04 dekabr 2019 16:11
127

Bələdiyyələr fəaliyyətləri ilə ölkənin inkişafına töhfələrini verəcəklər - FOTO

YAP Zərdab rayon təşkilatının seçki qərərgahı seçki kompaniyası çərçivəsində seçicilərlə görüş keçirib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Zərdab rayonunda təbliğat-təşviqat kampaniyasına başlanılıb. Rayonun Əlvənd  kəndində Əlvənd, Otmanoba və Şahhüseyinli kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova bildirib ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti təsisatlarının təkmiləşdirilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradıb: “Bələdiyyələr yarandığı ilk gündən ötən müddət ərzində öz üzərlərinə düşən vəziflərin yerinə yetirilməsində, bölgələrin abadlaşmasında və müasirləşməsində, əhaliyə xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm naliyyətlər əldə ediblər. YAP öz üzərinə xalqımıza ən yüksək səviyyədə xidmət etmək missiyasını götürüb və bu günə qədər həyata keçirilən tədbirlərlə həmin missiyanın öhdəsindən layiqincə gəlib. Biz əminliklə qeyd edə bilərik ki, hər zaman siyasi kampaniyalarda aktiv iştirak edən Zərdab sakinləri bu dəfəki seçkilərdə də yüksək fəallıq göstərəcəklər və hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən zərdablılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.”

Daha sonra YAP Zərdab rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Həsən Abulov, Dərya Əhmədova, Mənsim Pənahov və Mübariz Umarov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının nəticələrindən, YAP-ın ölkədə və beynəlxalq aləmdə günbəgün artan nüfuzundan söhbət açıblar və əminliklə bildiriblər ki, partiyamız tərəfindən irəli sürülən namizədlər layiqli qələbə qazanacaqlar.

Keçirilən görüşlərdə seçicilər ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına xidmət edən, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursu dəstəklədiklərini və Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə yekdilliklə səs verəcəklərini bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”