11 oktyabr 2019 19:48
217

Böyük insan haqqında kiçik yazı

Hər gün gördüyün, iş prosesində ünsiyyətdə olduğun insan haqqında yazı yazmağın bu qədər çətin olduğunu bilməzdim. Amma yadıma düşən,  zaman-zaman işarası dediyi hansısa fikri, tövsiyəsi, bəzən şikayətləri yaxınımızda olsa da uzaqdaymış kimi görünən akademik İsa Həbibbəylinin qismən də olsa portretini canlandırmağa  kömək etdi.

Alimin 70 illik yubileyi ilə bağlı mətbuatda dərc olunan yazıları oxuduqca düşünürəm ki, gördüyü genişmiqyaslı işlərin görünən və görünməyən tərəflərini, şəxsiyyətinə aid cizgi və detalları əks etdirən bu məqalələr, ürək sözləri İsa Həbibbəyli haqqında gələcəyə yazılmış məktublardır.

İsa Həbibbəyli ona verilən zamanın ömrünü uzadan alimdir. “Üç gecə yatmasan, bir gün qazanmış olarsan” - deyə-deyə, bəzən zamanın özünü, onun ölçü meyarını - saatı, günü, ayı, hətta fəsilləri unudub, təbiət vurğunu olsa da, özünü onun gözəlliyini seyr etməkdən məhrum edib, işləyə-işləyə uzadıb zamanın ömrünü. Təkcə zamanın yox,  həm də bir insan ömrünü. Bir ömrün içinə alim ömrü, müəllim ömrü, ictimai-siyasi xadim, rəhbər işçi, övlad, ata və baba  ömrü sığışdırmaqla uzadıb. “Gördüyüm işin mahiyyətini dərk etdiyimə görə bilirəm ki,  həyatımı qurban verməyə dəyər” - desə də, əslində həyatını qurban vermir, İsa müəllim, işini həyatının mənasına çevirməyi bacarır. “Cəlil Məmmədquluzadə mənim taleyimdir” - deyib tədqiqat sahəsini taleyi ilə tən tutan akademikin ədəbiyyatşünas alim kimi fəaliyyətinə, tədqiqatlarına, monoqrafiyalarına və hələlik sonuncu olan “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri”  kitabına nəzər yetirsək görərik ki, o, təkcə Mirzə Cəlili deyil, bütövlükdə ədəbiyyatı taleyinə, onun yazısına və mənasına çevirib.

Akademikin AMEA-nın vitse-prezidenti kimi gördüyü işlərə - “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları”, “Qayaüstü mədəniyyət: mif, yaradıcılıq, dünya”, “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr”, “Azərbaycan Xalq Cümhuriyyəti-milli dövlətçiliyin ideya əsasları və müasirlik” kimi Beynəlxalq elmi konfransları təşkil etməsi, “Ortaq türk ədəbiyyatı” dərsliyinin yazılmasında iştirakı  göstərir ki, o, bir çox strateji məqamlara diqqət yönəltməklə bir neçə taleyüklü məsələlərdə də özünü cavabdeh bilib. İsa müəllimin Milli Məclisin Elm və təhsil, Toponimika komitələrinin sədri kimi fəaliyyəti də sadalanan taleyüklü məsələlərin ardı, yaxud tərkib hissəsi kimi dəyərləndirilməlidir. Ədəbiyyat İnstitutunun qapılarının həm Azərbaycanın müxtəlif bölgələrinə (Şamaxı, Şabran, Quba, Qusar, Naxçıvan), həm də dünyanın dörd tərəfinə (Latın Amerikası, Hindistan, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Almaniya, Bolqarıstan, Moldova) açılması, əməkdaşlıq müqavilələrinin imzalanması dövlət siyasətinin bir İnstitut çərçivəsində reallaşması deməkdir.

Akademik Mahmud Kərimovun bir zamanlar ideyalı alim adlandırdığı İsa müəllim bir-birindən maraqlı neçə-neçə yeni layihələrin (“Fizika və lirika”, “Bədii yaradıcılıq+”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala”, “Ədəbiyyatşünaslıqda azərbaycançılıq konsepsiyası” müxtəlif jurnal və qəzetlərin Ədəbiyyat İnstitutuna həsr olunmuş xüsusi buraxılışların )  müəllifi kimi də tarixə imza atıb. 

“Taleyimin ən sevincli hadisəsi Azərbaycanın müstəqilliyini görmək olub” deyən ictimai-siyasi xadim İsa Həbibbəylinin bu sahədəki xidmətlərindən danışmasam da, Ədəbiyyat İnstitutunda  rəhbərliyi və həmmüəllifliyi ilə hazırlanan ikicildlik geniş həcmli “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” monoqrafiyasını dövlət müstəqilliyinin 25 illiyinə akademikin ən dəyərli töhfəsi kimi qeyd etməliyəm.

İsa Həbibbəyli aid olduğu şəcərənin özünəqədərki mənsublarına dəyər verdiyi qədər özündənsonrakı nümayəndələrinə də diqqət yetirir, nəsillər arasındakı bağın, körpünün möhkəmliyinə çalışır, təqvimin əlamətdar günlərini Qəndab ana və nəvələriylə keçirir, onları bir süfrə arxasına yığmaqla həm də ailə anlayışının müqəddəslik statusunu qoruyur,  burada da nümunə və örnək olmağı bacarır.  Eyni həssaslığı rəhbərlik etdiyi institutda da görürük. Vaxtilə institutda çalışmış, rəhbərlik etmiş Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Məhəmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Yaşar Qarayevin ədəbi irsinə ehtiram göstərdiyi kimi, institutun ən gənc doktorantlarının, elmi işçilərinin məqalələri, ilk tədqiqqatları haqqında  xoş sözlərini  səxavətlə söyləyir.

“Əvvəl  böyüklərimin, sonra özümün özümə dediyi “olmaz-olmaz”lar məni bu günlərə gətirib çatdırıb” deyən akademik - bizə o qədər zaman verilməyib ki, onları hansısa incikliklərə, çəkişmələrə, şəxsi ədavətlərə sərf edək, onlar böyük işlərimizə mane olar, deyib, bir çətinlik olarkən “həll edin”, “kömək edin”, “çıxış yolu tapın” tapşırığını verir və beləliklə, kiçik hisslərin fövqünə qalxmağı,  biz gənclərə bir nümunə olmağı bacarır.

“Cəmi 7 sinif oxuyan  90 yaşlı Zəhra ananın məntəqəyə gəlib mənə səs verməsi həyatımın ən dəyərli hədiyyəsidir” deyən və hər bir seçicisinin səsini eşidən, o səsi cavabsız qoymayan millət vəkili yaxşılıq etməyi, köməklik göstərməyi bu həyatdakı missiyası, alın yazısı hesab edir.

Bir gün iş otağında vacib bir işin müzakirəsi vaxtı  qar yağdığını görüb ayağa qalxan akademik  pəncərəyə yaxınlaşıb seyr etməyə başladı, “kiçik çilənin qarıdı, işin çoxluğundan təbiətin varlığından  zövq almağa vaxt tapmırıq” deyib yenə iş masasının arxasına, onu gözləyən neçə-neçə vacib və xeyirxah qərarların, layihələrin yanına qayıtdı.

İsa müəllim, Sizə ədəbiyyatımız, elmimiz, təhsilimiz üçün gördüyünüz böyük işlərin arasında vaxt tapıb neçə-neçə çiçəkli baharın, qarlı qışın gözəlliyini duyub yaşamağı diləyirəm.

Aygün Bağırlı,

filologiya üzrə fəlsəfə doktoru, dosent