Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
30 sentyabr 2020 01:29
321

Bolqarıstan KİV-ləri Ermənistanın növbəti təxribatları və cəbhədə gedən döyüşlər barədə məlumatlar yayıb

Bolqarıstanın “Fokus” xəbər agentliyi, “Cross” və “Novinita” xəbər portalı, eləcə də “Standard” qəzeti Ermənistanın növbəti hərbi təxribatı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətini geniş işıqlandırıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bəyanatını və cəbhədə baş verən gərgin döyüşlər barədə məlumat yayıblar.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Bolqarıstan ictimaiyyətinin diqqətinə Azərbaycan Müdafiə Nazirliyinin məlumatları da çatdırılıb. Qeyd olunub ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar verilib. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyməsi barədə bildirilib.