08 yanvar 2020 20:30
647

Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir

Dövlətimizin başçısı İlham Əliyev  Vüqar Əhmədovu “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən bu əminliyi ifadə etmişdir ki,  qarşıya qoyulan vəzifələr ardıcıllıqla  icra ediləcək və elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaq


Ölkəmizin  davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının  böyük rola malik olduğu bugünkü reallıqlarımızdan daha aydın görünür. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  gündən qeyri-neft sektorunun inkişafını qarşıya mühüm vəzifə kimi qoyaraq, regionların malik olduğu  potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasını diqqətdə saxlayır. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə Dövlət proqramları uğurla icra edilir.  Rayonların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev  qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Ölkə Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclaslarında daim bu məsələyə diqqət yönəldilir, konkret tapşırıqlar verilir.  İnfrastuktur layihələri ilə bağlı dövlət investisiya proqramında  nəzərdə tutulmuş bütün vəzifələrin uğurla icra edildiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, qaz, su, elektrik enerjisinin təminatı ilə bağlı zəruri olan bütün addımlar atılır.  

Dövlətimizin başçısı İlham Əliyev Vüqar Əhmədovu “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin olunması ilə  əlaqədar  qəbul edərkən də bu kimi məsələlərə xüsusi diqqət yönəltmişdir. “Enerji təminatı hər bir ölkə üçün strateji sahədir” söyləyən ölkə Prezidenti  bildirmişdir ki, son illər ərzində ölkəmizdə bu sahədə çox böyük işlər görülüb. Regionların sosial-iqtisadi inkişafına dair 2004-cü ildə qəbul edilmiş birinci Dövlət Proqramı çərçivəsində enerji güclərinin yaradılması nəzərdə tutulurdu. Artıq  buna tam nail olduq. Bu gün bizim təqribən 1000 meqavatlıq əlavə enerji güclərimiz var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialımızı genişləndirir. Ötən  il ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar civarında vəsait əldə edib.

Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafında su, qaz, enerji təminatının  əsas rol oynadığı inkaredilməzdir.   Dövlətimizin başçısının  29 yanvar 2019-cu il tarixli Fərmanı ilə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqləndi.  Qarşıdakı illər üçün nəzərdə tutulan dördüncü sənəddə əksini tapan vəzifələrin uğurla həyata keçirilməsi  müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradacaq.  Rayonlar arasında sağlam rəqabət daha da güclənəcək, Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi davamlı inkişafı ilə diqqətdə olacaq.  Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb və imzalanmaqdadır.  Bu sənədlər  ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yol infrastrukturunun yenilənməsi, qaz, işıq problemlərinin yüksək səviyyədə həlli əhalidə xoş ovqat yaradan mühüm amillərdəndir.

Qeyd olunan görüşdə də cənab İlham Əliyev bildirmişdir ki, ölkəmizdə əhalinin və sənaye potensialının artımı diktə edir ki, bu sahə daim diqqət mərkəzində olsun: “Mən Prezident kimi fəaliyyətə başlayanda infrastruktur layihələri arasında, ilk növbədə, məhz bu sahəyə böyük diqqət göstərildi. Mənim göstərişimlə və nəzarətim altında bölgələrdə bir neçə elektrik stansiyası tikilmişdir. Biz “Xaçmaz”, “Şahdağ”, “Astara”, “Şəki”, “Bakı” stansiyalarını tikdik ki, hər bir bölgədə güclər mövcud olsun və artırılsın. Şirvan şəhərində 800 meqavata yaxın generasiya gücü olan “Cənub” elektrik stansiyası tikilmişdir. “Şimal-1”, “Şimal-2” elektrik stansiyaları istifadəyə verilmişdir. Bütün bunlar böyük zəhmət, uzaqgörənlik tələb edir. Biz vaxtilə idxaldan asılı idik. İndi isə biz özümüzü elektrik enerjisi ilə təmin edirik və ixrac da edirik. İxrac o təqdirdə edilə bilər ki, daxili tələbat tam ödənilsin. Biz indi buna nail ola bilmişik.”

Azərbaycanın hər sahədə qazandığı uğurlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirməsində əhəmiyyətli rol oynayır. Belə ki,  Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında daim liderliyini qoruyan Azərbaycan  enerji sahəsində də reytinqi ilə diqqət çəkir.  Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Forumu Azərbaycanı MDB məkanında birinci yerə layiq görüb. Dünya miqyasında isə ikinci yerdəyik. Azərbaycan  bu göstəriciyə görə ən inkişaf etmiş ölkələri qabaqlayıb.  Elektrik enerjisinin istehsalının və paylanmasının əsas məqsədi onun müəssisəyə və vətəndaşa çatdırılmasıdır.

Cənab İlham Əliyev uğurlarımız fonunda hədəfləri açıqlayarkən bildirir ki,  biz daim irəliyə baxmalıyıq. Haqqında bəhs etdiyimiz görüşdə də bu çağırış bir daha diqqətə çatdırıldı.  “Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənə bilmərik” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, həm “Azərenerji”, həm də “Azərişıq” qarşısında çox böyük vəzifələr qoyulub: “Əminəm ki, bu vəzifələr ardıcıllıqla icra ediləcək və beləliklə, elektrik enerjisi ilə təminat daim yüksək səviyyədə olacaqdır.”

Günümüzün əsas çağırışlarından olan yeni iş yerlərinin yaradılması ilk növbədə infrastrukturun yüksək səviyyədə  qurulmasını tələb edir.  Nəzərə alaq ki, istifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həlli deməkdir. Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi,  “ABAD” mərkəzlərinin sayının artırılması və fəaliyyətlərinin yüksək səviyyədə qurulması  bu tələbi daim aktuallaşdırır. Səbəbsiz olaraq demirik ki, bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan qaldırılır. Bu gün böyük fəxr hissi lə qeyd etdiyimiz uğurlarımızdan  biri  məhz qeyri-neft sektoruna investisiya yatırımının həcminin ilbəil artmasıdır. Hazırda  nəinki paytaxt, eyni zamanda, bölgələrimiz dünyanın diqqət mərkəzindədir. Ölkə əhalisi   günümüzün əsas tələbatları olan qaz, su, enerji təminatından razılıqlarını ifadə edirlər. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycanın hər bir bölgəsi, kəndi və qəsəbəsi iqtisadi tərəqqini öz həyatında hiss etməlidir. 

Görüləcək işlərdən geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bunların  təməlində generasiya güclərinin yaradılması dayanır. Son 15 ildə təqribən 3000 meqavata yaxın yeni generasiya gücləri yaradılıb,  bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərilir. Paylayıcı şəbəkənin müasir standartlara cavab verməsi gündəlikdə duran əsas məsələlərdən biridir. “Vaxt var idi ki, ölkəmizin enerji təminatı özəl qurumların əlində idi və bu praktika özünü doğrultmadı” söyləyən cənab İlham Əliyev yaranmış problemlərdən, çatışmazlıqlardan bəhs edərək, onların həllinə yönələn addımları bir daha diqqətə çatdırmışdır. Bu tələb qarşıya qoyulmuşdur ki,  növbəti illərdə artan tələbatımızı ödəmək üçün  yeni stansiyalar qurulmalı,  elektrik enerjisini təmin edən mövcud qurğular təftiş edilməli, yeni yarımstansiyalar inşa olunmalı, təmir edilməlidir: “Azərişıq” da öz işində ən müasir prinsipləri rəhbər tutmalıdır. Bizim bütün enerji təsərrüfatımız yüksək standartlara cavab verməlidir. Generasiyadan başlamış son nöqtəyə - vətəndaşların mənzilinə qədər elektrik enerjisi dayanıqlı şəkildə təmin edilməlidir.”

Yeganə Əliyeva, “İki sahil”