01 may 2020 10:10
2305

“BOS Şelf”in heyəti “Könüllü donor” aksiyasına qoşulur - FOTO

SOCAR-ın nəzdində fəaliyyət göstərən “BOS Şelf” şirkətinin əməkdaşları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Könüllü donor” aksiyasına qoşulmuşlar.

Aksiya COVID-19 pandemiyası ilə əlaqədar talassemiyadan, hemofiliyadan əziyyət çəkən, habelə təcili əməliyyata ehtiyacı olan şəxslər üçün həyati risk yaradan qan çatışmazlığının qarşısını almaq üçün təşkil edilmişdir.

Pandemiya zamanı yaşanan donor sayının kəskin azalması bu tip xəstələr üçün qan tədarükünü demək olar ki, mümkünsüz etmişdir. Vəziyyət talassemiyadan əziyyət çəkən xəstələrin, o cümlədən yaşamaq üçün gündəlik qan tədarükünə ehtiyacı olan uşaqların həyatı üçün yüksək risk yaratmaqdadır.

“Könüllü donor” aksiyasına cəsarətli addımları ilə töhfə verən, yüzlərlə insanın həyatını xilas edən hər kəsə minnətdarlıq hissləri “BOS Şelf” rəhbərliyi tərəfindən qeyd olunmuşdur: “Bütün bəşəriyyətin qarşılaşdığı bu çətin vaxtlarda, həyatı risk altında olan insanlara, xüsusən də müntəzəm qan köçürülməsinə ehtiyacı olan talassemiyadan əziyyət çəkən uşaqlara kömək etməyi özümüzə borc hesab edirik.”

Aprelin 8-də respublika rəhbərliyinin dəstəyi və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin və Azərbaycan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının iştirakı ilə start götürmüş “Könüllü donor” aksiyası talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə dəstək olmaq üçün ölkə üzrə vətəndaşları cəlb etməyə davam etməkdədir.