətdə olduğunu göstərir.

«Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər» söyləyən cənab İlham Əliyev Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan 100 milyon manatdan artıq vəsaiti xalqımızın milli-mənəvi dəyərlərindən olan mərhəmət, imkansızlara diqqət, yardım, birlik  adlandırır.

Pandemiya dövründə  həyata keçirilən islahatlar maddi-mənəvi dəyəri,  əhatəliliyi  baxımından daha aktual və diqqətçəkəndir. Son aylarda dövlət sektorunda çalışan, yaranan vəziyyətlə bağlı  işləməyən  900 min insanın əmək haqqı dövlət vəsaiti hesabına ödənilib.  Ən çox zərər çəkən, özəl sektorda çalışan 760 min insanın iş yerlərinin qorunması üçün  böyük məbləğdə  maliyyə resursları xərclənib. İşsiz və gəlirini itirən aztəminatlı qeyri-formal işləyən şəxslərin sosial müdafiəsinin qorunması naminə  nəzərdə tutulan 190 manatla bağlı ödəniş aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Bu məqsədlə 280 milyon manat vəsait xərclənmişdir.

Azərbaycanda pandemiyaya qarşı mübarizə, onun  fəsadlarının aradan qaldırılması üçün ilk günlərdən   məşğulluq, sosial müdafiə,  sosial təminat məsələlərini əhatə edən 12 tədbirlər planı  icra edilir. Plana uyğun olaraq dövlət və  özəl sektorda 1 milyon 660 min insanın məşğulluq statusu saxlanılır. Haqqıödənilən ictimai işlərin sayı 90 minə qədər artırılıb.  14 min ailənin, 58 min üzvü ünvanlı sosial yardım proqramına cəlb olunub.

Əlilliyi, sağlamlıq imkanları məhdud uşaqları olan, çoxuşaqlı ailələr, aztəminatlı digər kateqoriyadan olan 100 min ailəyə iki dəfə, yəni faktiki 200 min paket ərzaq payı verilib. Ölkə üzrə 65 yaşdan yuxarı 15 min tənha şəxs  ƏƏSMN-in  sosial xidmətçiləri tərəfindən gündəlik xidmətə götürülüb. Eyni zamanda, mindən artıq əlilliyi olan, sağlamlıq imkanı məhdud uşaqlar  sosial xidmət müəssisələrində 24 saatlıq tam xidmətlə təmin olunub,  10 mindən çox şəxsə  reabilitasiya vasitələri təqdim edilib. 

«Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bütün bunlar reallıqdır və bu reallığı biz özümüz yaradırıq, heç kimdən yardım almadan, maliyyə dəstəyi almaq üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən. Baxmayaraq ki, bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı üçün müraciət edib. Biz öz gücümüzə arxalanırıq. Biz bu imkanları xalqımızın istedadı və düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bu da Azərbaycan dövlətinin istənilən böhrana hazır olduğunu göstərir. Çünki biz elə bir möhkəm təməl yaratmışıq ki, istənilən böhranla əlaqədar öz düzgün addımlarımızı atırıq» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması, biznes mühitinin yaxşılaşdırılması pandemiya və postpandemiya dövründə  bizə yeni imkanlar qazandıracaq.

Xuraman İsmayılqızı, «İki sahil»