06 may 2019 10:16
943

Bəşəriyyətin qorunması üçün insanların dialoqa ehtiyacı var

Bakıda “Ayrı-seçkilik, qeyri -bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi göstərdi ki, sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşən Azərbaycanın multikulturalizm, tolerantlıq sahəsində qazandığı zəngin təcrübə dünyada müsbət meyillərin təbliğində böyük əhəmiyyətə malikdir.

Qloballaşan dünyamız üçün bir-birindən maraqlı və əhəmiyyətli problemlərin müzakirə olunduğu beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi edən Azərbaycanın növbəti dəfə belə yüksək etimada layiq görülməsi bir daha təsdiqlədi ki, geosiyasi cəhətdən əlverişli məkanda yerləşən, tarixi, iqtisadi tərəqqisi ilə diqqəti cəlb edən ölkəmiz dünya siyasətinin , mədəniyyətinin, demokratiyasının inkişafında aparıcı mövqeyə malikdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatının, Avropa Şurasının və İSESCO-nun dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında dünya siyasətinin qlobal problemləri ilə bağlı müzakirələr aparılır, rəylər öyrənilir.

Məqsəd dünyada sabitliyin təmin olunmasına yönələn səylərin birləşdirilməsi, insanlara qarşı ədalətsiz yanaşmanın aradan qaldırılması, dini ayrı-seçkilik hallarına qarşı birgə mübarizənin gücləndirilməsidir.

100-dən artıq ölkədən gələn 500-dən çox qonağın, 30-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin təmsil olunduğu Forumda çıxış edən Prezident İlham Əliyev bildirib ki, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. Yəni məqsədi sülhə, həmrəyliyə, dini dözümlülüyə çağırış olan belə humanitar forumların coğrafiyasının genişlənməsi Azərbaycanın sülhsevər siyasətinin, xalqlararası münasibətlərin möhkəmlənməsinə göstərdiyi diqqətin nəticəsidir.

“Foruma göstərilən geniş beynəlxalq dəstək bizi ruhlandırır. Bu gün Forumun həmtəşkilatçıları arasında dünyanın aparıcı beynəlxalq təşkilatları var və bizim birgə səylərimiz mədəniyyətlərarası dialoqun təşviqi işinə töhfə verir” söyləyən cənab İlham Əliyevin vurğuladığı kimi əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı məkandır.

“Biz qədim tariximizlə fəxr edirik” söyləyən cənab İlham Əliyev diqqətə çatdırıb ki, dünyanın ən qədim məscidlərindən birinin Şamaxıda, Qafqaz Albaniyasına məxsus ən qədim kilsənin Şəkidə olması və bu günədək qorunması Azərbaycan xalqının mədəni müxtəliflik tarixinə, bütün dinlərə olan hörmətidir.

 Artıq bütün dünya ictimaiyyəti bu həqiqəti etiraf edir ki, milli münaqişələrin alovlandığı, fəlakətlərə səbəb olan dini radikalizmin gücləndiyi müasir dövrümüzdə multikulturalizm bütün xalqlar üçün həyat tərzi olmalıdır. Bu sahədə Azərbaycan təcrübəsinin təbliği, BMT tərəfindən yüksək dəyərləndirilməsi, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” “elan edilməsi Azərbaycanın tarixi irsinin, humanizm və xeyirxahlıq prinsiplərinə söykənən adət-ənənələrinin bəşəri dəyərlərlə eynilik təşkil etdiyini göstərir.

Bir neçə il bundan əvvəl Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Həmin mərkəzin köməyi ilə bir çox ölkələrin ali məktəblərində multikulturalizim fənni tədris olunur.

“Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir” söyləyən cənab İlham Əliyev bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, ənənəvi Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu siyasi inkişaf və mədəniyyətlərarası dialoqların müzakirəsi üçün çox vacib platformadır.

Yalnız bu cür tədbirlərin təşkili ilə dövlətlərarası tərəfdaşlığı, həmrəylik və əməkdaşlığı gücləndirmək, mədəniyyətlər arasında körpü yaratmaq mümkündür.

İslam Əməkdaşlıq Təşkilatında, Avropa təsisatlarında eyni zamanda təmsil olunan nadir ölkələrdən sayılan, təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında təşəbbüskarlığı ilə fərqlənən Azərbaycan mədəniyyət və dinlərarası münasibətlərin, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin möhkəmlənməsində də böyük rol oynayır. Azərbaycan ölkə daxilində, respublikadan kənarda qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür, sivilizasiyalararası körpü rolunu oynamaqla qitələri birləşdirir.

Forumda milli münaqişələr, separatizmin törətdiyi faciələrdən də danışılıb. Dövlət başçımız Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini beynəlxalq hüququn kobud şəkildə pozulması adlandıraraq bu günə qədər münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlarının yerinə yetirilməməsini ikili standartlardan yaranan ədalətsizlik adlandırıb.

Ölkəmizin düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan dünya birliyinin etibarlı tərəfdaşı kimi dəstəklənir. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. İslam dünyası və Avropa ölkələrini bir araya gətirən “Bakı Prosesi”nin davamlı olması, xalqlar və millətlər arasında körpülərin qurulması Azərbaycanın beynəlxalq birliyə verdiyi töhfədir.

Zaman göstərir ki, müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan qlobal layihələri reallaşdırmaq qeyri-mümkündür.

“Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir” sözləri ilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin Avropa və dünya dövlətlərinə göstərdiyi xidmətlərdən bəhs edən cənab İlham Əliyev ölkə iqtisadiyyatının sürətli inkişafı haqqında da Forum iştirakçılarına ətraflı məlumat verib.

Əməkdaşlıq, qarşılıqlı anlaşma və birgə fəaliyyət prinsipinə əsaslanan ölkəmizin daxili və xarici siyasətinin uğuru Azərbaycanın təşəbbüsü ilə dünyanın enerji və nəqliyyat xəritələrinin dəyişməsidir.

Azərbaycanın belə humanitar tədbirlərin təşkilindəki xidmətlərini yüksək dəyərləndirən qonaqlar ölkəmizin müasir dünyamızın hədəflərinə, çağırışlarına uyğun siyasətini də sülhə, sabitliyə töhfə adlandırdılar.

UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Nasif beynəlxalq mədəniyyətlərarası dialoq proqramlarının hədəflərindən söz açaraq bildirib ki, bu cür tədbirlər, Forumun əsas müzakirə mövzusu olan məsələlər bizim hamılıqla “daha az daha çox olacaqdır” konsepsiyasının prinsipi ilə çalışaraq təkmil bir strukturun yaradılmasına, təkliflərin əməli fəaliyyətə çevrilməsinə kömək edəcək. Nada Al-Nasif zorakılıq, etinasızlıq, münaqişələr, məcburi köçkünlərlə bağlı məsələlərdən bəhs edərək vurğulayıb ki, UNESCO-nun məqsədi təfəkkürlərdə sülh prinsipini formalaşdırmaq, hədəflərə doğru irəliləməkdir: “ BMT-də 2013-cü ildən bəri icra olunan beynəlxalq onillik proqramı mədəniyyətlərin dialoqunu təşviq edir. Bizim 10 illik proqramımız 2022-ci ildə başa çatacaq. Biz artıq nailiyyətlərimizi nəzərdən keçirərək 2022-ci ildən sonra nələr etmək barədə düşünəcəyik.”

UNESCO-nun təmsilçisi onu da bildirib ki, Bakıya toplaşmaqla əməli tədbirlərin, dinamik inkişafın, sosial-iqtisadi, siyasi mühitin güclənməsinin vacib olduğunu bir daha yəqin etdik. Beləliklə, faydalı, mənalı bir dialoq dini, irqi müxtəlifliyi daha yaxşı anlamağa kömək edəcək.

Forumda çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos “Zənnimcə V Forumun başlığı açıq-aydın ismarıcı ehtiva edir. Buraya üç açar söz daxildir: dialoq, dialoqun qurulması və fəaliyyət naminə. Mən istərdim ki, üçüncü konsepsiyanı incələyim. Dialoq, fəaliyyət və bunun nəticəsində yaranan alyans və yaxud ittifaq. Mən hesab edirəm ki, bu Forum vaxtında təşkil olunub” sözləri ilə belə humanitar təşəbbüslərin müəllifi olan Azərbaycana minnətdarlığını bildirib. BMT-nin Ali nümayəndəsi onu da vurğulayıb ki, dünya ictimaiyyətini narahat edən münaqişələrin kökündə din və iman dayanmır. Dinlə manipulyasiya edərək insanları bir-birinə qarşı qoyan qüvvələrlə birgə mübarizə aparılmalıdır.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Forumu Qərb və İslam dünyası arasında mədəniyyətlərarası dialoqa töhfə adlandırıb. İƏT-in Baş katibi vurğulayıb ki, biz münaqişələrin və qarşıdurmaların, həmçinin bərabərsizliyin aradan qaldırılmasına tərəflər arasında dialoqların təşkili ilə nail ola bilərik.

“Azərbaycan bizim üçün zəruri üzv ölkəmizdir. Bizim gənc, dinamik, demokratik dövlətdir. Avropanın bir hissəsində yerləşən bir məmləkətdir. Habelə nəinki, mədəniyyətlərarası dialoq, həmçinin məxsusi olaraq müzakirə etdiyimiz mövzu ilə bağlı aparıcı dövlətdir” sözləri ilə Azərbaycanın humanitar təşəbbüslərini dəyərləndirən Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni uğur tarixinə çevrilən “Bakı Prosesi” daxil olmaqla belə mühüm məsələlərin müzakirəsinə həsr olunmuş dialoqların təşkili üçün Azərbaycana minnətdarlığını bildirdi. AŞ-nin təmsilçisi vurğulayıb ki, mədəniyyətlərarası dialoq yanaşması mühüm və vacibdir. Bu yanaşma yaşadığımız çağdaş, mürəkkəb dünya üçün səciyyəvidir.

Münaqişə ocaqlarının yaranmasında başlıca amil olan separatizmin törətdiyi fəlakətlərdən söz açan İSESCO-nun Baş direktoru Əbdüləziz Osman əl Tuveycri Forumu sivilizasiyalararası münasibətlərə töhfə hesab etməklə işğalçılığı, terroru bəşəri bəla, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud olan ikili standartları yolverilməz adlandırıb: “Dünya Azərbaycana yardım etmir, dünya Azərbaycana ədalətsiz yanaşır. Ancaq bu torpaqlar yenidən Azərbaycana qovuşmalıdır. Bu sülhə aparan yoldur, bu dialoqun uğurlu olmasına aparan yoldur.”

Nəticə olaraq demək olar ki, qlobal problemlərlə “yüklənən” dünyamızda mədəniyyətlərarası, multikulturalizmlə bağlı dialoqların əsasını xalqların həmrəyliyi, dini zəmində qarşıdurma hallarının aradan qaldırılması, millətlər, sivilizasiyalar arasında münasibətlər sisteminin xeyirxah məqsədlər naminə istiqamətləndirilməsi kimi mühüm amillər təşkil edir. Azərbaycanın bu sahədəki təcrübəsinin müsbət nəticələri forumlarda yüksək qiymətləndirilərək özünü təcrid, başqa millətlərə, ayrı-seçkilik hallarına qarşı birgə mübarizənin əhəmiyyəti açıqlanır, risklər doğuran təhlükələrlə bağlı ümumi rəylər öyrənilir, faydalı təşəbbüs və təkliflər nəzərə çatdırılır.

Xuraman İsmayılqızı, “İki sahil”