13 iyul 2020 10:55
842

Bəşəriyyəti düşünən Lider

Həmid Pənahov: Dövlətimizin başçısı təkcə ölkəsini deyil, bütün bəşəriyyəti düşünən liderdir

“Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Prezident İlham Əliyev ölkəmizin  yüksəlişinə xidmət edən siyasi kursunu böyük qətiyyətlə, müdrikliklə, uzaqgörənliklə həyata keçirir. Azərbaycan dünyanın bir parçası olduğundan yaranmış vəziyyət ölkəmizi də ciddi sınaq qarşısında qoyub. Lakin bu gün dünyada koronavirusla qətiyyətli mübarizə aparan ölkələrin arasında Azərbaycanın adı birincilər sırasında gəlir. Eyni zamanda, ölkəmiz COVID-19-la qlobal mübarizəyə də mühüm töhfələr verir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov “İki sahil” qəzetinə açıqlamasında bildirib.

H. Pənahov qeyd edib ki, Qoşulmama Hərəkatının (QH) sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il may ayının 4-də QH-nın Təmas Qrupunun  Zirvə görüşünü pandemiya mövzusuna həsr etməsi tarixi əhəmiyyət daşıyırdı: “Elə Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı zamanı qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifini də irəli sürüb. Bu,  onu göstərirdi ki, artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, öz təkliflərini irəli sürən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir. Dünya ölkələrinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Cənab Prezidentin təşəbbüsünün 130-dan çox ölkənin yekdilliklə qəbul etməsi  Azərbaycanın beynəlxalq nüfuzu üçün də olduqca mühüm hadisədir. Bütün bunlar Azərbaycan Prezidentinin beynəlxalq miqyaslı problemlərin aradan qaldırılması yönündə irəli sürdüyü ilk təşəbbüslər deyil. Etiraf etməliyik ki, bu gün Azərbaycan dünyanın əsas ölkələrindən, cənab İlham Əliyev isə qlobal aləmin aparıcı liderlərindəndir”.

Rayon təşkilatının sədri, həmçinin onu da bildirib ki, bütün dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda dövlətimizin başçısının qəbul etdiyi məqsədyönlü qərarlar sayəsində Azərbaycan bu ağır xəstəlik qarşısında aciz qalmır. Yeni xəstəxanalar, tibb ocaqları tikilir, bir sözlə, vətəndaşların sağlamlığının qorunması istiqamətində əməli işlər görülür: “Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti daha da inkişaf edəcək, xalqımız xoşbəxt yaşayacaqdır. Əminliklə deyə bilərik ki, dövlətimizin başçısı müdrikliyi ilə təkcə öz ölkəsini deyil, bütün bəşəriyyəti düşünən bir liderdir”.  

Ceyhun Piriyev, “İki sahil”