KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Bloggerin sosial media “fırtınası” və mitinq manipulyasiyası

30 sentyabr 2019 11:33
1270

Lider, öndər, rəhbər! Bu adın daşıyıcısı cəmiyyət içində, hansısa qurumda ən öndə gələn, hər kəsi öz ardınca apara bilən birisidir. Liderin daş qoyduğu yerə onun ardıcılları-tərəfdarları baş qoyar! Tarixdə də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq!

Lakin özünü lider sanan, lider kimi qələmə verənlər də var ki, onların nəinki daş qoyduğu yerə, heç baş qoyduğu yerə də adamlar baş nədir, ayaq da qoymaq istəməzlər.

Şəxsən mən hər zaman belə düşündüm: liderim gəl desə dünyanın o başına da gedərəm!

Bu qısa girişdən sonra mətləbə keçirəm. Əli Kərimli abırdan saldığı AXCP və Milli Şura adlı qurumun adından sosial mediada manipulyasiyalarını davam etdirir. İş o həddə çatıb ki, bəlli bir kəsim buna az qala inanmaq üzrəykən onun özü hər şeyi alt-üst etdi. Bu adam sosial mediada qurduğu “həşəmətli” trol ordusuyla bəzi gəncləri və təcrübəsiz şəxsləri inandıra bilmişdi ki, ən güclüsü özüdür, istəsə hakimiyyəti bir mitinqlə ələ keçirə bilər. Bunun belə təbliğatına inananlar da hallanıb-aldanıb dedilər ki, a bəy, gəl o mitinqi keçirək, hakimiyyəti bitirək. Adam da hörmətli Eldar Əzizovun idarəsinə mitinqlə bağlı xəbərdarlıq etdi. Xəbərdarlıqda əvvəlcədən mümkünsüzlüyü bəlli olan iki yer göstərdi: 28 May metrosu və Gənclik metrosu meydanları. Ki, bu yerlərdə heç bir halda mitinq keçirmək mümkün deyil. O üzdən ki, ərazilərin hər ikisi Bakı şəhərinin ən işlək nəqliyyat qovşağıdır.

Əli Kərimli bu yerləri qəsdən seçmişdi ki, Bakı hökuməti ona mitinqin keçirilməsinin məqsədəuyğun olmaması barədə cavab versin. Bu da əlində o kağızı tutub dünyaya bağırsın ki, gördünüz, imkan vermirlər, bizdən qorxurlar. Amma gözünə döndüyüm Bakı hökuməti də bütün dünyanın gözü qarşısında Əli Kərimliyə gözəl bir məkan təklif elədi. Dedi ki, buyur, get, nə qədər istəyirsən mitinq keçir. Belə olanda Kərimli pat vəziyyətinə düşdü. Axı illərdir beynimizin qurdunu yeyir ki, bəs, arxamda 100 minlər, milyonlar var, bir himə bənddirlər ki, ayağa qalxsınlar. İndi isə bəlli oldu ki, o bir “himlə” ayağa qalxacağı deyilənlər elə Kərimlinin Facebook-dakı trollarıdır ki, onlar da fiziki olaraq mövcud deyillər. Yəni virtualdırlar, mitinqdə görüntü yaratmaq artıq onların işi deyil…

Kərimli bəhanə edir ki, hakimiyyət qəsdən mitinq üçün uzaq bir yer ayırıb. Uzaq deyəndə də bu yer Bakıdan kənarda deyil ki. Şəhər daxilindədir. Sadəcə 28 May, Gənclik kimi ərazilərə nisbətən uzaq sayıla bilər. Lakin lider doğrudan da lider olsa, arxasında da iddia etdiyi qədər güc olsa, nəinki Bakının mərkəzindən bir az aralı yerinə, hətta dünyanın o başına da gedər insanlar. Amma adam gerçək lider deyil ki. Yeni texnologiyaların imkanlarından istifadə edir, görüntü yaradır, real işə keçmək mərhələsi gələndə də belə biabır olur. Əslində, biz uzun müddətdir deyirik ki, Əli Kərimli çoxdan partiya sədri kimi tükənib. O, adi bir sosial media bloggeridir. Özü də fəaliyyətini pullu reklam edərək görüntü yaratmaqla məşğuldur…

Yeri gəlmişkən, Əli Kərimliyə mitinq üçün təklif edilən yerin YAP gəncləri tərəfindən çəkilmiş görüntülərinə baxdım. Möhtəşəm bir yerdir! Abad, səliqəli, geniş. Hazırda təmirdə olan “Məhsul” stadionundan qat-qat yaxşı yerdir. “Məhsul”a ən yaxşı halda 15 min adam sığdırmaq olarsa, bu yerə ən azı 30 min nəfər yerləşər. Əgər Əli Kərimlinin arxasında iddia etdiyi güc olsaydı, o, həmin yerə gedərdi. Yoxdur o güc! Dediyimiz kimi, adam artıq lider deyil, adi bir bloggerdir. Bloggerin çağırışıyla da 10 minlərlə adam mitinqə çıxmaz ki…

Sözardı: 2005-ci ilin parlament seçkilərində 56 saylı Xaçmaz kənd seçki dairəsindən namizəd kimi çoxsaylı açıq hava görüşləri keçirirdim. Sonuncu görüşü Xudat mədəniyyət mərkəzinin qarşısında geniş meydana elan etmişdik. Yerli hakimiyyətsə bizə şəhərin bir kənarındakı stadionu təklif edirdi. Biz razılaşmırdıq və çoxsaylı tərəfdarlarımız mərkəzdə toplaşmışdı. Yerli polis, icra işə qarışıb bizdən xahiş etdilər ki, xalqı oradan uzaqlaşdıraq. Bizsə bilərəkdən belə taktika seçmişdik. Bir xeyli danışıqlar apardıq, əhali daha da artdı. Meydan dolub-daşanda bəyan etdik ki, biz deyilən yerə – şəhərin aşağı məhəlləsindəki stadiona gedirik. Və şəxsən özüm öndə olmaqla insanları arxamıza alıb Xudatın içindən yürüşlə stadiona yollandıq. Bu isə effekti daha da artırdı. Biz stadiona çatanda insanların sayı artıq bir neçə minə çatmışdı. Cəsarətimizi – qərarlılığımızı görüb tərəddüd edənlər də ardımızca gəlmişdilər. Yeri gəlmişkən, bu mitinqin belə izdihamlı alınmasında yerli fəallardan Ramazan Əliyev başda olmaqla komandası böyük zəhmət çəkmişdi. Amma təbii ki, əsas olan liderin qətiyyəti idi ki, bunda qüsurumuz heç olmadı…