28 may 2020 16:08
1055

Brüsseldə onlayn konfrans keçirilib

Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı Nümayəndəliyinin və mərkəzi Brüsseldə yerləşən “Avropa Qonşuluq Şurası” adlı nüfuzlu beyin mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü ərəfəsində “Avropa İttifaqının bağlantılar siyasəti və bu xüsusda Azərbaycanla münasibətlərin perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə ölkəmizin Avropa İttifaqı yanındakı Nümayəndəsi səfir Fuad İsgəndərov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit və Portuqaliyanın Koimbra Universitetinin dosenti Lisinia Simao iştirak və çıxışlar ediblər.

Müzakirələr zamanı koronavirus pandemiyanın ilk dövrlərindən etibarən əksər ölkələr tərəfindən həyata keçirilən məhdudlaşdırıcı tədbirlər səbəbilə beynəlxalq tədarük zəncirlərinin fəaliyyətində yaşanan çətinliklər fonunda, Azərbaycanın öz ərazisindən keçən bütün beynəlxalq nəqliyyat/tranzit dəhlizlərini açıq saxlamaqla, Avropa ölkələrinin tədarük təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb. Avropalı mütəxəssislər tərəfindən ölkəmizin formalaşmaqda olan yeni beynəlxalq ticarət-logistika sistemində Avropa üçün artan strateji əhəmiyyətinə diqqət çəkilib, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsindəki strateji tərəfdaşlığın yeni dövrdə nəqliyyat-logistika sahəsinə də genişlənərək daha güclü tərəfdaşlıq münasibətlərinin inkişafına şərait yaratdığı bildirilib.

Səfir F.İsgəndərov hazırda 102 yaşını qeyd edən Azərbaycan Respublikasının tarixi ərzində öz qonşuları ilə olan əlaqələrə və daha geniş regional əməkdaşlığa verdiyi əhəmiyyəti qeyd edib, müstəqilliyini təkrar bərpa etikdən sonra ölkəmizin Gürcüstan, Türkiyə, Ukrayna, Avropa İttifaqı, habelə Mərkəzi Asiya və qlobal Asiya ilə enerji və nəqliyyat bağlantılarının genişləndiriməsi istiqamətində apardığı xarici iqtisadi siyasət barədə məlumat verib. Səfir Cənubi Qafqazın digər dövləti olan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbilə bütün regional əməkdaşlıq layihələrindən kənarda qaldığını və işğalı davam etdirdiyi müddətdə bunun dəyişməyəcəyini vurğulayıb.

Onlayn konfrans zamanı, həmçinin pandemiya dövründə ölkəmizin makro-iqtisadi göstəriciləri barədə məlumat verilib, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə son illərdə həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılmasında əhəmiyyətli rol oynadığı deyilib. //AZƏRTAC