15 iyul 2020 10:48
2719

Bizi utandıran bu reaksiyalar əslində...

Bizi utandıran bu reaksiyalar əslində orqanizmin təbii fizioloji prosesləri imiş

Əsnəmək, gəyirmək, hıçqırıq, qulaqda gizilti, tüklərin biz-biz olması, qarın quruldaması kimi hallar orqanizmimizin qeyri-adi reaksiyalarıdır. Çoxlarımız bu reaksiyaların nədən qaynaqlandığını bilmirik.

Qarın quruldamasını adətən aclıq hissi ilə əlaqələndirirlər, qulaqda səs isə kiminsə sizi xatırlaması və ya haqqınızda danışması kimi yozulur. Bəs elmi cəhətdən necədir?

Tüklərin “biz-biz” olması

Bu hisslə bizə soyuq olduqda, qorxu və həyəcan keçirdikdə qarşılaşırıq. Tüklərin altındakı əzələ daralması səbəbindən meydana gəlir və bunun nəticəsində tüklər yüksəlir. Belə bir reaksiya insanlardan başqa bir çox məməlilərdə baş verir. Soyuğa qarşı qalxan tüklər havanı tutur, izolyasiya edən bir təbəqə yaradır və bununla da bədən istiliyini saxlayır.

Gəyirmə

Bu hərəkət bir qədər etikadan kənar sayılsa da, əslində tam təbii fizioloji prosesdir. Qida qəbulu zamanı qida ilə bərabər mədəyə hava da daxil olur və narahatlıq yaradır. Gəyirmə zamanı həzm sisteminə daxil olmuş həmin hava ağız boşluğu vasitəsilə xaric edilir.

Gəyirmə tez-tez baş verərsə, bu zaman mədədəki qastrit və s. kimi xəstəliklərdən xəbər verə bilər.

Hıçqırıq

Hıçqırıq diafraqmanın qəfil daralması nəticəsində baş verir. Alimlər hıçqırığın yaranma mexanizmləri ilə bağlı dəqiq qərara gəlməsələr də, əsas səbəblər kimi temperaturun qəflətən dəyişməsi, yeməyi çeynəmədən udmaq, acı yeməklər yemək, qazlı su içmək göstərilir. Çox hallarda diafraqma “özünə gələn kimi” hıçqırıq da öz-özünə keçib gedir.

Qarın quruldaması

Romantik görüş və ya vacib bir söhbət zamanı qarın quruldaması bir anda başlaya bilir. Bağırsaqlardan gələn bu səslər çox vaxt utanmağımıza səbəb olsa da, əslində çox təbii bir haldır. Yemək və hava bağırsaqlar vasitəsilə hərəkət edərkən bağırsaq divarının əzələ daralması səbəbindən səs-küy yaranır. Yeməkləri qarışdırmaq, oradan itələmək və həzmə kömək etmək üçün divarlar daralır. “Peristalsis” adlandırılan bu proses günün çox hissəsini davam edir və gurultu ilə müşayiət olunur, baxmayaraq ki, əksər hallarda bu səslər eşidiləcək dərəcədə yüksək olmurlar. Mədə boş olduğu zaman səs-küy eşidilir, buna görə də qarın quruldamasını tez-tez aclıqla əlaqələndirirlər.

Nubar Süleymanova, “İki sahil”