19 fevral 2019 11:46
1217

“Biz yalnız dost deyilik, həm də qardaşıq...”

AZƏRBAYCANI ŞİMALİ QAFQAZ RESPUBLİKALARI İLƏ UZUN TARİX, YAXIN MÜNASİBƏTLƏR, MƏNƏVİ, MƏDƏNİ, DOĞMA ƏLAQƏLƏR BAĞLAYIR


Xəbər verildiyi kimi, bir müddət öncə Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında ölümlə nəticələnən kütləvi dava olub.

Azərbaycan dövlətinin bu məlum kriminal olaya münasibəti birmənalıdır. Belə ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında Azərbaycan hökumətinin  bu insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi səciyyələndirdiyini bəyan edərək belə halların  Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilmədiyini vurğulayıb.  Prezidentin köməkçisi Azərbaycan və çeçen xalqları arasında əlaqələrin  tarixin sınağından çıxdığını, nümunəvi xarakter daşıdığını qeyd edərək Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətlərini xatırladıb. Əli Həsənov açıqlamasında, həmçinin Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələrin böyük yanlışlığa yol verdiyini deyərək, onların öz çirkin niyyətlərinə çatmayacaqlarını əminliklə diqqətə çatdırıb.

Azərbaycanın Rusiyadakı səfirliyi də bu kriminal  olayla bağlı  lazımi addımları atır. Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu bu məsələnin həllinə bilavasitə cəlb olunmuş azərbaycanlılarla bir sıra görüşlər keçirib. Məsələ ilə bağlı  səfirlik jurnalistlərə, həmçinin  bu məsələdə düzgün mövqe tutmuş bütün şəxslərə minnətdarlığını çatdırıb,  bu problemlə bilavasitə məşğul olduğunu qeyd edərək ictimaiyyəti hadisələrin sonrakı gedişatı barədə məlumatlandıracağını və feyk xəbərlərə, təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edib.

Məlum insidentə Çeçenistan tərəfi  də öz münasibətini bildirib.  Trend-ə  açqılamasında  Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidentdə azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqların olduğu barədə bir neçə versiyanın hər birinin mümkün ola biləcəyini qeyd edib.  Nazir   bu hadisəni Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdi kimi qiymətləndirib və bu kimi cəhdlərə qəti şəkildə  imkan verilməyəcəyini qeyd edib: “Konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik. Mən Azərbaycan xalqının ünvanına demək istəyirəm: Sənə sülh arzu edirəm, Azərbaycan. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq. Cinayətkarlıq heç vaxt Azərbaycan və Çeçenistanın qardaş xalqları arasında inkişaf və mehriban qonşuluq yolunda maneə olmayacaq” .

Çeçenistanlı   nazirin də vurğuladığı kimi, Azərbaycanla Çeçenistan arasında həm dövlət başçıları, həm də xalqlar səviyyəsində dostluq münasibətləri mövcuddur və hansısa kənar “qüvvələr”in bu yaxın münasibətləri kriminal insidentlə pozmaq cəhdi yolverilməzdir və ümumiyyətlə, mümkün deyil.

Ötən ilin noyabr ayında Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanda yüksək səviyyədə qarşılanması da bunu sübut edir.  Sözügedən cinayətin iki respublika arasında bütün səviyyələrdə isti dostluq münasibətlərini korlamaq məqsədilə, ölkələrimizin inkişafını istəməyən hansısa bədniyyətli güclərin qəsdən qızışdırdığı bir təxribat ola biləcəyi istisna olunmur. Bütün bunlar istintaqın nəticələrindən sonra aydınlaşacaq. Ancaq indi aydın olan  Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Çeçenistanın rəhbəri Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən məlum səfərin xalqlarımız arasında ənənəvi qardaşlıq əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyinə olan əminliyidir.

Prezident  çeçen və Azərbaycan xalqlarının əsrlər boyu dostluq etdiyini, bir-birini dəstəklədiyini və bu münasibətlərin yeni səviyyəyə çıxdığını bəyan edərək Azərbaycanı Şimali Qafqaz respublikaları ilə uzun tarix, yaxın münasibətlər və mənəvi, mədəni, doğma əlaqələrin bağladığını xüsusilə qeyd edib: “Biz hesab edirik ki, Qafqazda sabitlik və təhlükəsizlik, inkişaf ancaq birgə səylər nəticəsində mümkündür. Əlbəttə ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir. Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Münasibətlərimiz tarixə, qardaşlığa əsaslanır. Əminəm ki, sizin səfəriniz əlaqələrimizin möhkəmlənməsinə xidmət edəcək”.

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov da həmin görüşdə  Azərbaycan Prezidentinin bu dostluq, qardaşlıq münasibətini öz növbəsində yüksək qiymətləndirib, çıxışında tarixə ekskurs edib: “Şadam ki, bizim qardaşlıq və dostluq münasibətlərimiz var. İndi mədəni, idman və digər sahələrdə münasibətləri inkişaf etdiririk. Ən əsası isə qardaşlıq münasibətləridir. Çünki xatırlamaya bilmərəm, ən çətin illərdə Prezident Heydər Əliyev bizim xalqa kömək etdi, kömək əlini uzatdı və sonadək kömək etdi, bizi dəstəklədi. Biz bunu heç vaxt unutmayacağıq. Bizi dəvət etdiyinizə, bizə vaxt ayırdığınıza, bütün müsəlmanlar və Qafqaz, xüsusən bizim region üçün hər şey etdiyinizə görə bir daha “Çox sağ olun” demək istəyirəm”.

Həmin görüşdə Ramzan Kadırov Azərbaycan Prezidentini Çeçenistana dəvət etmiş, baş tuta biləcək mümkün səfərin hər iki tərəf üçün həm siyasi, həm qardaşlıq, həm də insani cəhətdən çox mühüm olacağını vurğulamışdı.

Bunlara sözardı kimi sonda əlavə edək ki,  sosial mediada bu günlərdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insidentdən sonra hər iki tərəfin nümayəndələrinin bir araya gəldikləri, ictimaiyyətə “Biz yalnız dost deyilik, həm də  qardaşıq”  mesajını verdikləri ilə bağlı  videoçəkiliş yayılıb. Səmimi görüş zamanı azərbaycanlılar və çeçenlər iki millət arasında ədavətin olmadığını deyərək baş vermiş hadisəni təxribat adlandırıblar,  Moskvada minlərlə çeçen və azərbaycanlının  dostluq etdiyini, birlikdə işlədiyini, bir-birilərinə etibar etdiklərini, azərbaycanlılarla çeçenlərin yaxın qardaş kimi birləşdiklərini qeyd ediblər.

Məlum  kriminal insidentə həm hökumətlər , həm xalqların nümayəndələri  səviyyəsində belə birmənalı münasibətin sərgilənməsi bir daha sübut edir ki, heç bir cinayətkarlıq aktı, heç bir təxribat  iki xalq arasındakı dostluğu, qardaşlığı pozmağa qadir deyil. 

Sevinc Abdullayeva, “İki sahil”