07 iyul 2020 18:22
3360

Biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik

Prezident İlham Əliyev: Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik

Koronavirusa qarşı mübarizədə əsas məsələ tibbi bazanı möhkəmləndirməkdir və məhz bu istiqamətdə Prezident İlham Əliyev ölkəmizdə ciddi işlər həyata keçirib. Növbəti dəfə yeni tipli xəstəxananı açılışı Xətai rayonunda baş tutub. Belə ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunmaları üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Ümumiyyətlə, Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, tikiləcək modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

Mart ayının sonunda istifadəyə verilmiş “Yeni klinika” müasir tibb müəssisəsi koronavirus xəstələrinin müalicəsi üçün ayrılmışdı. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə 10 modul tipli yeni xəstəxananın tikintisinə start verilmişdir. Bu gün onların 5-i artıq istifadədədir. Pandemiya ilə mübarizədə əhəmiyyətli rol oynayan bu xəstəxanalardan ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə və biri də Abşeron rayonunda artıq fəaliyyətə başlayıb.

İyunun 24-də isə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı oldu. Üç korpusdan ibarət, ümumilikdə, 100 palata və 200 çarpayılıq yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz edilib. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək. Yeni korpusda orta simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün yüksək şərait yaradılıb. Eyni zamanda daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Bu, artıq istifadəyə verilmiş 5-ci modul tipli xəstəxana idi. 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul tipli xəstəxanaların açılması koronavirusla mübarizə sahəsində effektli qabaqlayıcı tədbirlərin bariz nümunəsidir. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək və onların sayı 10-a çatdırılacaq. Beləliklə, əlavə 2 min çarpayı yeri olacaq. Son həftələr koronavirus xəstələrinin sayının artdığını nəzərə alsaq bu, COVID-19-a qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edəcək.

Dövlət başçısı bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarı aprel ayında qəbul etmişdi. O vaxt xəstələrin sayı kifayət qədər az, sağalanların sayı isə daha çox idi. Hazırda koronavirus xəstələrinin sayının artması, nəticədə daha çox çarpayıya ehtiyacın yaranması bu xəstəxanaların tikintisi ilə əlaqədar qərarın qəbul edilməsinin nə qədər düzgün olduğunu aydın şəkildə göstərir. Son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya yenidən qurulub.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının açılışı zamanı bildirib ki, modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir: “ Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. Bildiyiniz kimi, ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə, mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin və biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.

Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.

Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni, xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350.”

Prezident qeyd edib ki, koronavirusla əlaqədar ilkin mərhələdə dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb. Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub.

Görülən tədbirlər nəticəsində sağalanların sayı yoluxanların sayından çox olduğuna görə mayın əvvəlindən karantin rejimi yumşaldılmağa başlandı. Lakin yumşalma tədbirlərindən sonra Azərbaycanda sanitar-epidemioloji qaydalar kütləvi surətdə pozulduğu üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq olundu. Çünki ölkədə xəstələnənlərin sayı, dinamikası artır və belə davam edərsə, səhiyyə sistemimiz buna davam gətirə bilməz. Məhz bu səbəbdən iyunun 21-dən daha sərt karantin rejimi tətbiq edildi. Bunun əsas və yeganə səbəbi odur ki, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu pandemiyanın tez və itkisiz başa çatması isə vətəndaşların məsuliyyətindən, öz ətrafına və ailəsinə diqqət və qayğıdan çox asılıdır. Karantint qaydalarına ciddi əməl etmək bu bəladan ən tez qurtulmağın yegənə yoludur. Prezident İlham Əliyev çıxışlarında bu barədə deyib: “Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək. Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir”.

Dövlət başçısı bütün çıxışlarında bəyan edir ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır: “Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır”.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədini daşıyır. Dövlət üzərinə düşən vəzifələri layiqincə həyata keçirir. İndi qalır vətəndaşların üzərinə düşən vəzifələr - tibbi maska taxmaq, sosial məsafəni gözləmək, dezinfeksiya qaydalarına riayət etmək. Bu şəraitdə koronavirusla mübarizədə uğurun əsas şərti məhz vətəndaşların məsuliyyətindən, nizam-intizamından asılıdır. Necə deyərlər: “Biz birlikdə güclüyük!”

Elçin Zaman, “İki sahil”