18 oktyabr 2019 10:21
734

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlıq güclənir

"Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əməkdaşlığın gücləndirilməsi və gələcəkdə sahəyə investisiya qoyuluşunun təşviq edilməsi üçün BP, “TOTAL”, “Masdar,” “ACWA Power” və bir sıra digər tanınmış beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq həyata keçirilir." 

Bu fikirlər Energetika naziri Pərviz Şahbazovun məqaləsində yer alıb: "ümumilikdə, 9 şirkətlə əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən daha bir neçə şirkət Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır. Bəzi şirkətlər ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində irihəcmli investisiya layihələri həyata keçirmək üçün təkliflərini təqdim edib. Bu təkliflər hazırda öyrənilir və ölkə üçün əlverişliliyi dəyərləndirilir. Bu sahədə normativ-hüquqi bazanın formalaşdırılması üçün “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanıb. Qanun layihəsinə müvafiq dövlət qurumlarında baxılır, razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Həmçinin, müqavilə nümunələrinin və digər qanunvericilik aktlarının hazırlanması istiqamətində tədbirlər davam etdirilir."

P.Şahbazov bildirib ki, müvafiq sahədə qanunun qəbulu bərpa olunan enerji layihələrinin həyata keçirilməsi prosesində həlledici mərhələdir: "Bu mənada, 2020-ci il yeni generasiya güclərinin yaradılması, eləcə də elektrik enerjisi istehsalının qoyuluş gücündə su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması hədəfinə doğru yolun başlanğıcı ola bilər. Bu, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, ölkəmizin ətraf mühitə atılan istixana qazlarının azaldılması barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə, yeni xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə çoxsaylı iş yerlərinin açılmasına, ən əsası isə təbii qaza qənaət edilməsinə şərait yaradacaq. Təkcə bir faktı qeyd edək ki, bərpa olunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVtst elektrik enerjisi bizə, təxminən, 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək."