09 yanvar 2020 20:32
792

Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq

Dövlətimizin başçısı İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində “Türk axını” qaz kəmərinin və Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edərək, onların rəqib layihələr olmadığını əsaslı şəkildə diqqətə çatdırmışdır

Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə  regional əməkdaşlığın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırmaqla növbəti layihələrin gündəmə gətirilməsinə yol açır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu mühüm məqamı xüsusi qeyd edir ki, əvvəlcə üçtərəfli regional əməkdaşlıq formatı yaradılmışdır.

Azərbaycan, Gürcüstan və Türkiyənin siyasi iradəsi və qətiyyəti sayəsində reallaşdırılan BTC və BTƏ neft-qaz kəmərləri beynəlxalq əməkdaşlığa geniş imkanlar yaratdı. 2014-cü ildə təməli qoyulan və 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın nümunəsi kimi dəyərləndirilir. Hər il ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında arxada qalan bir ilin hesabatı və qarşıdakı dövr üçün görüləcək işlər açıqlanaraq, bu mühüm məqam xüsusi qeyd olunur ki, enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir.

Ötən ilin fevralında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dövlətimizin başçısı bildirmişdir ki, enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi üçün vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə yatırmaq və neft çıxarmaq imkanı əldə etdilər. Azərbaycan isə ixracı mümkün qədər artırdı və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu, Azərbaycan ilk dəfə olaraq beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi. Halbuki ölkəmiz BTƏ qaz kəməri istifadəyə verilənə qədər  təbii qazı idxal edirdi.

2018-ci ilin fevralından 2019-cu ilin həmin dövrünə qədər Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurlara diqqət yetirsək, görərik ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, onun əsas seqmentlərindən olan TANAP-ın da istifadəyə verilməsi  beynəlxalq aləmdə geniş müzakirə olunan hadisələrdən oldu. “Bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin dörd elementindən üçünün artıq hazır olduğunu, TAP-la bağlı işlərin təxminən 90 faizdən çoxunun görüldüyünü diqqətə çatdırır.

Yaxın zamanlarda ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısı keçiriləcək. Ötən bir ilin mühüm uğuru Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrikində də bu mühüm hadisəyə xüsusi diqqət yönəltmişdir: “Bu il TANAP layihəsi istismara verildi, bu, tarixi layihədir. TANAP artıq Avropa İttifaqı sərhədinə çatdırıldı. Biz bu tarixi hadisəni bu ilin noyabr ayında böyük təntənə ilə qeyd etmişik. TANAP Cənub Qaz Dəhlizinin bir hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri və TANAP artıq reallığa çevrildi. Dördüncü layihə - TAP, o da artıq uğurla icra edilir və bu layihənin icra səviyyəsi 90 faizi ötübdür. Biz Avropanın, Avrasiyanın energetika və nəqliyyat xəritəsini yenidən cızırıq. Biz bu layihənin təşəbbüskarı olmuşuq. Biz əsas yükü - həm maliyyə, həm texniki məsuliyyəti öz üzərimizə götürmüşük və tərəfdaşlarla birlikdə bu nəhəng və böyük əhəmiyyət kəsb edən layihəni uğurla icra edirik.”

Dövlətimizin başçısı İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində bu hadisəni iki dost, qardaş ölkənin birgə səylərinin nəticəsi olan növbəti uğur kimi də dəyərləndirərək bildirmişdir ki, bu günə qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilməsəydi, bu gün TANAP haqqında danışmaq mümkün olmazdı. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilib. Bunun böyük hissəsini-400 milyon tondan çoxunu Azərbaycanın, 27 milyon tonunu Türkmənistanın, 12 milyon tonunu Qazaxıstanın, 7 milyon tonunu Rusiya nefti təşkil edir.

İki dost, qardaş ölkənin dərin tarixi köklərə malik olması biri-birindən əhəmiyyətli enerji və nəqliyyat layihələrinin uğurlu icrasından aydın görünür. Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlib. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı sayəsində həyata keçirilən layihələr regionun inkişafında, Avropa və Asiya arasında mühüm enerji, kommunikasiya dəhlizinin yaradımasında böyük rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP layihəsi uğurlu əməkdaşlığın parlaq nümunələridir. Bu əminlik də hər zaman  ifadə edilir ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərin gerçəkləşməsində mühüm rol oynayaraq ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcək.

Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, bu gün Azərbaycan və Türkiyənin bu sahədə biri-birindən önəmli uğurlara imza atdığını daha aydın görə bilərik. Ən qüdrətli dövlətlərin iqtisadi inkişafının əsas amili kimi diqqət yetirilən enerji təhlükəsizliyinin təminatında böyük rolu olan Türkiyə və Azərbaycanın gələcəkdə daha böyük layihələrin təşəbbüsçüsü olacaqlarına, maraq doğuracaqlarına inamların tükənməzliyi bu gün də aktuallığını qoruyur. “Bu, onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün məsələləri birgə səylərlə, birgə iradə ilə, Türkiyə-Azərbaycan qardaşlığı əsasında həll edirik” kimi sözləri ilə bölgədə əməkdaşlığın genişlənməsi üçün yaranan böyük imkanlardan səmərəli istifadəni bütünlükdə dünya dövlətləri arasında əməkdaşlığın genişlənməsi üçün gərəkli hesab edən Prezident İlham Əliyev dövlətlər, xalqlar arasında körpü rolunu oynayan layihələrin hər iki dövlətin siyasi iradəsi və qətiyyəti əsasında gerçəkləşdiyini bildirir. “TANAP ortaq baxışımızın ən son bəhrəsidir” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, bildirmişdir ki, TANAP, həmçinin qarşıdakı illərdə həyata keçirəcəyimiz yeni layihələrin də müjdəsidir.

Yanvarın 8-də Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri istismara verildi. Açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, həmçinin Serbiyanın dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan Prezidenti Boyko Borisovun iştirakı ilə keçirilmişdir.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15, 75 mlrd. kubmetrdir.

İlk xətdən gələn təbii qaz Serbiyanın qərbindən keçəcək. İkinci xətt isə Türkiyə üzərindən Cənubi Avropaya Rusiya qazını ixrac edəcək.

Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdir ki, Rusiya-Türkiyə münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. “Türk axını” vasitəsilə tədarük ediləcək qaz Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu qaz kəməri təkcə Türkiyə və Qara dəniz regionu iqtisadiyyatı üçün deyil, bir çox Cənubi Avropa ölkəsinin inkişafına müsbət təsir göstərəcək.

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov layihənin əhəmiyyətindən bəhs edərək bildirmişdir ki, Türkiyə ilə Rusiya, eləcə də Azərbaycanla Türkiyə arasında həyata keçirilən layihələr ümumilikdə regionun inkişafına xidmət edir. Bu layihələr hər üç dövlətin iqtisadi inkişafına böyük töhfələr verməkdədir.

Prezident İlham Əliyev “Rossiya-24” televiziya kanalına müsahibəsində “Türk axını” qaz kəmərinin əhəmiyyətindən bəhs etməklə yanaşı, Cənub Qaz Dəhlizinin bu layihəyə rəqib olması ilə bağlı səsləndirilən fikirlərə də münasibətini açıqlamışdır. Dövlətimizin başçısı  “Əlbəttə, Rusiya və Azərbaycan dedikdə həmişə iri enerji layihələri yada düşür. Biz burada həm də tərəfdaşlarıq. Bizi rəqiblər də adlandırırlar. Bunun nə dərəcədə əsaslı olduğunu bilmirəm. Biz “Türk axını” layihəsinin inkişafı və Cənub Qaz Dəhlizi barədə danışırıqsa, gələn il üçün Sizin planlarınız necədir? Siz Avropaya çatmalısınız...” sualına cavab olaraq bildirimişdir ki, bəzən müxtəlif ölkələrin mətbuatında burada hansısa rəqabət olması barədə eşidirik, bu cür tezislər görürük. Bu, əsla belə deyil, heç vaxt belə olmayıb və əminəm ki, belə olmayacaq: “Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər. “Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.”

Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə isə dövlətimizin başçısı vurğulamışdır ki, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək: “Rusiyadan göndərilən həcm ilə müqayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni cari ildə  bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq.”

Müxtəlif istiqamətlərdə, xüsusilə energetika sahəsində əməkdaşlığın genişləndirilməsi ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malikdir. Enerji əməkdaşlığa öz növbəsində nəqliyyat sahəsində əməkdaşlığa böyük yol açır. Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Ölkəmiz müasir nəqliyyat infrastrukturuna böyük həcmdə investisiya yatırıb. Bakı dəniz limanı, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, magistral yollar, Xəzər dəniz gəmiçiliyi, hava limanları, bütün bunlara neft-qaz gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində nail olunub. Nəqliyyat, eləcə də enerji layihələri ölkələri birləşdirir, onlar arasında dostluq körpüsü rolunu oynayır.

Yeganə Əliyeva, “İki sahil”