22 sentyabr 2020 17:38
963

Biz öz prinsipial mövqeyimizdə qalacağıq

Dövlətimizin başçısı İlham Əliyev istər “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, istərsə də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində islam həmrəyliyinə mənfi təsir göstərən amillərə diqqət yönəldərək  müsəlman ölkələrinə  Ermənistanın  işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törətdiyini unutmamağa çağırış etmişdir

 

Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz.” Tarixə nəzər  salsaq Azərbaycanın İslam həmrəyliyinə töhfələrinin davamlı olduğunu görərik. Cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”,  2017-ci ilin  “İslam həmrəyliyi ili” elan edilməsi məhz bu töhfələrin ümumiləşdirilmiş ifadəsidir.

   Həmin sərəncamlarda da  bu reallıq öz əksini tapıb ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. Azərbaycanın 2017-ci ildə  IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi də İslam həmrəyliyinə verdiyi töhfələr sırasındandır. Dövlətimizin başçısı  İlham Əliyev bu tədbiri belə dəyərləndirmişdir ki, bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi,  mədəni, ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır, dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar.

 İslamofobiya dünyada ciddi təhlükədir, buna qarşı birgə mübarizə vacibdir. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük önəm verməklə yanaşı, bu mübarizədə də fəal iştirak edir.

Bu gün dünyada cərəyan edən proseslərə, müsəlman ölkələrində yaşanan münaqişələrə, bir çox ölkələrdə islamofobiyanın geniş yayılmasına diqqət yetirdikdə İslam dünyasında birliyin, həmrəyliyin zəruriliyi daha qabarıq şəkildə özünü büruzə verir. Müsəlman ölkələri arasında münasibətlərin lazımi səviyyədə olmaması, birliyin yüksək səviyyədə qorunmaması  düşmən qüvvələrin fəaliyyətinə geniş meydan açır. İslam əleyhdarları olan bu qüvvələr dinimizə qarşı düşmənçilik siyasəti apardıqlarını açıq-aşkar nümayiş etdirirlər. Terrorizm, ekstremizm kimi ifadələr İslam adı ilə yanaşı çəkilir. Təbii ki, bu kimi neqativ hallar müsəlmanlara xas deyil, əksinə, İslam dini həmişə həmrəylik, sülhsevərlik, qarşılıqlı anlaşma, dostluq və əməkdaşlıq kimi ümumbəşəri əxlaqi dəyərləri təbliğ edir.

 Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Heydər Əliyev adına dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində “Ermənistan bir sıra müsəlman ölkələri ilə sıx təmas qurmaq istiqamətində addımlar atır və bu, haqlı olaraq Azərbaycan ictimaiyyətində kəskin reaksiya doğurur. Hətta bu yaxınlarda Misir rəhbərliyi bu ölkədə səfərdə olan Ermənistanın xarici işlər nazirini də qəbul etdi. Bütün bunlar müsəlman həmrəyliyinə nə dərəcədə mənfi təsir göstərir” sualına cavabında bildirmişdir ki, çox mənfi təsir edir. Azərbaycan ictimaiyyəti haqlı olaraq öz narahatlığını ifadə edir.  Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub, ölkəmizdə bir çox tədbirlər keçirilib. Biz həmişə çalışmışıq ki, müsəlman ölkələrinə kömək göstərək, beynəlxalq təşkilatlarda həmişə müsəlman ölkələrinin maraqlarını müdafiə etmişik, həm səsvermə zamanı, eyni zamanda, əgər hansısa beynəlxalq təşkilata müsəlman ölkəsi öz namizədliyini irəli sürübsə, həmişə onu dəstəkləmişik. Yəni, bu həmrəylik sözdə yox, əməldə olmalıdır. Biz o ölkələrdənik ki, əməldə İslam həmrəyliyinə daim öz xarici siyasətimizdə böyük yer ayırmışıq: “Çünki biz müsəlman dünyasının bir hissəsiyik. Bizi BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Bir çox qətnamələr qəbul edilib. Tovuz təxribatı ilə əlaqədar da, həmçinin. Ona görə müsəlman ölkələrinin Ermənistanla hər hansı yaxınlaşmasına biz həmişə çox həssas yanaşırıq. Çünki Ermənistan bizim torpağımızı zəbt edib.”

Cənab İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki, müsəlman ölkələri də bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib.  Məgər müsəlman ölkələrində bilmirlər ki, ermənilər bizim yarıdağılmış məscidlərdə heyvan, donuz, inək saxlayırlar? Bu, müsəlman aləminə edilən təhqir deyilmi? Ona görə hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin: “Eyni zamanda, mənə verilən məlumata görə, Ermənistanın xarici işlər naziri Misirdə hansısa dini liderlə görüşüb. Yaxşı, o dini liderə deyən olmadı ki, bu adamlar müsəlman məscidlərini təhqir edib, bütün müsəlman dünyasını təhqir edib. Biz dəqiq bilirik, erməni rəsmiləri Avropada olarkən avropalıların yenə də bunlara münasibətinin müsbət olması üçün onların əsas arqumenti o olur ki, biz müsəlmanların əhatəsində yaşayırıq. Bizim üç qonşumuz müsəlman ölkələridir. Biz burada, bu bölgədə xristianlığı qoruyan xalqıq. Bizim ətrafımızda olan müsəlman ölkələri düşməndir. Bəli, Türkiyəni və Azərbaycanı Ermənistan düşmən sayır. Ancaq İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Bəs necə ola bilər? Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?”

 Cənab İlham Əliyev “Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir” söyləyərək bəyan edir ki, biz öz prinsipial mövqeyimizdə qalacağıq. Bütün müsəlman ölkələrinin rəhbərlərinə bir daha demək istəyirəm ki,  Ermənistan sizin dostunuz deyil. İkincisi, Ermənistanda hansı maraqlar ola bilər? Bu ölkə uğursuz ölkədir. Bunun bir beynəlxalq adı da var - “Fail state”. İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Heç bir ölkəyə investisiya qoymur.  Hansı marağı ola bilər? Hansısa vəziyyətə görə, kiməsə acıq vermək üçün əgər belə addımlar atılırsa, bunlar ancaq təəssüf doğurur.

 Təbii ki, İslam həmrəyliyi geniş məna daşıyır. Sözsüz ki, burda təkcə dini müstəvidə deyil, bütün sahələrdə həmrəyliyə ehtiyac var. Bu baxımdan ki, heç də bütün müsəlman ölkələrində sosial-iqtisadi inkişaf yüksək səviyyədə deyil. Ən əsası bu ölkələr zəngin təbii resurslara malik olsa da, dünya iqtisadiyyatında söz sahibi deyillər. Birlik, həmrəylik təcrübə mübadiləsinin aparılmasında, ölkələrin inkişaf strategiyalarının öyrənilməsində və tətbiqində əhəmiyyətli rol oynaya bilər.

Bu gün Azərbaycanın inkişaf modeli digər ölkələrə nümunə göstərilir. Ən əsası Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçası kimi qəbul olunur.  Təbii ki, bu dövlətimizin uğurlu, təkmil siyasətinin nəticəsidir. Bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi ön yerlərdə dayanır. Azərbaycan dünyanın xoşbəxt ölkələri sırasındadır. Ölkəmizin iqtisadi inkişafı güclü sosial siyasətlə tamamlanır. Bu ondan irəli gəlir ki, Azərbaycan öz siyasətini dövlətimizin başçısı İlham Əliyevin fikirlərinə istinadən, düzgün qurmuş və bu yol davamlı uğurları şərtləndirir. Azərbaycanda sülh, sabitlik, əmin-amanlıq mövcuddur. Qeyd olunduğu kimi, Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bu reallığımız onun təsdiqidir ki, yalnız bu yolla inkişaf etmək olar. Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verir və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirir. Ölkəmizdə müxtəlif dinlərin, millətlərin nümayəndələri, dostluq, əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bir Azərbaycan modelidir.

Əvvəldə də qeyd etdiyimiz kimi, müsəlman ölkələri müxtəlif beynəlxalq təşkilatlarda birləşirlər. Bugünümüzün əsas tələbi beynəlxalq tribunalardan bəhrələnərək, İslam dünyasının maraqları naminə bir-birimizə dəstək olmaq, ölkələrimizin, xalqlarımızın inkişafı yolunda bütün maneələri dəf etmək, bu istiqamətdə zəruri addımlar atmaqdır. Azərbaycan da müsəlman dünyasının bir parçasıdır. Müsəlman ölkələrində baş verən hadisələr, tendensiyalar Azərbaycanı narahat etməyə bilməz. Bu kimi halların aradan qaldırılmasında, sülhün, sabitliyin təmin olunmasında Azərbaycan nə dərəcədə maraqlı olduğu atdığı biri-birindən əhəmiyyətli addımları ilə təsdiqləyir. “İslam Həmrəyliyi ili”, eyni zamanda, bu il çərçivəsində keçirilən IV İslam Həmrəyliyi Oyunları, ölkə xaricində təşkil olunan çoxsaylı tədbirlər Azərbaycan reallıqlarının təbliğində mühüm rola malikdir. Dünyaya birlik, həmrəylik mesajı kimi dəyərləndirilən bu kimi addımlar, həmçinin İslam aləmində, eyni zamanda, bütün dünyada sülhün, əmin-amanlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcək.

 Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkələr, xalqlar arasında körpu roluna da işıq salır.  Ölkəmizin ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya  Sivilizasiyalararası Dialoq forumları bu rolundan irəli gəlir. Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində  BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda da bildirmişdir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində vacib rol oynayır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindəndir. 2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.

Günümüzün əsas tələblərindən biri Dağlıq Qarabağ probleminin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində Ermənistanın işğalçılıq siyasətinin pislənildiyi, Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi, amma işğalçı Ermənistanın bu sənədlərə əməl etmədiyi dünyaya bəyan edilir. Münaqişənin həllində  müsəlman ölkələrinin dəstəyinin önəmi daim vurğulanır. Birlik, həmrəylik mövcud münaqişələrimizin həllində əsasdır. Dövlətimizin başçısı İlham Əliyev “Gücümüz birliyimizdədir” söyləməklə bütün türk dünyasını, müsəlman ölkələrini birliyə, həmrəyliyə çağırır.

Yeganə Əliyeva, “İki sahil”