21 may 2020 18:01
374

Bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir

Bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir. Bildiyiniz kimi, artıq regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. Mənim bölgələrə, rayonlara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazırlanmasında xüsusi rol oynayır. Çünki bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız.

Bu fikirləri Prezident İlham Əliyev Ağstafa və İmişli rayon icra hakimiyyətlərinin yeni başçılarını videoformatda qəbul edərkən söyləyib.

“O ki qaldı, infrastruktur layihələrinə, üç Dövlət Proqramının icrası nəticəsində infrastruktur layihələrinin böyük hissəsi öz həllini tapıb. Bunu indi hər kəs görür, bölgələrdə yaşayan insanlar görür və eyni zamanda, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Yolların keyfiyyətinə görə 30-cu yerlərdədir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, demək olar, qazlaşdırma layihələrinin böyük əksəriyyəti başa çatıb, qazlaşdırmanın səviyyəsi 96 faizdir. İçməli su layihələri bütün şəhərlərdə icra edilir, ya artıq başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Bütün bunlar dövlət tərəfindən görülmüş işlər, qoyulan investisiyalardır. Ona görə infrastruktur layihələrinin əsas hissəsi öz həllini tapıb. Ona görə sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, artıq bu möhkəm təməl üzərində öz işinizlə rayonların sosial-iqtisadi inkişafını təmin edəsiniz. Eyni zamanda, bütün işlər ədalətli görülməlidir. Ədalət sizin işinizdə əsas prinsip olmalıdır və indiki şəraitdə, pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməlidir. Yerlərdə, ilk növbədə, bunu icra başçıları, icra strukturları etməlidirlər”, - deyə dövlətimizin başçısı bildirib.