26 avqust 2020 10:54
5383

Bizim Mehriban

Belə bir müdrik deyim var: “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır.” Onun seçdiyi həyat yolu müstəqil dövlətin qurulmasına, Azərbaycan xalqının xoşbəxt gələcəyinə gedən yol idi. Həyatının mənasını yalnız xalqına xidmətdə görən insanlar üçün bundan böyük xoşbəxtlik ola bilməz. O, həyatının mənası Vətən, xalq, millət olan İnsana inanaraq bu yola çıxmışdı. Möhkəm iradəsi isə qarşısına çıxan bütün çətinlikləri dəf edərək böyük uğurlarını təmin etdi.

1964-cü ilin bu günündə dünyaya göz açanda onun Vətəninə bağlı, xalqının xoşbəxtliyi üçün çalışan bir şəxsiyyət olacağını yaxın ətrafı bilirdi. Çünki o, yuxarıda sadaladıqlarımızı həyat kredosuna çevirən ziyalı bir ailədə dünyaya gəlmişdi. Ancaq heç kəs Onun xalqın bu qədər sevimlisinə çevriləcəyini təsəvvür etməmişdi.

Bir məşhur atalar sözündə deyildiyi kimi: “Hər kəsi el istəsə bülənd olar, ucalar”. Bütöv bir elin, xalqın, millətin gözündə ucalmaq hər kəsə nəsib olmur. Millətinin hər bir övladının qəlbində taxt qurmaq üçün gərək Vətənini canından çox sevəsən, xalqının xoşbəxtliyi üçün əlindən gələni əsirgəməyəsən.

Böyük fransız yazıçısı Viktor Hüqo yazırdı ki, vətənpərvər bir insanın vəzifəsinin yarısı Vətəninə, digər yarısı da xalqına xidmət olmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həyatı boyu belə yaşayıb. O, öz xoşbəxtliyini xalqının xoşbəxtliyində görüb, gərəkli və faydalı vətəndaş olmağı bacarıb. Mehriban xanımın öz sözləri ilə desək: “Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir”.

“Həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm” deyən Birinci vitse-prezident dəfələrlə bəyan edib ki, onun bütün uğurlarının qazanılmasında Prezident İlham Əliyevin böyük xidmətləri var.

Amma, əlbəttə ki, Mehriban Əliyevanın ölkəmizin inkişafı, xalqımızın firavanlığı naminə gördüyü işlərin, əldə etdiyi nailiyyətlərin əsas hərəkətverici qüvvəsi ulu öndər Heydər Əliyevdən aldığı həyat dərsidir. Mehriban xanım ötən il avqustun 26-da, doğum günündə “Trend” İnformasiya Agentliyinə göndərdiyi məktubunda bunu belə izah edir: “Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.

Həyatının əsas Müəlliminə - Heydər Əliyev şəxsiyyətinə olan sevgisinin, Onun yoluna sonsuz sədaqətinin nəticəsi idi ki, Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Fondu azərbaycançılıq məbədinə çevirə bildi. Ulu Öndərin zəngin mənəvi irsini, onun azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fonduna rəhbərlik etdiyi ilk günlərdən Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə ötən müddət ərzində ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirib, insanlara, ehtiyacı olanlara kömək əlini uzadıb, onlara sevinc bəxş edib. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” kimi təhsil, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” adlı səhiyyə layihələrinin həyata keçirilməsi Ümummilli Liderimizin bu sahələrlə bağlı ideyalarının reallaşması istiqamətində atılan mühüm addımlardır.

Mehriban xanımın təşkilatçılığı ilə Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə Azərbaycan mədəniyyətinin inkişafına da öz dəyərli töhfələrini verir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək lazımdır. Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, çoxsaylı muzeylərin - Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və digər muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin yalnız bir hissəsidir. Fondun təşkilatçılığı ilə reallaşdırılan müxtəlif musiqi layihələri - Qəbələ, Aşıq, “Muğam aləmi”, Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivalları, muğam televiziya müsabiqələri, çoxsaylı konsertlər zəngin mədəniyyətimizin təbliğində mühüm rol oynayıb.

Ulu Öndərin ideallarını yaşadaraq ümumbəşəri dəyərlərə mühüm töhfələr verən Mehriban Əliyeva bu xoş məramı ilə beynəlxalq ictimaiyyətin də böyük hörmət və rəğbətini qazanmağı bacarıb. Heydər Əliyev Fondunun sərhəd tanımayan xeyirxah təşəbbüsləri Ona dünyada böyük nüfuz qazandırıb.

Fond tərəfindən Pakistan, Cibuti, Bosniya və Herseqovina, Misir, Hindistan, Haiti və digər ölkələrdə həyata keçirilən xoşməramlı aksiyalar dünyada Azərbaycana rəğbəti daha da artırıb. Heydər Əliyev Fondu dünyada mədəni irsin qorunmasına, tarixi-mədəni abidələrin və mədəniyyət obyektlərinin bərpasına da diqqətlə yanaşır. Strasburq Kafedral kilsəsinin XIV əsrə aid olan beş pəncərəsinin, Versal Sarayının parkındakı “Amazonka”nın və “Qulpları favn başları ilə bəzədilmiş vaza”nın, Fransada X-XII əsrlərə aid 7 kilsənin, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasını, Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini həyata keçirən Heydər Əliyev Fondu Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasında da iştirak edib, həmçinin İkinci Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulub.

Mehriban Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Birinci xanımın böyük xeyriyyəçilik fəaliyyəti, mədəniyyət, elm və təhsil sahələrində həyata keçirdiyi layihələr, zəngin mədəni irsimizin dünyada təbliği istiqamətindəki tarixi xidmətləri Onun daxili dünyasının zənginliyinin nəticəsidir. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi Mehriban xanım mədəni irsin qorunmasına, qadınların və uşaqların hüquqlarının müdafiəsinə, müəyyən səbəblərdən məktəbə gedə bilməyən uşaqların təhsilə cəlb olunmasına mühüm töhfələr verir. Elə məhz buna görədir ki, bütün dünyada Azərbaycanın birinci xanımı “Humanizm simvolu” kimi qiymətləndirilir.

Mehriban Əliyevanın millət vəkili kimi fəaliyyəti də təqdirəlayiq olub. 2005-2017-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Mehriban xanım bir qadının millətə vəkillik etməyinin etalonunu yaradıb. O, deputat seçildiyi Bakı şəhərinin Xəzər rayonunda yaşayanların hər bir müraciətinə həssaslıqla yanaşıb, daim onların qayğı və problemləri ilə maraqlanıb. O, çətin vəziyyətə düşən minlərlə insanın son ümid yeri olub. Mehriban xanımın təşəbbüsü ilə Xəzər rayonunda böyük quruculuq işləri aparılıb, onlarla məktəb, uşaq bağçası, mədəniyyət və səhiyyə müəssisəsi, digər sosial obyektlər istifadəyə verilib.

Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deputat qismində fəaliyyətinin yekunlarından bəhs edən birinci xanım deyib: “Mən çox şadam ki, bu illər ərzində biz Xəzər rayonunun inkişafı üçün bir çox işlər görmüşük, bir çox nailiyyətlər əldə etmişik. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Ümumiyyətlə, qəsəbələrin inkişafı üçün böyük işlər görülüb. Təbii ki, bu işlər, ümumiyyətlə, ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir. Amma mən Xəzər rayonunun deputatı olaraq, sizinlə bərabər hər zaman çalışmışam ki, irimiqyaslı layihələrlə yanaşı, insanlarla ünsiyyətdə olum, onların problemlərini eşidim, onları narahat edən məsələləri aradan qaldırmaq üçün əlimdən gələni edim”.

Məhz bütün bunlara görə Mehriban xanım deputat seçildiyi ərazidə demək olar ki, bütün seçicilərin rəğbətini qazanıb, 95 fazidən çox səs toplayıb. Mehriban xanım Əliyeva deputat olduğu dövrdə Onun təşəbbüsü ilə bir sıra qanunlar qəbul olunub. Ulu Öndərin ideyalarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirən Mehriban xanım amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək dəfələrlə amnistiya elan olunmasını təklif edib. Beləliklə, yüzlərlə ailəni sevindirib, yüzlərlə insanın cəmiyyətimizə yararlı vətəndaş olması üçün şərait yaradıb.

O, yüksək təşkilatçılıq qabiliyyətinə malikdir. Biz Mehriban Əliyevanın bu sahədəki bacarığını son illər ölkəmizdə Onun rəhbərliyi ilə bir sıra beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsindən də gördük. Həm “Eurovision” mahnı müsabiqəsi, həm Birinci Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunlarındakı yüksək təşkilatçılıqdan bütün dünya danışdı.

Bunların nəticəsi idi ki, dövlət başçısı 2017-ci il fevral ayının 21-də Mehriban xanımı Azərbaycanın Birinci vitse-prezidenti təyin etdi. Bununla da Mehriban Əliyevanın Vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yeni mərhələyə qədəm qoydu. Bu təyinat ona böyük sevgi, hörmət və ehtiram hisləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılandı. O bu işin də öhdəsindən layiqincə gəlir. Mehriban Əliyeva Prezident İlham Əliyev kimi xalqın etimad mənbəyinə, ümid yerinə çevrilib.

Mehriban xanıma ünvanlanan heç bir müraciət cavabsız qalmır. Odur ki, Birinci vitse-prezidentə müraciət edənlərin sayı çoxdur.

“Mən və ailəm çox acınacaqlı şəraitdə yaşayırdıq. Məni yeni, gözəl evlə təmin etdiyinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm”. Bakı şəhər sakini Sveta Məmmədovanın Birinci vitse-prezidentin ünvanına göndərdiyi minnətdarlıq məktubunda belə yazılıb. Prezidentin və Mehriban xanımın rəsmi internet səhifələrində belə minnətdarlıq məktubları yüzlərlədir. İnsanlar problemlərinin qısa müddətdə həll olunduğunu gördükcə Mehriban xanımı öz ümid yeri bilir.

O, Vətənini sevir və ölkəsinin gələcəyini düşünür. Ona görə də uşaqlara və gənclərə xüsusi qayğı göstərmək Onun fəaliyyətində qırmızı xətlə keçir. Dəfələrlə televiziya ekranlarından Mehriban Əliyevanın uşaq evlərinin açılışlarında iştirakını izləmişik. Hər dəfə görmüşük ki, birinci xanım o uşaqları necə bağrına basır. “Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik” deyən Mehriban xanım bu ölkənin gələcəyi olan hər bir uşağa öz övladı kimi yanaşır. Heydər Əliyev Fondunun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa olunub.

Uşaq evlərində böyüyənlər sonra taleyin ümidinə buraxılmır. Bu uşaqların uşaq evlərindən ayrılmasından sonra da təhsil almalarına, iş tapmalarına və ev əldə etmələrinə yardım edilir. Bakının Nizami rayonunun uşaq evinin yetirmələri olmuş Yasəmən və İbrahim Abzotovların məhəbbət hekayəsini xatırlamaq kifayətdir. Mehriban Əliyevanın qayğısı ilə bu gənclər təhsil alıb və işlə təmin olunublar. Amma gənclər təsəvvürlərinə belə gətirməzdi ki, Heydər Əliyev Fondu onların ən gözəl arzusunu reallaşdıracaq və toylarını təşkil edəcək. Birinci vitse-prezidentin təşəbbüsü ilə 2017-ci ilin mart ayında Bakıda valideyn himayəsindən məhrum olan bu gənclərin toy mərasimi keçirildi. Mehriban xanımın adından gənclərə toy hədiyyəsi olaraq avtomobil də təqdim edildi.

Bu iki gəncin məhəbbət hekayəsinin xoşbəxt sonluğu yalnız bir nümunədir. Mehriban xanımın qayğısı ilə əhatə olunan belə gənclər yüzlərlədir.

Mehriban xanımın Azərbaycan ziyalılarına, sənət adamlarına göstərdiyi qayğı barədə də çox yazmaq olar. Mənzili olmayanlara mənzil verilir, sağlamlığında problem olanların ölkə daxilində və xaricində müalicəsi təşkil edilir, görkəmli sənət adamlarının yubileyləri qeyd olunur. Mehriban xanım işinin çoxluğuna baxmayaraq, çətin vəziyyətə düşmüş sənət adamlarını axtarıb arayır, telefonla zəng edir, ağsaqqal, ağbirçək incəsənət xadimlərinin evinə gedir, onların qayğıları ilə maraqlanır. Bununla, Mehriban xanım cəmiyyətimizdə sənətə, sənətkara, bütövlükdə isə insana dəyər verməyin gözəl nümunələrini yaradır. Bu, mənəvi sərhədləri yox etməyə çalışan qlobal güclərə qarşı cəmiyyətimizin duruş gətirə bilməsi, gələcək mənəvi sağlamlığı üçün çox önəmlidir.

Mehriban Əliyevanın son illər Azərbaycanın inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və Ona olan inamı daha da artırır. Bu gün Mehriban Əliyeva dünya miqyasında tanınan və qəbul edilən siyasətçi kimi çox böyük nüfuza malikdir. Onun 2019-cu ildə Rusiya Federasiyasına səfəri bütün dünyada geniş rezonans doğurmuşdu. Prezident İlham Əliyev ötən ilin dekabr ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə bu barədə demişdi: “Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Vladimiroviç Putin ilə görüşü, Prezident tərəfindən Mehriban Əliyevaya “Dostluq” ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın Prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya Prezidentinin Azərbaycana münasibətinin təzahürüdür”.

Birinci vitse-prezidentin ötən il Fransaya səfəri və keçirdiyi görüşlər də Onun dünya miqyasında qəbul edilən siyasətçi olduğunu bir daha sübuta yetirdi.

Mehriban xanım gördüyü işlərlə, Prezident İlham Əliyevin apardığı islahatların reallaşdırılmasındakı xidmətləri ilə ölkə rəhbərinin Azərbaycanı müasir dünyanın çağırışlarına uyğun yenidən qurması işini daha da sürətləndirir, Onu ölkəmizi dünyanın böyük siyasi mərkəzinə çevirmək arzusuna hər gün daha da yaxınlaşdırır.

Onun bu çoxşaxəli fəaliyyəti dünya mediasının da diqqətindən yayınmır. Türkiyənin nüfuzlu “Türkiyə” qəzetində dərc olunan “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik ruzigarı” sərlövhəli məqalədə oxuyuruq: “Uzun illərdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb. Azərbaycana ciddi beynəlxalq təsiri olan layihələr gətirmək sayəsində dünyada Azərbaycanla bağlı lobbilərlə münasibətlər qurmağa nail oldu. Hər tərəfdən blokadaya alınan Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün mədəni layihələr işə salındı və bununla da blokadaların aradan qaldırılmasına başlanıldı. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi qeyd olunan istiqamətlərdə qazanılan nəticələri şərh etmək üçün həqiqəti ortaya qoydu. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva tamamilə fərqli bir yolu sınaqdan keçirməyə başladı. Cəmiyyətin fərqli siyasi təbəqələrini, hətta narazıları belə mərkəzə çəkməklə, onları dinləmək və etiraz etdikləri məsələlərin çarəsini tapmaq siyasəti birinci xanımın siyasi uzaqgörənliyini, güclü zəkasını və idarəetmə qabiliyyətini nümayiş etdirdi”.

Mehriban Əliyevanın mədəniyyətimizin, milli dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlər Azərbaycan xalqına tarixi xidmətdir. Prezident İlham Əliyevin dəstəyi ilə Onun milli dəyərələrimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər milli irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin daha bir nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilməsi ümumən mədəniyyətimizin beynəlxalq miqyasda tanıdılması yönündə uğurlu addımdır. Xalçalarımız illər əvvəl bəzi dünya ölkələrində İran, Qafqaz xalçaları kimi təqdim edilirdisə, bu gün Azərbaycan xalçaları kimi tanınır. Birinci xanımın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən “Azərbaycan mədəniyyəti günləri”ndə, sərgilərdə xalçalarımız da nümayiş etdirilərək xalqımızın milli dəyəri kimi təqdim olunur. Bundan başqa, Mehriban xanımın daha bir tarixi xidməti xaricdəki qədim Azərbaycan xalçalarının ölkəmizə qaytarılmasıdır. Bakı şəhərində inşa edilən, dünyada bənzəri olmayan Xalça Muzeyi binasının tikilməsində də Mehriban Əliyevanın və Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi xidmətləri vardır.

Mehriban xanım Azərbaycan xalçaçılarının da yaxın dostu, ümid yeridir. “Azərxalça”nın yaradılmasında, xalçaçılığın belə sürətli inkişafında ölkə rəhbərimizin ən birinci dəstəkçisi də məhz Mehriban Əliyevadır. Birinci vitse-prezidentin dövlət başçımızla birlikdə “Azərxalça”nın filiallarının açılışlarında iştirakı, toxucularla səmimi söhbətləri, onların qayğı və problemləri ilə maraqlanması Onun bu sahəyə nə qədər önəm verdiyinin, xüsusi diqqət göstərdiyinin bariz nümunəsidir.

Mehriban Əliyevanın Azərbaycan xalqına bütün müraciətlərinin sonunda belə yazılır: “Sizin Mehriban”. Bu sadə, səmimi müraciət forması Onun hər bir vətəndaşımıza necə qayğı ilə yanaşdığını, xalqımızın da Ona olan sevgisini göstərir. Müasir tariximizin bu ən güclü qadınının ən ümdə vəzifəsi Mehriban və səmimi olmaqdır. O, öz adı, şəxsiyyəti ilə cəmiyyətə ümid, inam, mərhəmət, xeyirxahlıq nuru saçır. Onun mənəvi dünyasındakı bu keyfiyyətləri daşıdığı ictimai-siyasi statuslar üzə çıxarmayıb. Mehriban xanım cəmiyyətin sıravi bir üzvü statusunda da Tanrının və taleyin Onun üçün müəyyən etdiyi müqəddəs missiyasını yəqin ki, yenə eyni tərzdə yerinə yetirəcəkdi. Mehriban xanım öz işıqlı siması və əməlləri ilə bütöv bir xalqın qəlbində özünə əbədi bir taxt qurub. Mehriban Əliyevaya yönəlmiş ümumxalq məhəbbəti və dəstəyi Onun xalqı üçün gördüyü heyrətamiz miqyasda işlərin nəticəsidir. Azərbaycan xalqı bilir ki, Bizim Mehriban bizim xoşbəxt gələcəyimizin etibarlı qarantlarından biridir. Bizim Mehriban hər birimizin etimad mənbəyi, ümid yeridir. Bizim Mehriban xalqımıza məxsus bütün dəyərləri özündə ehtiva edən görkəmli dövlət xadimi, böyük şəxsiyyətdir. O, hər bir vətəndaşımızı dinləməyə hazır olan, qayğı və problemləri ilə maraqlanan əsl xalq adamıdır. Onun heç bir titula ehtiyacı yoxdur. Azərbaycan xalqı onu özünə o qədər doğmalaşdırıb ki, o, sadəcə, Bizim Mehriban olub. O, bizdən biri olmağı bacardığına görə inanılır, sevilir, etibar olunur, böyük ehtiramla yanaşılır.

Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın işıqlı gələcəyi naminə hələ çox işlər görəcək. O, fəaliyyəti ilə adını Azərbaycan tarixinin qızıl səhifəsinə yazdırıb. Vətənimizin gələcək tədqiqatçıları ulu öndər Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın inkişafı və qüdrətli dövlətə çevrilməsinin müəllifləri sırasında Mehriban Əliyevanın da adını görəcəklər. Gələcək nəsillər Prezident İlham Əliyevlə yanaşı Mehriban xanımın da adını böyük minnətdarlıqla xatırlayacaqlar.

O,

Böyük Öndərimizin davamçısı

İlham Əliyevin ən sadiq silahdaşı

Ziyası ilə işıq saçan ziyalı

İrsimizin qoruyucusu

Mədəniyyətimizin hamisi

Millətimizin güvənc yeri

Etibarlı tərəfdaş

Humanizm ideallarına sadiqlik nümunəsi

Respublikamızın qurucularından biri

İnsanlıq və milli vətənpərvərlik mücəssəməsi

Beynəlxalq nüfuz sahibi olan görkəmli dövlət xadimi

Azərbaycanın işıqlı gələcəyinin qarantı

Nəhayət, hər kəsin üz tutduğu son ümid yeridir.

Tural Səfərov,

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi