05 iyul 2019 10:19
844

Bəşəri dəyərləri qorumaq beynəlxalq ictimaiyyətin vacib öhdəliyidir

Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları bütün xalqları eyni məqsəd naminə həmrəyliyə səslədilər

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESKO-nun Azərbaycanla əməkdaşlığı bəşəri dəyərlərə verdiyi töhfələri ilə diqqəti cəlb edir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində xüsusi rolu olan ölkəmizin UNESKO ilə hərtərəfli səmərəli əməkdaşlığı çox yüksək səviyyədədir.

Bu əməkdaşlığın inkişafında xüsusi əməyi olan, ölkədə, dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə maraqlı layihələrin müəllifi, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər bu əməkdaşlığın coğrafiyasını genişləndirir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə UNESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin böyük bir hissəsi 2004-cü ildə əsası qoyulan Heydər Əliyev Fondu ilə bağlıdır. Fond mütəmadi olaraq Azərbaycan mədəniyyətini, qeyri-maddi mədəni irsini tanıtmağa yönələn layihələr həyata keçirir. Fondun dəstəyi ilə ənənəvi olaraq keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar dünya musiqisinin ən möhtəşəm nümunələrini dinləməklə yanaşı, Azərbaycan musiqisinin gözəl inciləri ilə də tanış olur, xalqımızın mədəniyyəti barədə aydın təsəvvür əldə edirlər. Fondun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi respublika muğam müsabiqələri və Beynəlxalq Muğam Festivalı Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, milli muğamımızı dünyaya tanıdıb. “Eurovision-2012” “ mahnı müsabiqəsinin Bakıda ən yüksək səviyyədə təşkil edilməsində də müsabiqənin Təşkilat Komitəsinin sədri Mehriban xanımın xidmətləri müasir musiqi mədəniyyətimizin və müsabiqənin tarixinə parlaq səhifə kimi daxil olub.

“Qızıl Ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülən Mehriban xanımın “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, “XXI əsrin böyük qadını” laureatı adına, UNESKO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına layiq görülməsi illərdən bəri çəkilən zəhmətə beynəlxalq səviyyədə verilən dəyərdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı “Heydər Əliyev mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.”

Fransanın “Şərəf Legionu” ordeninə layiq görülən, xeyriyyəçilik işlərində fərqlənən, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplayan Mehriban xanım Azərbaycan qadınlarının simvoludur.

Ölkəmizdə keçirilən Dialoq və forumlar göstərir ki, Şərq ilə Qərb arasında körpü olan Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin çox qədim və möhkəm kökləri vardır. Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanması, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının təmiri ilə bağlı layihələrin reallaşması Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələrdəndir. Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda təşkil olunan konfransın, Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusundakı beynəlxalq Forumun, Heydər Əliyev Fondunun dəstəyi ilə “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində keçirilmiş beynəlxalq konfransın məqsədi müasir dövrümüzdə xalqları düşündürən, narahat edən problemlərin həlli üçün səyləri birləşdirməkdir.

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təminatına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib. Birinci vitse-prezident kimi də milli mənəvi dəyərlərimizin qorunub-təbliğində təşəbbüskarlığını davam etdirən Mehriban xanımın UNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti, müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi mühüm nailiyyətdir. Məhz onun səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız Qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin, əlamətdar hadisələrin UNESKO çərçivəsində qeyd edilməsi də qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Ermənistan tərəfindən işğal olunan ərazilərimizdə tarixi, mədəni abidələrimizin erməni silahlıları tərəfindən məhv edilməsindən narahatlığını, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün UNESKO-nun mötəbər tribunasından bacarıqla istifadə edən xoşməramlı səfir Mehriban xanım vətəndaşlıq borcunu da yerinə yetirir.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi də Mehriban xanımın xidmətlərindəndir.

Sessiyada çıxış edən Mehriban xanım Əliyevanın vurğuladığı kimi, dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycanda milli mənəvi dəyərlərə dövlət səviyyəsində göstərilən diqqətdən bəhs edən Mehriban xanımın vurğuladığı kimi, 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmiş, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi” yaradılmışdar. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası Azərbaycan dövlətinin müxtəlif xalqlara məxsus mədəni irsin qorunması və zənginləşdirilməsi sahəsində apardığı siyasətin sadəcə bir neçə elementidir.

Respublikamızda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq və Humanitar forumların təşkilində də məqsəd sivilizasiyalararası əməkdaşlığı birlik və həmrəyliyə yönəltməkdir.

Sessiyadakı çıxışında ölkəmizin humanizmə və xalqların birliyinə yönəldilmiş təşəbbüslərini yüksək dəyərləndirən UNESKO-nun Baş direktoru Odre Azule bildirmişdir ki, UNESKO multilateralizm mövqeyindən çıxış etməklə xalqları narahat edən problemlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ən mötəbər tribunadır.

“Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir” söyləyən Baş direktor son zamanlarda müxtəlif ölkələrdə baş verən təbii fəlakətlər nəticəsində dağıntıya məruz qalan tarixi abidələrin bərpasına müxtəlif xalqların göstərdikləri dəstəyi beynəlxalq həmrəyliyin təzahürü adlandıraraq vurğulamışdır ki, bu xeyirxahlıq, birlik millətlərin sözdə deyil, əməldə sülh istəyinin ifadəsidir. Bu istəyin məqsədi dünya mədəni irsinin müxtəlifliyinin qorunması, bütün xalqlara fayda gətirməsidir: “Bu bizim ümumi tarixdə öz izini qoyacaq. Beynəlxalq həmrəylik daha yüksək sürətlə formalaşdırılmalıdır.” Mədəni və təbii irsin qorunması üçün normativ və hüquqi sənəd olan Konvensiyanın tələblərinə əməl etməklə, bu sahədə daha ciddi işləmək, yüzlərlə abidəni qorumaq və mühafizə etmək milliyyətindən asılı olmayaraq beynəlxalq ictimaiyyətin bəşəriyyət qarşısında ən vacib məsuliyyəti və öhdəliyidir.

Mehriban xanım Əliyevanın “Bu gün dünya bir dilemma qarşısındadır: ya dinlər və mədəniyyətlər arasında dialoq, tərəfdaşlıq və əməkdaşlıq qurulmasına doğru addımlamaq, yaxud da qeyri-dözümlülük, bölünmə və gərginliyə sürükləmək” sözləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında davam etdirilən müzakirələrin ana xəttini təşkil edir. Suriyada, İraqda, Fələstində, Liviyada, Türkiyədə, Azərbaycanda, Arakanda ... törədilən terrorlar, dini ayrı-seçkilik nəticəsində qətlə yetirilən insanlar, dağıdılan tarixi abidələr, miqrantlara qarşı göstərilən ədalətsizlik sivilizasiyamıza vurulan zərbədir. 8 aylıq fələstinli Leyla-ən Qəndurun, 3 yaşlı suriyalı Aylin Kürdinin, erməni gülləsindən həyatını itirən balaca Zəhranın vaxtsız ölümləri hər kəsi bir daha düşünməyə vadar edir.

Sessiyanın ilk günündə qəbul olunan Bakı Bəyannaməsində UNESKO-nun qarşıdakı illərdə həyata keçirəcəyi layihələrin əksini tapması göstərir ki, xalqların həmrəyliyinə, birliyinə ehtiyac aktuallığını qoruyur. Sessiya iştirakçılarının ölkəmizlə tanışlığı üçün təşkil olunan gəzintilər, tarixi yerlərə, qoruqlara ekskursiyalar, milli mənəvi dəyərlərimiz haqqında verilən ətraflı məlumatlar Azərbaycanın dünya sivilizasiyasına daha bir əyani təqdimatıdır.

Xuraman İsmayılqızı, “İki sahil”