10 yanvar 2020 13:03
571

Böyük Misir Muzeyi ildə 5 milyon ziyarətçi cəlb edəcək

Misirin Nazirlər Kabineti ildə 5 milyon ziyarətçi qəbul edəcək Böyük Misir Muzeyinin infoqrafik məlumatını dərc edib. “Traveler Conde Nast” və “Architectural Digest” nəşrlərində göstərilir ki, dünyanın bu ən böyük arxeologiya muzeyində bütöv bir sivilizasiyaya həsr edilmiş 49 603 artefakt nümayiş etdiriləcək.

AZƏRTAC MENA informasiya agentliyinə istinadla xəbər verir ki, muzeydə işlərin 90 faizi başa çatdırılıb və onun bu ilin ilk aylarında istifadəyə veriləcəyi gözlənilir. İnfoqrafik məlumatda qeyd olunub ki, Böyük Misir Muzeyi ilə yanaşı, İsgəndəriyyə şəhərindəki Baron Palasda, Yəhudi Məbədində (Eliyahu Hanbi), Luksorda və Giza piramidalarında da bərpa işləri yekunlaşmaq üzrədir.

Misirin Qədim Abidələr Nazirliyinin məlumatında bildirilir ki, 2019-cu ildə 25 arxeologiya layihəsinin, o cümlədən Fayumdakı Mortar piramidasının bərpasının inauqurasiyası keçirilib, Müqəddəs Yekaterina monastırında bərpa işlərinin birinci fazası başa çatdırılıb. Bundan başqa, “Business Insider” nəşrinə görə, Luksorda 30 tabutun olduğu Assassif yeraltı anbarının tapılması ötən ilin ən mühüm elmi kəşflərindən biri olub. Digər əhəmiyyətli tapıntı Misir fironlarının beşinci sülaləsinin Saqqara yaşayış məskənində aşkar edilmiş sərdabası olub. ABŞ-ın “Archeology” jurnalı bu sərdabanı 2019-cu ilin 10 ən yaxşı arxeoloji kəşflərindən biri hesab edib. “Live Science” nəşri isə Luksorda yerləşən Krallar Vadisində aşkar edilən qədim dəfn mərasimləri alətlərini ötən ilin ən yaxşı tapıntısı elan edib.

Qeyd olunub ki, muzeydə müxtəlif xarici ölkələrdən geri alınmış 23 qədim abidə də yerləşdirilib. Muzeyin girişində isə Misirin ən görkəmli fironlarından biri II Ramzesin abidəsi qoyulub.