25 iyun 2019 13:27
1516

Bələdçilər giriş haqqından azad olunacaq

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tabeliyində olan qoruqlara turlar təşkil edəcək bələdçiləri Azərbaycan Turizm Bələdçiləri Asossasiyasının vahid sistemindən qeydiyyatdan keçməyə dəvət edir.

31 iyul 2019-cu il tarixinədək qüvvədə olacaq qeydiyyat prosesinin tətbiqində məqsəd xarici turistlər üçün Agentliyin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət, “Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya, “Lahıc” Dövlət Tarix-Mədəniyyət, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq  (Şəki şəhəri “Karvansaray” Mehmanxana Kompleksi daxil olmaqla), “Kiş” Tarix-Memarlıq Qoruqlarına turlar təşkil edəcək turizm agentliklərinin nümayəndələrini və bələdçilərini bu qoruqlara yerli ziyarətçilər üçün nəzərdə tutulan giriş haqqından (2 AZN) azad etməkdir.

Bu addımda məqsəd, həmçinin Azərbaycandakı müxtəlif turist qrupları ilə çalışan bələdçilərin peşə standartlarını təkmilləşdirmək, ölkəmizi ziyarət edən yerli və əcnəbi turistlərə keyfiyyətli xidmətin göstərilməsinə zəmin yaratmaqdır. 

Azərbaycan Turizm Bələdçiləri Asossasiyası turizm agentlikləri nümayəndələrinin və bələdçilərin qeydiyyat zamanı daxil edəcəkləri məlumatların təhlükəsizliyinə və şəxsi icazələri olmadan üçüncü tərəfə ötürülməyəcəyinə təminat verir.

31 iyul 2019-cu il tarixinə qədər qeydiyyatdan keçməyən turizm agentlikləri nümayəndələri  və bələdçilər 1 avqust 2019-cu il tarixindən etibarən yuxarıda adları sadalanan qoruqlara 2 AZN ödəməklə daxil ola biləcəklər. 

Qeydiyyatdan keçmək istəyən bələdçilər bu linkdən ( http://bit.ly/2Lbu5fn ) istifadə edə bilərlər.