04 dekabr 2019 19:58
118

Brandl hesab edir ki, Alonso 2021-ci ildə “Reno”ya qayıda bilər

Formula 1-in sabiq pilotu, hazırda “Sky Sports”un eksperti Martin Brandl ikiqat dünya çempionu Fernando Alonsonun gələcək karyerası barədə fikirlərini bölüşüb. Xatırladaq ki, ispan pilot Formula 1-i 2018-ci il mövsümü başa çatanda tərk edib, lakin tez-tez 2021-ci ildə yeni texniki reqlament qüvvəyə minəndə geri qayıdacağından danışır.

AZƏRTAC xəbər verir ki, Brandlın fikrincə, belə variant mümkündür və Fernando “Reno” ilə müqavilə imzalayacaq.

“Marca” nəşri Brandlın bu sözlərini sitat gətirib: “Fernando Alonso təsdiq edib ki, 2021-ci ildə Formula 1-in start düzülüşünə qayıtmaq istəyir. Çox güman, bu, “Reno” komandası olacaq. Hazırda Formula 1 diqqətini gənc pilotlar üzərində cəmləşdirib, lakin Lekler və Ferstappenə bənzəyən pilotlar o qədər də çox deyil. Hətta “Red Bull”un gənclər proqramı da yavaşıyıb”.

Xatırladaq ki, Alonso “Reno” komandasının heyətində oynayıb və bu komanda ilə iki titul qazanıb.