21 yanvar 2020 20:50
990

Beyləqanlılar YAP-ın namizədini dəstəkləyirlər

2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Beyləyan rayon təşkilatı 81 saylı Beyləqan seçki dairəsi üzrə YAP-ın namizədi Şahin İsmayılovun təbliğat-təşviqat kampaniyasını davam etdirir. Yanvarın 21-də Şahin İsmayılovun Beyləqan rayonunun Şəfəq, Yuxarı Aran və Mayaq qəsəbələrində seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev bildirib ki, Şahin İmsayılov beyləqanlılar üçün doğma insandır. Onun Milli Məclisdəki fəaliyyəti ümumilikdə xalqımız və dövlətimiz üçün çox səmərəli olub.  İnanıram ki, beyləqanlılar bu seçkidə də partiyamızın namizədini yekdilliklə dəstəkləyəcəklər.

Görüşlərdə çıxış edən Şahin İsmayılov bildirib ki,  ölkəmiz bu gün çox böyük iqtisadi və siyasi islahatların ərəfəsindədir. Biz cənab Prezidentimizə bu işlərdə dəstək olmalıyıq. Ona görə də partiyamızın namizədlərinə dəstək olmaq dövlətimizin uğurlarına dəstək olmaq deməkdir.

Şahin İsmayılov görüşlərdəki çıxışlarında xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində respublikamız 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da Sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Nəticədə minimum əməkhaqqı il ərzində artırılaraq 250 manata, minimum pensiya isə 200 manata çatırııldı. Bundan başqa, ayrı-ayrı sahələrdə əməkhaqlarında növbəti addımlar həyata keçirildi.Hələ indiyə qədər Azərbaycanda bir ilin ərzində əməkhaqqı və pensiyaların bu qədər artırılması, iki sosial paketin həyata keçirilməsi faktına rast gəlinməmişdi. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla irəliləyir. Bunun ən başlıca səbəbi Azərbaycanda həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir.

Görüşlərdə çıxış edən çoxsaylı seçicilər Şahin İsmayılova səs verəcəklərini birmənalı şəkildə bildiriblər.

Elçin Zaman, “İki sahil”