14 noyabr 2019 19:18
1031

“BİR KƏMƏR, BİR YOL”

Layihə Azərbaycanı mühüm tranzit ölkəyə çevirəcək

Avrasiyanın tarixinə yazılacaq hadisə baş verib. Belə ki, bu günlərdə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çinin Sian şəhərindən yola düşən “China Railway Express” (“Çin Dəmiryolu Ekspresi”) yük qatarı Azərbaycandan keçərək Avropaya çatıb.

“China Railway Express” Ankarada Türkiyənin rəsmi şəxsləri tərəfindən qarşılanaraq yola salınandan sonra “Marmaray” tunelinə daxil olub. Uzunluğu 820 metr təşkil edən, konteyner yüklü 42 vaqondan ibarət olan qatar artıq Avropaya keçib.

Çindən Avropaya fasiləsiz hərəkət edən ilk yük qatarı olan “China Railway Express” 2 qitə, 10 ölkə, 2 dənizi aşaraq 11483 kilometrlik yolu 12 günə qət edəcək, sonda Çexiyanın paytaxtı Praqaya çatacaq. Yüklərin Bakı-Tbilisi-Qars dəmiryol marşrutu ilə, İstanbuldakı “Marmaray” tunelindən yararlanmaqla ortaq nəqliyyat dəhlizi ilə daşınması digər beynəlxalq marşrutlarla müqayisədə zamana və maliyyəyə xeyli qənaət etməyə imkan verir.

Belə ki, Azərbaycan və Çin arasında yeni razılaşmalar, müqavilələr imzalanıb. Bir sözlə, Bakı ilə Pekin arasında əlaqələr daha da möhkəmlənir. Bu əlaqələrin güclənməsində hər iki ölkənin fundamental məsələlərdə ortaq mövqedən çıxış etmələri də mühüm rol oynayıb. Son dövrlər Azərbaycanla Çin arasında münasibətlər dinamik inkişaf tempinə malikdir. Hər iki dövlət Çinin möhtəşəm layihəsi olan “Bir kəmər, bir yol” layihəsində yaxından iştirak edir. Xüsusən də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı sahəsində geniş imkanlar mövcuddur.

Fundamental məsələlərdə Bakı ilə Pekin ortaq mövqedən çıxış edirlər. Ölkəmiz üçün fundamental məsələ ərazi bütövlüyü məsələsidir. Azərbaycan vahid Çin ideyasını dəstəkləyir. Anoloji olaraq Pekin də birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Bu da iki dövlətin mövqeyini siyasi baxımdan yaxınlaşdıran həlledici amildir.

Çin üçün Azərbaycanın iqtisadi rolu mühüm əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, Çin enerji ehtiyatlarının kasad olduğu ölkələrdəndir, bu baxımdan Bakı ilə Pekinin enerji təminatı sahəsində əməkdaşlığı üçün də yaxşı perspektivlər var. Ölkəmiz təkcə neft deyil, qeyri-neft sahəsində də əməkdaşlıq üçün potensial imkanlara malikdir. Xüsusən də turizm sahəsində əlaqələrin inkişafı nəzərdən keçirilən məsələlər sırasındadır. Bütövlükdə siyasi dialoqun yüksək səviyyədə olması, xüsusən də son zamanlar Çindən ölkəmizə gələn nümayəndə heyətinin artması, Pekinin Azərbaycana yeni səfirinin təyin edilməsi, iki ölkə arasında daha uğurlu gələcək perspektivlər üçün olduqca vacibdir.

Çinlə əlaqələrimizin yüksək olması Azərbaycan üçün iqtisadi baxımdan olduqca əlverişlidir. Azərbaycan qeyri-neft sektorunun inkişafında maraqlıdır. Turizm isə bu sektorda həlledici sahələrdən biri sayılır. Dünyada 130 milyondan çox çinli turist var. Bu mənada həmin turistlərin Azərbaycana cəlb edilməsinə ölkəmiz maraqlıdır. Həmin tendensiya inkişaf etməkdədir. Kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı istiqamətində də fikir mübadiləsi aparılıb. Ümumiyyətlə, Çinlə bütün sahələrdə əməkdaşlığın genişlənməsi milli maraqlarımıza tam cavab verir.

Tarixi İpək Yolunun yenidən bərpasına hədəflənən “Bir kəmər, bir yol” (One Road One Belt) layihəsi, Çin məhsullarının bir neçə istiqamətdə qərb bazarlarına çıxarılmasını təmin edərək, rəsmi Pekinin dünya iqtisadiyyatında dominantlığını gücləndirmək məqsədi daşıyır. Layihənin dəhlizi Mərkəzi Asiya - Cənubi Qafqaz regionundan keçdiyi üçün, “Bir kəmər, bir yol” çərçivəsində Azərbaycanın əhəmiyyəti təbii olaraq, nəzərdən yayına bilməz. Adıçəkilən layihə çərçivəsində ölkəmizin qazanacağı iri həcmli gəlirlər, Azərbaycanın daha da inkişaf etməsinə və qlobal ticarətdə mühüm tranzit ölkəyə çevrilməsinə yol açacaq. Bu faktor isə geosiyasi proseslərdə Azərbaycanın sözünün çəkisinin tədricən artmasına gətirib çıxara bilər.

Cavid Əkbərov, “İki sahil”