24 iyun 2020 16:45
248

BMT-nin baş katibi COVID-19-un həllindən danışdı

BMT-nin baş katibi Antoniu Quterriş COVID-19 infeksiyası ilə mübarizədə beynəlxalq koordinasiyanın olmamasını tənqid edib və heç bir ölkənin koronavirusa təkbaşına qalib gələ bilməyəcəyini deyib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, Antoniu Quterriş ölkələrin koronavirus infeksiyasına qarşı izolyasiyalı fəaliyyət göstərdiyini və beləliklə, vəziyyətin nəzarətdən çıxa biləcəyini bildirib. BMT-nin baş katibi problemin həllini qlobal koordinasiyalı fəaliyyətdə görür. Onun sözlərinə görə, siyasi, iqtisadi və sosial tədbirlərin koordinasiyası COVID-19 pandemiyasının iş yerlərinin itirilməsi, zorakılıq hallarının artması və insan hüquqlarının pozulması kimi nəticələrini yumşaltmağa kömək edəcək.

Antoniu Quterriş pandemiyanın əvvəlindən bu yana II Dünya müharibəsindən sonra ən böyük problem kimi gördüyü pandemiyanın həlli üçün beynəlxalq fəaliyyəti birləşdirməyə səy göstərir.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytının Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, dünyada 9 milyon 373 min 825 yoluxma və 480 min 170 ölüm faktı qeydə alınıb, 5 milyon 63 min 446 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 3 milyon 830 min 209 xəstədən 58 mininin vəziyyəti ağır qiymətləndirilir.