07 avqust 2020 18:30
934

Beyrutda baş vermiş partlayışda xarici müdaxilə izi

Beyrut limanında baş verən partlayışın bir neçə versiyası, o cümlədən səhlənkarlıq, bədbəxt hadisə və xaricdən müdaxilə ehtimalları nəzərdən keçirilir.

Al Arabiya telekanalı xəbər verir ki, bu barədə Livan Prezidenti Mişel Naim Aun deyib.

“Beyrut şəhərində baş vermiş partlayışın araşdırılması üzrə formalaşan istintaq qrupu bir neçə versiyanı, o cümlədən səhlənkarlıq, bədbəxt hadisə və xaricdən müdaxilə ehtimallarını nəzərdən keçirir”, - deyə Livan Prezidenti bildirib.

Mişel Naim Aun partlayışın səbəbini tapmaq məqsədi ilə hadisə yerində aero-foto çəkiliş aparmaq üçün Fransaya müraciət etdiyini də deyib. O, həmçinin heç kimin ədalət mühakiməsindən yayına bilməyəcəyini və faciədə günahı olanların hamısının cəzalanacağını qeyd edib.

Xatırladaq ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Son məlumata görə, hadisə nəticəsində 150-dən çox insan həlak olub, 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb, 300 min insan isə evini itirib. Partlayışın ölkəyə ən azı 3 milyard dollar zərər vurduğu bildirilir.

Livanın hakimiyyət orqanlarının məlumatına görə, faciəyə altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitratın partlaması səbəb olub.