07 avqust 2019 15:57
218

Brexit Norveçə güclü zərbə vuracaq

Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (Brexit) Norveçə güclü zərbə vuracaq.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, almanların apardıqları tədqiqat Norveçin Brexit nəticəsində daha böyük iqtisadi itkilərə məruz qalacağını müəyyən edib. Müəlliflər qeyd edirlər ki, yalnız Böyük Britaniyanın özü və Lüksemburq Norveçdən daha çox zərər görəcəklər.

Tədqiqatın nəticələrində qeyd olunur ki, Böyük Britaniyanın Avropa İttifaqını sazişsiz tərk etməsi durumunda, başqa sözlə desək, “sərt” Brexitin baş verəcəyi təqdirdə iqtisadi itkilər Norveçin hər sakini üçün 220 avro olacaq. Lakin Londonun son nəticədə Brüssel ilə razılaşma əldə etdiyi təqdirdə itkilərin məbləği 120 avroyadək düşə bilər. Eyni zamanda, Norveç məmurları bəyan ediblər ki, onlar oktyabrın 31-də Böyük Britaniyanın Aİ-ni sazişsiz tərk edəcəyi ehtimalına qarşı Londonla saziş layihəsi hazırlayıblar.

Lakin bir çoxları hesab edirlər ki, tərəflər arasında saziş əldə olunacaq və bu razılaşma Aİ-nin üzvü olmayan, amma Avropa İqtisadi Zonasına daxil edilən Norveçə də şamil olunacaq. Belə ki, London uzun illər ərzində Oslonun ən iri ticarət tərəfdaşı olub. Statistik məlumatlara görə, bu ölkə hər il Böyük Britaniyaya 21,5 milyard dollarlıq mal ixrac edib.