29 sentyabr 2020 18:06
2423

Biz zəfər çalacağıq!

AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə  Azərbaycanın qəhrəmanlıq tarixinə vurulan ləkəni  Milli Ordumuzun cəsur əsgərləri təmizləyirlər

«Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik olmayacaq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin sözlərini qəhrəmanlıqları ilə həqiqətə çevirən şanlı ordumuzun əsgərləri  düşmənə vurduqları ağır zərbələrlə  müdafiə qüdrətimizin sarsılmazlığını göstərirlər.   Torpaqlarımızın hər qarışı uğrunda  döyüşlərin getdiyi bir vaxtda  dünya  azərbaycanlıları,  türk dünyası, müsəlman ölkələri  Azərbaycanla həmrəyliklərini göstərərək torpaqlarımızın işğaldan azad olunması,  haqq,  ədalət uğrundakı mübarizəmizə dəstək göstərirlər. Cəbhə bölgəsində qanlı döyüşlərin getdiyi  bu günlərdə  Ermənistanın törətdiyi təxribatlara əks- hücumları ilə cavab verən hərbçilərimiz  alınmaz qala kimi düşmən qarşısında canlı sipərə çevrilərək illərdən bəri  işğal altında qalan torpaqlarımızı azad edirlər.  Yadellilərdən xilas edilən, qəribsədiyi doğma sakinlərinin nəfəsi ilə  canlanan, üçrəngli bayrağımızın dalğalandığı  kəndlərimizin sayı artdıqca   şücaətləri ilə düşmənə gözdağı verən əsgərlərimizin əhval-ruhiyyəsi, qələbə əzmi də artır.  İşğaldan azad olunan kəndlərimiz,  strateji yüksəkliklərimiz xalqımızı böyük və tam  qələbəyə yaxınlaşdırır. Milli Ordumuzla daim bir olan  Azərbaycan xalqının bu günlərdə daha çox birlik nümayiş etdirməsi və həmrəy olması hər bir vətəndaşda  «Zəfər bizimdir!»  inamını gücləndirir.

Bu günlərdə Prezident, Ali Baş Komandan  İlham Əliyevə ünvanlanan vətəndaş məktublarında  dövlət başçımızla həmrəylik, Milli Ordumuza mənəvi dəstək ifadə olunur. Bildirilir ki,  Prezident İlham Əliyevin   daxili və xarici siyasəti, diplomatik uğurları Azərbaycan xalqını bir bayraq altında birləşdirir.

Azərbaycanda yaşayan etnik icma rəhbərlərinin,  ölkəmizdə fəaliyyət göstərən əlli siyasi partiya sədrlərinin bəyanatlarında,  mədəniyyət xadimlərinin və yaradıcı şəxslərin xalqa müraciətində də qeyd olunur ki, müxtəlif  millətlərin əbədi Vətəni olan Azərbaycanın hər bir vətəndaşı  torpaqlarımız uğrunda döyüşən və düşmən üzərində üstünlüyünü   göstərən Milli Ordumuzun uğurları ilə qürur duyur. Dağlıq Qarabağ uğrunda müharibədə həlak olanlar, Milli Qəhrəman adını  alanlar arasında başqa millətlərin nümayəndələrinin də olması Azərbaycandakı milli həmrəyliyin nümunəsidir.  

Prezident İlham Əliyevin  Təhlükəsizlik Şurasının iclasında   söylədikləri, dövlət başçımızın xalqa müraciətində deyilənlər göstərir ki,  hərb tariximizin yeni səhifələrini yazan Milli Ordumuzun rəşadətli əsgərləri bu döyüşlərdən də zəfərlə çıxacaq. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazan əsgər və zabitlərin keçdiyi döyüş yolu  gələcək nəsillərə də nümunə olacaq.

Təəssüf doğuran məsələ isə  həmişə Vətənə, xalqımıza , milli maraqlarımıza müxalif olan AXCP-nin və Müsavat Partiyasının  belə ağır günlərdə də xəyanətkarlıqlarını bildirmələridir. Siyasi partiyaların bəyanatlarına qoşulmayan hər iki xəyanətkar qurum bir daha ermənilərlə həmrəyliklərini bildirdilər. Cəmiyyətdə  bütün dayaqlarını itirən,  siyasi cahilliklərini nadanlıqları, satqınlıqları ilə bildirən, illərdən bəri xalqımıza qarşı xəyanətləri ilə ikrah doğuran, sivil mübarizə aparmaq imkanından məhrum olan  əbədi məğlublar, populist düşüncə mənsubları  bu əməlləri ilə bir daha özlərinin «yarpaq tökümü» mövsümünü tezləşdirdilər.  Ağır psixoloji durumda olan bu antiAzarbaycançı  kəsimin, aqressiv, radikal təmsilçiləri hələ də  xarici havadarlarının əmrlərini yerinə yetirərək antimilli mövqelərini «redaktə etməkdən» belə məhrumdurlar. Çünki onlarda Vətənə  məhəbbət, torpağa sədaqət ruhu çoxdan  qrant bazarında  hərraca qoyulub və satılıb.

2005-ci ildə  nəzarətində olan «Yeni fikir» gənclər təşkilatının sədri Ruslan Bəşirlini Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa  sövq edən AXCP sədri Əli Kərimli illərdən bəridir ki, ermənilərlə əməkdaşlıq edir.  Atası Əli Kərimlinin  xəyanətlərini təkrarlayan oğlu xarici ölkələrdə yaşayan ermənilərlə  ziyafət məclisləri təşkil edir,  bahalı maşınlarda gəzir.

 AXC-Müsavatı iqtidarı dövründə  ölkəmizdə baş verənləri yada salmaqla  hər iki qurumun həmişə xalqa xəyanət etdiklərini  xatırlamış olarıq. 20 Yanvar hadisələrində, xarici dövlətlərin planlaşdırdıqları, daxili xəyanətkarların iştirakı ilə  1994-1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlərdə də başqalarını təlimatlandırıb, özləri isə  pərdə arxasında gizlənən Əli Kərimli və satqın tərəfdaşları o zamanlarda da xalqa  müxalif cəbhədə dayanaraq, ümummilli mənafe və maraqları  havadarlarının qrantlarına  dəyişdilər. Buqələmun kimi  rənglərini, ağalarını dəyişən Əli Kərimlinin və milli mənsubiyyəti , təəssübü olmayan  «Milli Şura»nın xəyanətkar üzvlərinin Azərbaycanda təxribatlar yaratmaq cəhdləri, keçirdikləri uğursuz aksiya və  mitinqlər bu əqidəsizlərin  iç üzlərini ictimaiyyətə tanıtdı.   Qarabağ uğrunda döyüşlərdə  mətanət göstərən  əsgərlərimizin   ermənilər üzərində üstünlüyündən məyus olan  «islahatçı»lar, müsavatçılar ermənilərdən betər yasa batıblar.  Özlərini Azərbaycan xalqının möhkəmlənən birlik və həmrəyliyindən kənarda saxlayan vətənsizlərin bu hərəkəti onlara nifrəti daha da artırdı.     

Təhlükəsizlik Şurasının  iclasında   Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk illərdəki vəziyyət barədə  danışan Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan rəhbərliyində olmuş şəxslərin səbatsızlığı  üzündən dünya erməniliyi Azərbaycanı beynəlxalq ictimaiyyətə işğalçı, təcavüzkar kimi təqdim edirdi: «Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyasıdır. Məhz onların dövründə torpaqlarımız işğal altına düşüb. Onların xəyanətkar, yarıtmaz fəaliyyəti nəticəsində biz bu torpaqları itirmişik. Mən həmişə deyirdim ki, biz müvəqqəti itirmişik, biz bu torpaqlara qayıtmalıyıq. Şuşanın satılması sırf o vaxt hakimiyyət uğrunda gedən mübarizənin nəticəsində baş vermişdir. Kəlbəcərin, Laçının işğal altına düşməsi Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin birbaşa məsuliyyətidir. Məhz bu işğaldan sonra demək olar ki, növbəti işğal da qaçılmaz oldu. Çünki Laçının, Kəlbəcərin, Şuşanın işğal altına düşməsi Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlantı yaratmışdır. Belə olan halda əlbəttə ki, o bölgələrə, Dağlıq Qarabağa silah təchizatı, ondan sonra digər maddi resursların təchizatı asanlaşmışdır.»

Bu gün ölüm-qalım savaşında igidlik göstərən Milli Ordumuz Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Müsavat Partiyasının yarıtmaz əməllərinin nəticəsi olan bu ləkəni təmizləyir, 2016-cı ildə  göstərdiyi mübarizliyi davam etdirir.

Son günlərdə keçirilən uğurlu  hərbi əməliyyatlar nəticəsində bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, strateji yüksəkliklər Azərbaycan hərbçilərinin  nəzarətinə keçdi.  Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanan Azərbaycan Ordusu öz qətiyyətini bütün cəbhə boyu göstərir. Azərbaycan xalqı əmindir ki, bu yaxınlarda  Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözlərinin real  öz tədiqinin tapmasının həyatda şahidi olacaqlar.

Xuraman İsmayılqızı, «İki sahil»