Eşqi, muradı günəşdən nur alan işıqlı insanlardan biri Fəzail Əmir oğlu Ağayev 1961-ci ildə Lerik rayonu, Musavar kəndində dünyaya göz açmışdı.. Vətəninə, xalqına, torpağına bağlılıq lap uşaqlıq yaşında onun qəlbinə hakim kəsilir. Orta məktəbi bitirəndə vətənpərvərliyi, humanistliyi onun gördüyü işlərdə özünü göstərir. Amalı , məqsədi insanların səadəti, el-obanın tərəqqisi üçün çalışmaq olur.
Fəzail 2 il Rusiyanın Perm şəhərində Sovet Ordusu sıralarında xidmət edir. Ağılı, həyata baxışı, yüksək mənəviyyatı ona hərbi hissədə böyük nüfuz gətirir. Onun mənəvi dünyasında yer tutan vətənə fayda vermək əzmi, qətiyyəti burada da özünü göstərir.
Əsgərlikdən sonra Fəzail Bakı Energetika Texnikumunda təhsil alır. Lerik elektrik şəbəkəsində işə düzəlir. İşinə vicdanla yanaşır, əqidə və əməl adamı olaraq saf, ülvi dəyərlərlə ürəkləri sevindirir. Necə deyərlər, el-obada yaxşılıq edə-edən, özü də yaxşılıq gözündə ucalır. Fəzail çox keçmir ki, Lerik camaatı üçün etdiyi işlərlə öyünməyə mənəvi haqqı olandan birinə çevrilir.
Vətən Fəzail üçün hər şeydən əzəl idi. Onu düşməndən təmizlənməyi müqəddəs iş sayırdı. Könüllü olaraq ön cəbhədə erməni dığalarına qarşı mübarizəyə qalxır. Təki vətən yaşasın deyə ölümlə üz-üzə dayanır. Qanlı müharibə həm də Fəzailin cəsurluğunu, vətənpərvər olduğunu üzə çıxardır. O, həmişə qaynar nöqtələrdə olur, dığaların layiqlini cavabını verə bilir. Bir müddət Goranboy rayonunda döyüşdükdən sonra Füzuliyə gedir. Burda da iştirak etdiyi döyüşlərdə cəsurluq, igidlik, mərdlik nümayiş etdirir. 1994-cü ildə rayonun strateji yüksəklikləri əla keçirmək uğrunda qanlı vuruşda həlak olur.
İndi həmin gündən düz 25 il keçir. Fəzail vətən, torpaq yolunda şəhid olduğu üçün bütün Lerik camaatı onun qəhrəmanlığı ilə fəxr edir, belə şərəfli bir ömür yaşamaq arzusu ilə qurub-yaradırlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü