08 oktyabr 2020 17:59
1706

Bəlkə bu suallarla siz də qarşılaşmısınız...

Hər gün yeni suallarla qarşılaşsaq da, elm gündən-günə inkişaf edir və bu sualların cavabını tapmaqda bizə yardımçı olur.Bu yazıda onlardan bir neçəsini təqdim edirik...

Buz niyə sürüşkəndir?

Xüsusilə qış aylarında bəzi qəzalara və arzuolunmaz nəticələrə səbəb olan buz kifayət qədər sürüşkəndir. Bəs niyə? Alimlərin bu mövzuda apardıqları uzun müşahidə və araşdırmaları buzun üst qatında maye qatının əmələ gəldiyini və bunun sürüşkən bir sahə yaratdığını aşkar edib. Bu çox incə və kiçik təbəqə xaricdən nəzərə çarpmır. Son araşdırmalara görə, bu maye təbəqəsi buzlu su və əzilmiş buz qarışığından ibarətdir.

Qarışqalar necə bu qədər güclü ola bilər?

Hamımız bilirik ki, qarışqalar öz çəkilərinin 10 qatından çox yük qaldıra bilərlər. Bəs bu kiçik dostlarımız bunu necə edirlər? Bunun cavabı elə onların kiçikliyindədir. Qarışqalar çox yüngül canlılar olduğundan əzələ gücünün çox hissəsini yük daşımaq üçün istifadə edirlər. Məsələn, insanlarda skelet sistemi çox ağır olduğundan gücümüzün bir hissəsini onu daşımaq üçün istifadə edirik. Ancaq qarışqalar çox yüngül olduqlarından, yük daşıma baxımından böyük  müvəffəqiyyətə sahibdirlər.

İncilər necə yaranır?

Dənizin dərinliklərində, istiridyə qabıqlarında yaranan incilər yüz illərdir gözqamaşdırıcı gözəllikləri ilə insanları özünə cəlb edir. Bəs istiridyələrdə uzun zaman ərzində əmələ gələn incilər necə yaranır? Belə ki , dənizin altında yaşayan istiridyələrə daxil olan qum dənələrindən özünü qorumaq üçün dərhal "inci anası" adlanan sərt, möhkəm və güclü, eyni dərəcədə gözəl və parlaq bir maddə ifraz edir.

Zaman keçdikcə bu maddə möhkəmlənərək  incilərin yaranmasına səbəb olur.

Nə üçün bəzi heyvanlar qış yuxusuna gedir?

Qışda bəzi heyvanların yuxuya getdiyini və bu ayları yuxuda keçirdiyini bilirik. İlin əksər hissəsində digər heyvanlar kimi gəzən, ovlayan və çoxalan bu canlılar niyə qış aylarında yatırlar? Qışın soyuq günlərinin gəlməsi ilə yuxuya gedən bu heyvanların qida mənbələri azalır. Öz ekosistemlərində yaşamaq üçün qış yuxusu adlanan uzun bir hərəkətsizlik dövrünə girirlər. Burada qidaları balanslı şəkildə istifadə etmək üçün bədən istiliyini aşağı salır, ürək dərəcələrini azaldır və daha az nəfəs alırlar. Bu şəkildə maddələr mübadiləsinin zəifləməsi ilə qışı yuxuda keçirirlər.

Hıçqırıqlar nədən yaranır?

Hıçqırıq hamımızın zaman-zaman qarşılaşdığımız və narahatlıq yaradan bir vəziyyətdir. Bunun səbəbi olduqca sadədir. Diafraqmanın müxtəlif səbəblərdən istər-istəməz daralması ani hava qəbuluna və çıxmasına səbəb olur. Nəfəs borumuzun girişində yerləşən və qlottis adlanan qapağın hava daxil olarkən çıxardığı səs hıçqırıq səsidir. Çox vaxt gülməli görünən bu hal eyni zamanda, zərərsizdir.

Niyə ildırım təyyarələri vurmur?

Bəli, nadir olsa da havada şimşəyin təyyarəni vurması halları baş verir. Ancaq havada bu qədər təyyarə olsa da, bu hadisə niyə bu qədər nadir baş verir? Çünki təyyarələr bundan qorunur. Təyyarənin xarici materialları həm ildırımdan elektrik enerjisi ötürmək, həm də vurduğu yerdəki ziyanı azaltmaq üçün xüsusi bir şəkildə istehsal olunur. Son vaxtlar populyarlaşan alüminium və ya kompozit materiallardan hazırlanmış təyyarələr ildırımdan zərər görməyəcək şəkildə istehsal olunur. Ümumiyyətlə, bundan əlavə, təyyarələr uçuşdan öncə hava proqnozunu araşdıraraq çox sıx elektrik yüklü buludlara girmirlər.

Göy cisimlərinə kim ad verir?

Sonsuz bir boşluq olan qalaktika hətta bəzilərini də gözlə rahatlıqla görə biləcəyimiz çox sayda cisimləri özündə ehtiva edir. Ulduzlar, planetlər, meteoritlər, peyklər, kvazarlar və s. İlk adları ilə əcdadlarımız tərəfindən adlandırılan səma cisimlərinin bu adları ümumiyyətlə latın, ərəb və yunan mənşəlidir. Bu gün isə bu vəzifə Beynəlxalq Astronomiya Birliyinə aiddir.Ölkələrin birləşərək qəbul etdiyi qərar nəticəsində bu səlahiyyətə sahib olan birlik, əvvəlcə yeni bir obyektə müvəqqəti ad verir.Daha sonra, aşkar edildiyi tarixi, növünü göstərən beynəlxalq bir hərf və ya kod təyin olunaraq ,tapıldığı sıralamaya əsasən adı verilir.

Samirə İsmayılova, “İki sahil”