20 iyul 2019 09:33
951

Britaniya İranı hədələyib

Britaniyanın xarici işlər naziri Ceremi Hant "Sky News" nəşrinə müsahibəsində xəbərdarlıq edib ki, İran hökuməti Krallığa məxsus "Stena Impero" tankerini dərhal azad etməyəcəyi təqdirdə, bunun nəticələrinə qatlaşmalı olacaq. Lakin o, burada güc tətbiqi variantının nəzərdən keçirilmədiyini bildirib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, onun sözlərinə görə, "Stena Impero" tankeri vertolyotun dəstəyi ilə dörd İran gəmisi tərəfindən mühasirəyə alınıb.

Hantın məlumatına görə, daha sonra tanker kursunu dəyişib və İranın ərazi sularına doğru istiqamət alıb.

"Gəminin göyərtəsində 23 nəfər olub və o, Britaniya bayrağı altında üzüb. Onların arasında britaniyalı yoxdur, lakin biz heyət üzvlərinə görə narahatıq", - deyə o əlavə edib.

"Mən bu gün axşam ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə vəziyyət barədə danışdım, İranın xarici işlər naziri Cavad Zərif ilə danışmağa cəhd göstərdim, lakin başa düşdüyüm qədəri ilə o, təyyarədə idi, odur ki, onunla ilk fürsətdəcə danışacağıq", - deyə XİN rəhbəri bildirib.

Hant qeyd edib ki, yaranmış vəziyyət qəbuledilməzdir və yaxın vaxtlarda hökumət üzvləri "Cobra"nın fövqəladə iclasında onu müzakirə edəcəklər.

"Vəziyyət dərhəl öz həllini tapmasa, ciddi nəticələri olacaq…biz hərbi variantları nəzərdən keçirmirik, gəminin tezliklə azad edilməsi üçün diplomatik üsullar axtarırıq", - deyə nazir qeyd edib.