13 dekabr 2019 12:34
1804

Boykot pozuculuqdur

Azərbaycan xalqı tarixin bütün dövrlərində dövlətinə sədaqət nümayiş etdirib, milli maraqları hər zaman müdafiə edib.

Milli maraqları hər şeydən üstün tutan, ömrünü xalqına xidmət etməyə həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq qalan Prezident İlham Əliyev də milli maraqları rəhbər tutaraq dövlətimizin inkişafına töhfə verir. Son dövrlər dərinləşən islahatlar da dövlətimizin inkişafına xidmət edir.

Azərbaycan Respublikası Milli Məclisinə çoxluğa malik Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə növbədənkənar seçkilərin keçirilməsi də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların effektivliyini artırmaq məqsədi daşıyır. Belə ki, dövlət başçımızın Sədri olduğu partiyanın ictimai nüfuzu sayəsində deputat seçilənlərin bəziləri seçicilərin etimadını doğrulda bilmədiyi üçün YAP-ın imicinə xələl gətirirdilər. Fevralın 9-da təyin edilmiş növbədənkənar seçkilərdə də seçicilərin etimadını doğrulda bilməyən sabiq deputatların namizədliyinin partiya tərəfindən irəli sürülməyəcəyi YAP rəsmiləri tərəfindən bəyan edilib.

Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da mətbuata açıqlamasında vurğulayıb ki, YAP vətəndaş mövqeyini, milli maraqları, dövlət maraqlarını bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yeniləşməsinin zəruriliyini aydın şəkildə ifadə edib.

YAP-ın milli maraqları bütün maraqlardan üstün tutmasının fonunda müxalifətin dağıdıcı qanadında təmsil olunan AXCP və bu partiyanın dominantlıq etdiyi “Milli Şura” antimilli mövqe nümayiş etdirərək seçkiləri boykot edir. Bu isə hətta müxalifətçilər tərəfindən də Ermənistanın maraqlarına xidmət, dolayısı ilə dövlətə xəyanət kimi qiymətləndirilir.

Siyasi təşkilat, siyasi hakimiyyət uğrunda mübarizə aparan birlik seçkilərdə iştirak etmirsə, bu, onların anti-milli fəaliyyətini nümayiş etdirir. Çünki seçkilərdə iştirak etməyən siyasi birlik hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirmək istədiyinin təəssüratını yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq müstəvidə demokratik imicinə xələl gətirməyə xidmət edir. Əgər biz, “Milli Şura”nın fəaliyyətinə diqqət yetirsək, görərik ki, ölkəmizin beynəlxalq imicinə xələl gətirmək üçün bütün vasitələrdən istifadə edirlər. Tez-tez beynəlxalq təşkilatlara müraciət Azərbaycanda demokratiyanın olmadığını bəyan edən “Milli Şura” funksionerləri rəsmi Bakının üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etmədiyi yalanını tirajlayırlar.

Milli Məclisə keçiriləcək seçkilərə də iştirak etməkdən imtina edən “Milli Şura” bu davranışı ilə ölkəmizdə mövcud olan demokratiyanın, söz və vətəndaş azadlıqlarının üzərinə kölgə salaraq beynəlxalq təşkilatlarda Azərbaycanda antidemokratik şəraitin höküm sürdüyü təəssüratını yaratmağa çalışırlar. Siyasi fəaliyyətlərində Azərbaycan xalqına deyil, beynəlxalq qüvvələrə ümid edən “Milli Şura” rəhbərliyi seçicilərin etimadını qazana bilməyəcəklərini bildikləri üçün seçkilərdən imtina edirlər.

Hikmət Şikarov: “Milli Şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur

“Milli Məclisə keçiriləcək seçkilərdə “Milli Şura”nın iştirak etməməsini milli maraqlara xələl gətirmək cəhdi kimi qiymətləndirmək mümkündürmü?” - sualımızı cavablandıran YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirdi ki, diqqətdən kənarda qalan siyasi qüvvələr bəyanat imzalamaqla özlərinin mövcud olduqlarını göstərmək istəyirlər: “Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sistemli, hərtərəfli islahatlar həyata keçirilir. Artıq bir neçə ildir ki, Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub. Bu islahatlar 2019-cu ilin əvvəlindən daha geniş vüsət alıb və bir çox sahələri əhatə edir. Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölkəmizin hərtərəfli inkişafına nail olmağa, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. Bu gün biz elə bir mərhələyə qədəm qoymuşuq ki, hər bir dövlət qurumu, hər bir vətəndaş öz fəaliyyəti ilə Prezidentin həyata keçirdiyi islahatlara dəstək verməli, həmin islahatları öz fəaliyyətində tətbiq etməlidir. Bu mənada Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması haqqında təşəbbüsü ilə Azərbaycan parlamentinin dövlət başçısının həyata keçirdiyi islahatlara dəstək məqsədilə buraxılması və ölkədə həyata keçirilən islahatlara cavab verə biləcək yeni qanunverici orqanın formalaşması istiqamətində atılan addım təqdir edilməlidir”.

H.Şikarov hesab edir ki, bəzi radikal müxalifət partiyaları və siyasi birlikləri elektoratlarını itiriblər deyə, hamının qəbul etdiyi və razılaşdığı qaydalar onları razı salmır: “Bu radikal təşkilatlardan biri də tərkibi ancaq antimilli şəxslərdən ibarət olan “Milli Şura”dır. Yarandığı gündən fəaliyyəti yalnız uğursuzluqlardan ibarət olan bu təşkilatın nə auditoriyası, nə də xalqımız üçün səmərəli fəaliyyəti olmayıb. Bir qurum ki, il ərzində 8 dəfə aksiya keçirib və hamısında da iflasa məhkum olursa, bu artıq onların ictimai etimadlarının sıfırın altında olduğundan xəbər verir. Şurada təmsil olunanların hər biri yalnız özü üçün maraq kəsb edir, başqası üçün yox! Burada vahid ideya, əqidə, məqsəd yoxdur. Əksinə “Milli Şura” şəxsi maraqlar zəminində formalaşan qurumdur. Buna görə də boykot variantı seçən bu siyasi qüvvələrin sosial bazalarının zəif olması ilə əlaqədar seçkidə uduzacaqlarını bildiklərinə görə, seçkiyə qatılmadıqları cəmiyyətə məlumdur. Seçkini boykot etməklə, bəyanat imzalamaqla diqqətdən kənarda qalan siyasi qüvvələr özlərinin mövcud olduqlarını göstərmək istəyirlər. Amma cəmiyyət üçün onların nə demək istədikləri və mövcudluqları maraqlı deyil. Əgər həqiqətən də “Milli Şura” adlandırılan qurum, iddia etdiyi kimi, xalqı təmsil edirsə o zaman seçkidə iştirak edib xalqın dəstəyini qazanardılar. Buna görə də seçkidə iştirak etməkdən boyun qaçıran siyasi qüvvələrin heç bir mənəvi hüquqla nə seçki prosesinə, nə də seçkinin nəticələrə dair fikir səsləndirmələri qəbul edilən deyil”.

Nəzakət Məmmədova: Bu, Azərbaycan xalqına qarşı psixoloji təxribatdır

Müxalifətdən olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksioneri, politoloq Nəzakət Məmmədova da söylədi ki, Azərbaycanda hazırda tarixdə misli-bərabəri görünməmiş geniş miqyaslı islahatlar prosesi gedir: “Bu gün Azərbaycanda da islahatlar geniş vüsət almışdır və bu, zorakılıq, qan tökülməsi, vətəndaş qarşıdurması ilə yox, dövlətin zirvəsində, hakimiyyət piramidasının ən yuxarısında dayanan Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və bilavasitə dəstəyi ilə həyata keçirilir. Təqdirəlayiqdir ki, cəmiyyət bunu alqışlayır, Prezidentə inanır və bu islahatların uğurla başa çatmasına böyük etimadla yanaşır. Əksər siyasi qüvvələr, cəmiyyətin mütləq əksəriyyəti bu prosesdə inamla, ruh yüksəkliyi və dəyişikliklər ümidilə iştirak etdiyi halda bir qrup radikal müxalifət düşərgəsinin mənsubları yenə də öz əvvəlki ampluasında qalaraq, obyektiv reallığı görməzdən gəlməyə çalışaraq, prosesin müsbət istiqamətdə cərəyan etməsinə inkarçılıq mövqeyindən yanaşırlar. Bu azmış kimi sərəncamlarında olan media resursları vasitəsilə həqiqətləri təkzib etməyə çalışaraq, xalqı çaşdırmağa, onları dövlətlə qarşıdurmaya sürükləməyə cəhd edir”.

BAXCP rəsmisi bildirdi ki, təmsil etdiyi partiyanın sədri Qüdrət Həsənquliyev prinsipial mövqe nümayiş etdirərək islahatların vacibliyini vurğulayır, bunun dövlətimizin və millətimizin gələcəyi üçün tarixi şans, mühüm mərhələ olduğunu bəyan edir: “Biz partiya olaraq Prezidentin başladığı bu islahatlara dəstək veririk və prosesin uğurla başa çatmasını arzu edirik, eyni zamanda, bunun üçün əlimizdən gələni etməyə hazırıq və edirik. Habelə, müəyyən konstruktiv siyasi qüvvələr də prosesin zərurətini dərk edirlər. Lakin radikal düşərgə hər vəchlə bu məsələdə, həmişə olduğu kimi, baykot taktikasına üstünlük verirlər. Bununla pozuculuq fəaliyyəti həyata keçirməyə, cəmiyyətə hər şeyi mənfi çalarda təqdim etməklə insanlarda inamsızlıq, ruh düşkünlüyü yaratmağa çalışırlar. Bu, Azərbaycan xalqına qarşı psixoloji təxribatdır”.

N.Məmmədova hesab edir ki, seçkilərə müdaxilə dövlətin siyasi sisteminə, idarəetmə proseslərinə ən real müdaxilə, onu yönləndirmə vasitələrindən biridir: “Heç şübhəsiz ki, Azərbaycandakı proseslərə bu cür müdaxilə planları həmişə olub, indi də var. Bu, demokratiya, insan haqlarının pozulmasının qarşısının alınması, seçkilərdə şəffaflığın təmin olunması və s. adlar altında həyata keçirilir. Müdaxilə edən qüvvələr təkcə özünə yaxın olan qüvvələri seçkilərdə iştiraka təşviq etməklə proseslərdə iştirak etməklə yox, eyni zamanda, seçkini boykota təhrik etməklə seçkini pozmaq, qeyri-sabitliyə rəvac vermək və s. yollarla da müdaxilə edə bilərlər. Əgər hər hansı siyasi qüvvə şəraiti bəhanə edib hər dəfə seçkilərdən imtina edirsə, bu, onun özünə inamsızlığının təzahürüdür. Siyasi mübarizə tarixin heç bir dövründə asan olmayıb. Bu, həyatın, fəlsəfənin qanunauyğunluqlarına zidd olardı. Lakin əsas olan şəraiti doğru qiymətləndirib obyektiv, real, adekvat qiymət vermək və prosesin axarına yön verməyə çalışmaqdır. Bunu edən siyasi qüvvələr, liderlər daima cəmiyyətin, xalqın etimadını qazanmış, siyasi səhnədə yer tutmağa layiq olduqlarını isbat edə bilmişlər. Boykot zəiflik, öz gücünə inamsızlıqdır və çör-çöpün nəhəng axına qarşı getməyinə bənzəyir. Baş verməmiş bir prosesdə hakimiyyəti ittiham edib boykot taktikası yeritmək məntiqsiz və əsassız addımdır. Öz qüvvəsinə inanan siyasi qüvvə seçkiyə getməli və əgər doğrudan da iddia edildiyi kimi, saxtalaşdırma baş verərsə, bunu dəlillərlə sübut edib faktlar əsasında iddia irəli sürə bilərlər. Bu, baş vermədiyi təqdirdə boykot pozuculuq fəaliyyətindən başqa bir şey deyildir.

Məhərrəm Ağalaroğlu,

"İki sahil"