19 noyabr 2019 20:14
1276

Bir kəndin sevinci

Quba rayonunun Xanəgah kəndinin tən ortasından keçən Cağacuq çayının üzərində taxtadan düzəldilmiş sınıq-salxaq bir körpü vardı. Bu körpü günün tələblərinə cavab vermədiyindən, daha doğrusu, üzərindən keçmək mümkün olmadığından kənd sakinlərinə çox acılar yaşadırdı. Məsələn, kənd sakini Əlfida Əlibabayev bu çayda 2 məktəbli övladını itirib. Belə ki, 1991-ci il may ayında çayda güclü sel olarkən dərsə gedən uşaqlar suda boğulublar. Mövsüm Həsənovun  8 yaşlı bacısı qızı da selin qurbanı olub. Kənd sakinləri bütün bunlar barədə həyəcan təbili çalsalar da, uzun müddət onların səsinə səs verən olmayıb.

...Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Qubada vətəndaşların səyyar qəbulunu keçirərkən bir qrup kənd sakini körpü tikintisi ilə əlaqədar ona müraciət etdilər. Vəziyyətlə tanışlıqdan sonra yeni körpünün tikintisinə başlanılıb. Düz bir ay əvvəl isə 20 metr uzunluğunda, hərəkət zolağı 6 metr olan dəmir konstruksiyalı körpü sakinlərin istifadəsinə verilib. Təbii, bu, kənd sakinlərinin çox böyük sevincinə səbəb olub. Lakin iş bununla yekunlaşmadı. Belə ki, Xanəgah kəndində rayon icra hakimiyyətinin başçısı tərəfindən səyyar qəbul keçirilərkən sakinlər başçıya müraciət edərək kəndin tən ortasından keçən Cağacuq çayının üzərində daha 2 körpünün tikintisinə də böyük ehtiyac olduğunu bildirdilər. Nəticədə, bu günlərdə yeni inşa olunmuş 2 körpü də sakinlərin istifadəsinə verilib. Qeyd edək ki, həmin körpülərdən birinin uzunluğu 10, eni isə 6 metrdir. Digəri isə 1,5 metr diametrli boruların üzərində quraşdırılıb.

68 yaşlı kənd sakini Qələmşah Rəhimov qəzetimizə  açıqlamasında bildirdi ki, hazırda kənd sakinlərinin sevincinin həddi-hüdudu yoxdur: “İndi uşaqlarımız məktəbə gedib-gəlməkdə heç bir çətinlik çəkmirlər. Göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarıq”.  Əlfida Əlibabayev da, Zülfüqar Fərzəliyev də göstərilən qayğıdan ürək dolusu söz açdılar və bu görülmüş işlərin digər görüləcək işlərə  vəsilə olacağını əminliklə vurğuladılar.

Quba rayon icra hakimiyyəti başçısının Rustov inzibati ərazi dairəsi üzrə nümayəndəsi Behbud Rəhimov bizimlə söhbətində  son illər respublika miqyasında görülən sosialyönümlü işlərdən də söz açdı. Bildirdi ki, qısa zaman kəsiyində bu qədər sosial layihələri həyata keçirmək hər ölkəyə nəsib olmur: “Bu gün demək olar ki, ucqar kəndlər belə cənab Prezidentimizin diqqəti sayəsində öz inkişafının yeni mərhələsini yaşayır. Məsələn, 2 ildir inşasına başlanılan Quba-Qonaqkənd yolunda tikinti işləri başa çatdırılmaq üzrədir. Belə ki, gələn il yola ikinci asfalt qat döşənərək istismara veriləcək. Alpan-Susay-Xınalıq avtomobil yolunda da qızğın iş gedir. Bakı-Quba yolunun 151-ci kilometrliyindən Talabıqışlaq-Xaroşa-Talabı-Töhmər kəndlərini keçməklə Qamqam  kəndinə çıxış məqsədilə yeni yolun inşasına  start verilib. Yeri gəlmişkən, onu da deyim ki, kənddaxili yollarımıza da asfalt döşənib. Məsələn, elə Xanəgah kəndində körpüdən qəbiristanlığa qədər olan məsafə asfaltlanıb. Rayonumuzda bir çox yaşayış məntəqələrinə təbii qaz xətlərinin çəkilməsi davam etdirilir. Hazırda rayonda 11 kəndə, o cümlədən Qonaqkənd qəsəbəsinə qaz xətti çəkilir. Onu da deyim ki, Qubada yaşayış məntəqələrinin təbii qazla təminatı əhalinin rifah halının yüksəlməsi ilə yanaşı, ərazidəki meşələrin qorunması üçün də mühüm əhəmiyyətə malikdir. Bu gün Quba şəhəri də abadlaşır, öz füsunkarlığını artırır. Dövlət Bayrağı Günü və Konstitusiya Günü ərəfəsində şəhərin 28 May Mədəniyyət və İstirahət parkının açılışı buna əyani sübutdur. Bütün bunlar ölkə vətəndaşlarının güzəranının yaxşılaşdırılması üçün atılan növbəti addımlardır. Bu isə sosial rifahın yüksəldilməsinə dair həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin miqyasının getdikcə daha da artdığını göstərir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”