15 noyabr 2019 20:11
200

BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub

Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının təşkilatçılığı ilə 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

BSU-dan bildirilib ki, tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Xanım Sultanova Azərbaycanda tolerantlığın dərin köklərinin olduğunu, ölkəmizdə yaşayan insanların tarixboyu bir-birinin inam və etiqadına, etnik müxtəlifliyinə hörmət və ehtiramla yanaşdığını bildirib. O qeyd edib ki, Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində məqsəd dünya xalqlarını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa səsləməkdir.

Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri İbrahim Quliyev çıxışında Beynəlxalq Tolerantlıq Gününün yaranma tarixi haqqında məlumat verərək Azərbaycanın hazırda bütün dünyada tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən söhbət açan İ.Quliyev Azərbaycanın bu gün müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisi olduğunu deyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tolerantlıq və multikulturalizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirdikləri tədbirlərdən danışıb.

Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Sevda Axundova “Heydər Əliyev və tolerantlıq”, kafedranın baş müəllimi Günay Vəliyeva “BSU-da tolerant mühit”, kafedranın müəllimləri Nərmin Elyasova “Tolerantlıq və onun növləri”, Səbinə Məmmədova “Azərbaycanda tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının dosenti Hacı Rauf ölkəmizdə tolerantlıq mühiti və multikultural dəyərlər mövzusu ətrafında fikir və rəylərini bildiriblər.