09 iyul 2020 17:43
968

Bu, Azərbaycan diplomatiyasının çox böyük bir uğurudur

"Reallıq odur ki, BMT-nin xüsusi sessiyaları çox nadir hallarda çağırılır. Amma dövlət başçımızın bu təşəbbüsü, xüsusi bir sessiyanın keçirilməsi, pandemiya ilə bağlı mübarizə yollarını axtarması və COVİD 19-a qarşı hansısa bir addımların atılması əlbəttə ki, böyük rəğbətlə qarşılandı".

Bunu Milli.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov Prezident İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreşin telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan Prezidentinin təşəbbüsünü 130-dan artıq ölkənin dəstəkləməsi Azərbaycana, Azərbaycanın Prezidentinə, Prezident tərəfindən irəli sürülən təşəbbüsə böyük bir etimadın nümunəsidir:

"Onu qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən 130-dan artıq ölkə, demək olar ki, BMT üzvlü ölkələrin sayını təsdiq edir. Bu, Azərbaycana, Azərbaycanın Prezidentinə, Prezident tərəfindən irəli sürülən təşəbbüsə böyük bir etimaddır. Çünki biz ümumiyyətlə bir sıra məsələlərdə təşəbbüskar kimi çıxış edirik. Yaxşı başa düşürük ki, COVİD-19 ümumi bir bəladır, ümumi bir problemdir. O problemin həlli üçün ümumi səylər lazımdır. Bu səylər olmasa və dünya birgə bu problemi hədəfə alıb hansısa çıxış yollarını tapmasa bəşəriyyət bundan da pis vəziyyətə düşə bilər. Ona görə dövlət başçısının belə bir təşəbbüsü həm Azərbaycanın adından, həm 120 ölkəni əhatə edən Qoşulmama Hərəkatı adından önemli bir addım idi. Hesab edirəm ki, Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə arasındakı telefon danışığı zamanı bir sıra çox mühüm məqamlara diqqət yetirdi. O da sevindirici bir haldır ki, Baş katib bunu məmnunluqla qəbul etdi, başa düşdü. Hətta Prezident bunu da bəyan etdi ki, BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi ilə əlaqədar texniki-logistik məsələləri Azərbaycan öz üzərinə götürməyə hazırdır". 

Politoloq qeyd edib ki, Azərbaycanın xarici siyasət arenasında atdığı addımlar onu göstərir ki, dünya dövlətləri tərəfindən Azərbaycanın yürütdüyü siyasət böyük rəğbətlə qarşılanır:

"Biz belə sessiyaların keçirilməsində maraqlıyıq. Biz başa düşürük ki, söhbət cəmiyyətin böyük problemlərlə üzləşdiyi məsələlərdən gedir. Burada bir məqam var, diqqəti xüsusilə ona yönəltmək istərdim: Ermənistan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünə qarşı çıxdı. Bu da aydın məsələdir. Burada təəccüblü bir şey yoxdur. Ermənistanın Azərbaycana fob, irqçilik, faşist ideologiyasının həyata keçirilməsi prizmasından bu başadüşülən bir addımdır. Çünki Azərbaycanın xarici siyasət arenasında atdığı addımlar onu göstərir ki, dünya dövlətləri tərəfindən Azərbaycanın yürütdüyü siyasət böyük rəğbətlə qarşılanır. Düşünürəm ki, bu, Azərbaycan diplomatiyasının çox böyük bir uğurudur. COVİD-19 pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycanın humanitar addımları çox yüksək qiymətləndirilir və bunu Ümumdünya Səhiyyə Təşkiltının rəhbəri, BMT Baş Katibi dəfələrlə öz çıxışlarında qeyd ediblər. Çünki bu məsələlərdə həm ölkə daxilində pandemiyanın yayılmasının qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görürük, həm də eyni zamanda 30-dan çox ölkəyə də humanitar və maliyyə yardımı, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə ayırırıq. Çünki biz başa düşürük ki, bu problemlə üzləşən dövlətlər tək qalmamalıdır. Bu, bizim ümumi işimizdir və bu, əlbəttə ki, Azərbaycanın üstünlüyüdür".