30 yanvar 2019 10:24
212

Beynəlxalq normalar, Avropa Parlamenti və erməni arşını

Ermənistanda insan hüquqlarının pozulması, media azadlığının boğulması ilə bağlı kifayət qədər tutarlı faktlar var. Amma bir çox beynəlxalq qurumlar, o cümlədən Avropa Parlamenti işğalçı ölkədə adi hala çevrilmiş bu kimi halların üstündən sükutla keçib və keçməkdədir. Halbuki antiazərbaycan ünsürlər tərəfindən bu və ya digər quruma  ötürülmüş yalan, dəqiqləşdirilməmiş məlumatlara dərhal və aqressiv reaksiya verilir.

Bu günlərdə İrəvanın Nubaraşen təcridxanasında qondarma ittihamlarla saxlanılan və orada günlərlə aclıq aksiyası keçirən siyasi məhbus - “Haynews.am” saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan partiyası”nın sədr müavini Mqer Yeqiazaryan həyatla vidalaşdı. Məlumatlara görə, bu “dələduz” “məxməri inqilaba” dəstək vermədiyinə görə Nikol Paşinyan hakimiyyətinin qəzəbinə tuş gəlib. Odur ki, onun ölümü adi qətl kimi yox, siyasi qətl kimi dəyərləndirilir.  Bəzi erməni saytlarının yazdığı kimi, bu, dövlətin öz vətəndaşını necə öldürməsini əks etdirən bir nümunədir. Bu fakt həm də onu göstərir ki, işğalçı ölkədə başıpozuqluq, qətllər davam edir. Amma jurnalistin faciəli ölümü, eləcə də Ermənistanda hökm sürən digər özbaşınalıqlar hüquqdan, insan azadlığından, bəşəri normalardan ağızdolusu danışan heç bir Avropa deputatının vicdanını sızlatmadı. Halbuki bir müddət əvvəl Avropa Parlamentinin bir qrup deputatı Mehman Hüseynovun guya aclıq etməsi məsələsi ilə bağlı elə tozanaq qaldırdı ki... Üstəlik, heç bir əsası olmayan qətnamə də qəbul etdilər. Belə bir quruma, belə deputatlara, belə Avropa dəyərinə nə ad verəsən?

Bu suallar ətrafında dərindən düşünəndə belə qərara gəlmək olur ki, Avropa Parlamenti erməni lobbisi tərəfindən, sözün həqiqi mənasında, zəbt olunub. Başqa sözlə desək, bu qurum erməni lobbisinin yanında gözükölgəlidir. Onların, necə deyərlər, çirkli pulları bəzi siyasətçiləri, bəzi ictimai xadimləri özgə yola təhrik edib. Odur ki, Avropa Parlamenti Azərbaycan və Ermənistanla bağlı hər hansı bir adi məsələni beynəlxalq normalarla deyil, məhz erməni lobbisinin arşını ilə ölçür. Bu arşının ölçüsünü isə, hamıya məlum olduğu kimi, Azərbaycana qənim kəsilmiş erməni lobbisinin apardığı məkrli siyasət, yəni ölkəmizin imicinə ləkə vurmaq təşkil edir.

Siyasi ekspert Elxan Şahinoğlu “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Ermənistanda baş vermiş belə halların qanunlar çərçivəsində müzakirəsi Avropa Parlamentinin və onun deputatlarının maraq dairəsində deyil: “Məsələn, 2008, 2013 və 2018-ci illərdə Ermənistandakı seçkilər kütləvi pozuntularla müşayiət olundu, amma nəinki ATƏT, heç AŞPA da səsini çıxarmadı. Yaxud bir kimsə soruşmadı ki, 2013-cü ildə Ermənistanda səslərin 50 faizdən çoxunu toplayan bir kəs bəs necə olur ki, 5 ildən sonra heç 5 faiz də səs toplaya bilmir? Necə deyərlər, sanki bu, belə də olmalıymış”.

Ekspertin fikrincə, baş vermiş son olay  bir daha sübut edir ki, həmin qurumlar hələ də Ermənistanı himayə etməkdə, işğalçı ölkəni dəstəkləməkdə, bununla da onu növbəti qanun pozuntularına sövq etməkdədirlər: “Bu, reallıqdır, bu, həqiqətdir. Elə bu səbəbdən də artıq neçə ildir ki, onların anti-Azərbaycan mövqeyi dəyişmir. Sadəcə olaraq Azərbaycan dəyişir, Azərbaycan güclənir. Elə bu müsbət dəyişmə ilə də Azərbaycan həmin erməni arşınının heç bir beynəlxalq normaya uyğun gəlmədiyini sübuta yetirir, onların maskalarını yırtır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan o ölkəyə çevrilib ki, bizə təzyiq etmək, bizi şantaj etmək mümkün deyil: “Qara yaxmaq, böhtan yaymaq olar, ancaq bunlar bizə yapışmır”.

Ekspert, həmçinin vurğuladı ki, bütün bunlar həm də həmin qurumların hələ  ikili standartlarla fəaliyyət göstərmək xəstəliyindən əl çəkmədiklərindən xəbər verir: “Güman etmək olar ki, bir gün gələcək onların bu xəstəliyinin də müalicəsi tapılacaq. Axı dünya hələ yaxşılardan, doğrulardan xali deyil”.

Qvami Məhəbbətoğlu, “İki sahil”