18 mart 2019 16:22
801

BMT: İstanbulun əhalisi ayrı-ayrılıqda 131 ölkədə olduğundan çoxdur

Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun hesabatında deyilir ki, Türkiyənin ən böyük şəhəri olan İstanbulda yaşayanların sayı ayrı-ayrılıqda götürüldükdə dünyanın 131 ölkəsinin əhalisinin sayından çoxdur.

AZƏRTAC təşkilatın hesabatına istinadla xəbər verir ki, 15 milyondan çox əhalisi olan İstanbul bu göstərici üzrə 131 ölkədən, o cümlədən Belçika (11,5 milyon nəfər), (Yunanıstan 11,1 milyon nəfər), Avstriya (8,8 milyon nəfər), İsveçrə (8,5 milyon nəfər) və Bolqarıstandan (7 milyon nəfər) irəlidədir.

2018-ci ildə Türkiyənin əhalisi 82 milyonu ötüb və bunun da 18,4 faizi İstanbulun payına düşür. Türkiyə Statistika İdarəsinin məlumatına görə, bu meqapolisin sakinlərinin sayı sürətlə artmaqdadır və son 5 ildə burada əhalinin sayı 907,257 nəfər çoxalıb.