22 aprel 2019 10:39
1239

Beynəlxalq yükdaşıma zəncirinin mühüm həlqəsi

Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra ölkəmizə maraq daha da artıb. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən, sabitliyə və təhlükəsizliyə xidmət edən Bakı-Tbilisi-Qarsın istismarı nəticəsində xəttin keçdiyi ərazilərdə yerləşən ölkələr arasında iqtisadi əlaqələr genişlənmiş, ticarət dövriyyəsinə qarşılıqlı sərmayə qoyuluşu artmışdır.

Bu yolun uğurlu fəaliyyəti Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla ölkələrarası əməkdaşlığı möhkəmləndirir. Biznesin inkişafı, faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini etiraf edən dövlətlər qlobal layihələrin həllində təşəbbüskarlığı ilə fərqlənən Azərbaycanla münasibətlərin möhkəmlənməsində maraqlıdırlar. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası olduğu üçün Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri bu xətdən istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi isə Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu istismara verildikdən sonra Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün də əsas tərəfdir. BTQ kimi önəmli layihə olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirdi.

“Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin” söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi tarixi hadisə olan bu yolun işə düşməsi ilə Azərbaycan ərazisindən böyük həcmdə yüklərin Şərqdən-Qərbə, Qərbdən-Şərqə daşınması daha əlverişli şərtlərlə başa gəlir. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan artıq olsa da, maraqlı ölkələrin sayı bununla məhdudlaşmır. Əsas diqqət çəkən məsələ odur ki, hər iki layihədə iştirak edən yeganə ölkə, iqtisadi qüdrəti artan Azərbaycandır. Bu şans ölkəmizin Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilməsi imkanlarını artırır.

BTQ ilə yüklərin daşınması bütün parametrlərə görə yük göndərən və yük qəbul edən tərəflər üçün daha sərfəlidir. Texniki imkanları baxımından da geniş imkanlara malik BTQ səmərəsinə görə fərqlənir. Başqa marşrutlarla Çindən İngiltərə, Fransa-Almaniya kimi ölkələrə yükdaşıma müddəti təxminən 42-62 gündür. BTQ vasitəsi ilə həmin yükləri ünvanlarına 12-15 günə çatdırmaq təbii ki, hər iki tərəf üçün iqtisadi və maliyyə, strateji baxımdan daha sərfəlidir. Bu kimi amillər isə BTQ-yə marağı daha da artırır. Buna görə də yaxın gələcəkdə bu xətlə yükdaşımaların sürətlə artması müşahidə ediləcək.

Bu yola artan marağın ifadəsi Orta Asiya ölkələri və Əfqanıstanla əməkdaşlığın genişlənməsi, həmin ölkələrin yüklərinin Azərbaycan üzərindən Avropaya və əks istiqamətə daşınmasıdır. Türkmənistanla əldə edilmiş razılaşmaya görə digər Orta Asiya ölkələri, Əfqanıstan öz yüklərini Türkmənistandan keçməklə Azərbaycan ərazisindən Şərq-Qərb dəhlizi ilə dünya bazarlarına çıxaracaqlar. Beləliklə, Əfqanıstanın “Lapis-Lazuli” layihəsi Bakı-Tbilisi-Qars ilə birləşdirilir.

BTQ-nin Avropadan Asiyaya ən qısa dəmir yol əlaqəsini təmin etməsi böyük beynəlxalq təşkilatların da ona marağını artırıb. NATO rəsmiləri belə BTQ-nin regional və təhlükəsizlik baxımından əhəmiyyətini yüksək dəyərləndirirlər. NATO-nun rəhbərliyi altında Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına BTQ-nin əhəmiyyətli dəstəyi, hərbi qüvvə və multimodal tranzitə töhfə verdiyi rəsmi olaraq bildirilir.

Əvvəllər NATO-nun yükləri Əfqanıstana Pakistan üzərindən çatdırılırdısa, hazırda Şimal Alyansının yükləri Azərbaycan üzərindən, Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə daşınır.

Qeyd edək ki, bu il aprelin əvvəlində ilk dəfə olaraq İstanbuldan yola düşən beynəlxalq yük qatarı Bakıya çatıb. Təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə həyata keçirilib.

Təməli qoyulduğu ilk gündən deyildiyi kimi Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasında məqsəd təkcə yükdaşımalar deyil, Asiyadan Avropaya və əks istiqamətdə hərəkət edəcək marşrutlarla sərnişin daşımasını da təmin etməkdir. BTQ ilə sərnişin daşımalarının da 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur ki, bununla da dəmir yolu rentabelli marşruta çevriləcək”.

Bakıda sərnişinlərin daşınmasını təmin edəcək vaqonlarla tanış olan Prezident İlham Əliyevə bildirildi ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı ən müasir səviyyədədir. Sərnişinlərin rahatlığı üçün lazımi şəraitin yaradıldığı, saatda 160 kilometr sürətlə hərəkət edəcək, 246 yerlik vaqonlar “standart”, “komfort”, “biznes”, “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Vaqonlar dizel generator avadanlığı ilə təmin olunduğundan lokomotivdə cərəyan olmadıqda belə 24 saat elektrik enerjisi ilə təminat mümkün olacaq. Çinin Sinxua agentliyinə müsahibəsində genişlənən Azərbaycan- Çin münasibətlərindən bəhs edən Prezident İlham Əliyev “Bir kəmər, bir yol” layihəsini əsas prioritet kimi də dəyərləndirib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.”

Vurğulanıb ki, Asiya və Avropanı birləşdirən, tarixi İpək Yolu üzərində yerləşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutudur.

Pekində keçiriləcək “Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumunda əlaqələrin dərinləşdirilməsi, geosiyasi vəziyyətin, sabitliyin təminatına töhfələr verəcək bu yolun səmərəsindən də bəhs olunacaq. Mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edən “Bir kəmər, bir yol” təşəbbüsü BTQ-nin geosiyasi, iqtisadi səmərəsini, coğrafi əhəmiyyətini daha da artıracaq.

Xuraman İsmayılqızı, “İki sahil”