19 iyun 2019 10:43
1379

Boyatda bayram bayrama qarışdı

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Məhz 15 İyun - Milli Qurtuluş Günündə Ağcabədi rayonunun Boyat kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, ümumilikdə 467 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 49 min 424 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə  sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Boyat kəndi ilə yanaşı, hazırda Ağcabədi rayonunun Üzeyir Hacıbəyov, Həmidə Məmmədquluzadə, Qarabağ və Eldəniz Sadıqov küçələrini əhatə edən 4 yeni massivdə 128 fərdi evin qazlaşma işləri də yekunlaşdırılıb, istismara qəbul mərhələsindədir. Tezliklə  təbii qazın verilişi təmin ediləcək. 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmış, qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır.

Çıxış edən ictimaiyyət nümayəndələri kəndə  təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran SOCAR-ın prezidenti Rövnəq Abdullayev yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.

Zamin Məmmədov, “İki sahil”