30 noyabr 2020 20:20
930

Bitkoin nədir? Kriptovalyuta bazarı yenidən yüksələcəkmi?

 Maliyyə mütəxəssislərinin 90 %-dan çoxu hesab edirdi ki, Bitkoinin heç bir perspektivi olmayacaq. Virtual pul yaranarkən, çoxları onun tezliklə yarandığı kimi də yox olacağını təxmin edirdilər. Lakin bu baş vermədi, artıq on ilə yaxındır ki, bitkoin mövcuddur və bundan əlavə, kriptovalyuta davamlı olaraq inkişaf edir. Getdikcə daha çox insan bu rəqəmsal valyutaya maraq göstərir.

 Bəs siz kriptovalyutalarla bağlı nə bilirsiniz? Aşağıdakı bu haqda eşidib-bilmədiyiniz məlumatları öyrənə bilərsiniz:

 Hazırda dünyada ən məşhur kriptovalyuta olan bitkoinin yaradıcısı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi tərəfindən axtarışa verilib. Bu haqda fərqli dedi-qodular da yayılıb. Bəziləri deyirlər ki, Satoşi Nakomoto adı altında axtarılan şəxs riyaziyyat üzrə professor olan Şiniçi Moçizukidir, ikinci versiyaya görə ilk dəfə bitkoin mübadiləsi edən şəxs Hel Finni olub. Digər versiyada isə həmin şəxsin çoxdan tapıldığı, lakin adının mediadan gizli saxlanıldığı bildirilir.

 2013-cü ildə prestijli jurnal olan “Business Insider” Nokomotonu ilin ən heyrətamiz insanı elan etdi. Lakin qəribəsi isə odur ki, həmin şəxs hələ də cəmiyyətə məlum deyil. Belə bir fərziyyə də var ki, bu ad tək bir şəxs deyil, bütöv bir qrupu əhatə edir.

 Versiyalardan birinə görə isə Satoşi Nakomoto iri şirkətlərin adlarının qısaldılması ola bilər: “Samsung”, “Toshiba”, “Nikamishi” və “Motorola”. Həqiqətə bənzəyirmi?! Yeri gəlmişkən, 2015-ci ildə Satoşi hətta Nobel mükafatına da layiq görüldü.

 İlin əvvəllərində bitkoinin təxminən 14 min sətir “C++” kodu var idi, hazırda isə bu rəqəm ciddi şəkildə yüksəlib, 70-80 min sətir təşkil edir. Kəmiyyət hələ də artmaqda davam edir.

 Mövcud kriptovalyutanın 65 %- i indiyədək artıq mübadilədə, xidmət və ya məhsul haqqı kimi  istifadə edilib. Hazırda kriptopul bir qədər durğunluq yaşayır, lakin çoxları hesab edirlər ki, virtual valyuta yenidən yüksələcək.

  Bitkoin şəbəkəsinin yaradılması üçün “SHA 256” adlı şifrələmə strukturu istifadə edilir.

 Günümüzdə hətta bəzi universitetlər təhsil haqqını bitkoin ilə qəbul etməyə başlayıblar. İlk dəfə bu addımı Kiprin Nikosiya Universiteti atdı. 2017-ci ildə Yaponiyada bitkoin mal və xidmətləri ödəmək üçün qanuni ödəmə üsulu hesab olunmağa başladı.

 Bir Bitkoin köçürməsi bank kartı üzrə pul köçürməsindən təxminən 3994 dəfə artıq enerji işlədir.

  Artıq bitkoin cüzdanları da mövcuddur. Lazım gələrsə, bütün gizli və açıq şifrələrinizi  özündə birləşdirən bir sənəd çap edə bilərsiniz. Bu sənəd QR kodu xatırladır,  istədiyiniz zaman skan etməklə istifadə edə bilərsiniz.

Nubar Süleymanova,

“İki sahil”