Böyük Vətən müharibəsində qələbə yazda qazanılmışdı, 2016-cı ilin yazında Azərbaycan Ordusu böyük qələbə qazandı. Bu, ruhumuzun qələbəsiydi; tarixən ruhun qələbəsi Böyük Qələbələrə başlanğıc olur. Aprel zəfəri Azərbaycan əsgərinin qazanacağı Böyük Qələbənin başlanğıcı kimi tarixləşdi; təqvimdə 2019-cu ilin noyabrıdı, könüllər 2016-cı ilin aprelinin ovqatının davamının intizarındadı...
Payızın son ayında yazın ilk aylarının ovqatını, bu gözəl ovqatın ruhunu hiss edirəm. Bu hisslərin davamlılığı, Vətənə, torpağa, dövlətə, dövlətçiliyə bağlılığı, bir də ictimaiyyətin orduya inamına bələdliyin təzahürü kimi düşüncələrimdə qələbə ovqatı kükrəyir. Bu yaşarı kükrəyişi səngərlərə çatdırmağa tələsirəm; bir azdan bu kükrəyiş əsgərlərin döyüş əzminə, qələbə ruhuna sarılacaq. Bu kükrəyiş həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində ictimailəşmiş “...Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - bəyanatından mənəvi güc alan əsgərlərin döyüş hazırlığına, bu hazırlığın davamı olan döyüş əzminə, döyüş əzminin davamı olan qələbə ruhuna bələdliyin, bələdliyin davamı olan inamın, güvəncin kükrəyişidi....
Səngərdəyik....
Əsgərlərin əhatəsində olanda sənə elə gəlir ki, bir boy da dikəlibsən, az sonra qarşı tərəfin o üzündə qalan torpaqlarımızın bizə sarı boylanan həsrətini görəcəksən. Görəcəklərin qəlbini qana döndərəcək. Onda əli avtomatın qundağını əzən əsgərlərin sırasında sənin barmaqların düyünləşəcək-yumruqlaşacaq. Əsgərlərin əhatəsindəsən deyə şəhidlərin ruhunun qayibanə gileyini də, torpağın harayını da aydınlığıyla eşidəcəksən: “Hardasınız? Gəlin, ağrı-acı bizi üzür axı...”. Onda Ali Baş Komandanın bir kəlamını da xatırlayacaqsan: “Azərbaycan dövləti, Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”. Bu xatırlamanın qüruru əsgərlərin baxışlarının qətiyyətiylə qoşalaşır...
Səngərdə əsgərlərin, əsgərlərin timsalında ordunun gücünə inamın daha da artır, sənə elə gəlir ki, kürəyini dağa söykəmisən. Gördüklərin həmin anlarda da, sonra da düşündüklərinə, düşüncələrinin mahiyyətinə hopur. Bu qənaətin cazibəsindəykən mayor Ruslan Novruzov deyir:
- Bu bəyanatı hamımız döyüşə hazırolma bəyanatı bilirik.
Ayrı-ayrı hərbi hissələrdə bu bəyanata münasibətinin uyğunluğu, mütənasibliyi, bəzən eyniliyi Azərbaycan Ordusunun zabitlərinin işıqlı düşüncələrinin milli-mənəvi dəyərlərimizdən rişələndiyi kimi yozulmalıdır. Mayorun baxışlarında məmnunluq işartıları görürəm. Bu məmnunluq həm də əsgərlərin düşüncələrinə görədi:
- Biz əsgərik. Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edirik. Bu bəyanat hər birimizin döyüş əzmini, qələbə ruhunu daha da artırıb (Əsgər Qurban Kosayev).
- Azərbaycan Ordusunun şəxsi heyəti bu bəyanatın mahiyyətini hərbi xidmətinin tərkib hissəsi bilir və Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq (əsgər Əli Əliyev).
- Yəni bu qələbəylə torpaqlarımız işğaldan tamamilə azad ediləcək (əsgər Sərxan Babakişiyev).
Məmnunluğum məmnunluqla qoşalaşır və Azərbaycan Respublikasının Prezidenti İlahm Əliyevin bir kəlamını xatırladıram: “Ordu quruculuğu prosesi bundan sonra da sürətlə davam edəcək. Bu bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir”. “Bu fikir ordu quruculuğunun dönməz proses kimi davam etdiriləcəyini ifadə edir”, - deyirəm.
Kapitan Sərxan Muxtarov bunun reallıq olduğunu bildirir:
- Azərbaycan Ordusunun silahlanmasına ən müasir texnikalar, avadanlıqlar, qurğular daxil edilib, bu proses davam etməkdədir, ordumuzda müxtəlif təyinatlı təlimlər keçirilir. Bunlar istər ayrılıqda, istərsə də birlikdə ordunun gücünün artırıldığının təsdiqidir.
Əsgərlər deyilənləri maraqla dinləyirlər. Ali Baş Komandanın ordu quruculuğuyla bağlı fikirlərini bir daha eşitmək onların düşüncələrinin indiki yönümünü müəyyənləsdirir.
- Zabitlərimiz deyirlər ki, ordumuzun silahlanmasına müntəzəm olaraq yeni silahlar daxil edilir, əsgərlərimiz onların istismar xüsusiyyətlərini mükəmməl mənimsəyir. Məişət şəraitimiz yüksək səviyyədədir. Bunlar dövlətin orduya diqqətinin nəticəsidir, - kiçik çavuş Nurəddin Əsgərli belə deyir. Əsgərin qüruru seziləndir. Bu qürur digər əsgərlərin də fəallaşmasında vəsilə olur.
Kiçik çavuş Vasif Ağalarov deyir:
- Qonşumuz 4 il əvvəl hərbi xidmətdə olub. Tərxis edildikdən sonra onunla həmişə söhbətləşirdik. Hərbi xidmətlə bağlı fikirlərini də, xatirələrini də maraqla dinləyirdim. Mən hərbi xidmətə gələndə onun dediklərinin xeyli dəyişdiyini gördüm. Bizdən sonra xidmət edəcək əsgərlər də yenilikləri, təkmilləşmələri görəcəklər, onlar da mənim kimi eyni fikirləri deyəcəklər.
Əsgər Emil Abdullayevin dedikləri ordu-ictimaiyyət münasibətləri baxımından maraqla dinlənilir:
- Yeniyetməliyimdə, çağırışçı yaşlarımda orduda həyata keçirilən islahatlar haqqında mən də çox eşitmişdim. Yeni hərbi hissələrin inşa edilməsindən, əsaslı təmirindən vətəndaş olaraq mən də qürurlanırdım. “Açıq qapı” günlərində bu yenilikləri ictimaiyyətin nümayəndələri görürü. Bu isə o deməkdir ki, ordu quruculuğundan hamı məlumatlı olur, yəni ictimaiyyət orduya, yəni bizə inanır, güvənir.
Əsgərin son kəlmələri həm də Azərbaycan əsgəri “Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dediyi kimi, “Vətənə, dövlətə xidmət ömrümüzün mənasıdır” amalıyla xidmət edir” - kimi dinlənilir. Mayor Ruslan Novruzov gözdolusu əsgər Emil Abdullayevə, sonra o biri əsgərlərə baxır. Bu davamlı baxışlarda etibar görürəm, güvənc görürəm, bu etibarı, bu güvənci eşidəcəklərimizin başlanğıcı bilirəm:
- Müxtəlif hərbi hissələrdə xidmət edən zabitlərlə söhbətlərinizdə eşitdiklərinizin eyni, bənzəri olsa da deyirəm ki, yüksək döyüş hazırlığına malik olan Azərbaycan əsgəri yüksək mənəvi-psixoloji hazırlığa da malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçi şəhərindəki bəyanatı Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da artırıb, hər biri Ali Baş Komandanın döyüş əmrinə hazırdır...
Zabitin əsgərlərə əminliyini də, inamını da, güvəncini də ordunun güc amili bilirəm. Mayor Ruslan Novruzov qənaətimi bəyənir və deyir ki, komandirin inamını qazanan əsgər daha güclü əsgərdi.
Güclü əsgər ifadəsi könlümə yatır və əsgərlərin bu gözəl ifadəyə münasibətini bilmək istəyirəm. İstəyim gerçəkləşir:
Güclü əsgər yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olur. (əsgər Qurban Kosayev).
Güclü əsgər nümunəvi əsgərdi, Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətli əsgərdi (əsgər Kamran Rəsulov).
Güclü əsgər hərbi xidməti ömrünün mənası bilən əsgərdi (əsgər Məlik Cavadov)
Hər üçü bir məqamda həmfikirdi:
Güclü əsgər dövlətin ərazi bütövlüyünün bərpa edilməsi üçün Ali Baş Komandanın əmrinə hazır olan əsgərdi, bir gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - bəyanatını döyüşə hazırolma bəyənatı bilən əsgərdi...
Son vaxtlar Respublikamızda ordu quruculuğunda aparılmış və aparılan irimiqyaslı islahatlardan, bu islahatların şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksəltməsindən, ordunun ən müasir hərbi texnikalarla, atıcı silahlarla təmin olunmasından danışırıq. Söz sözü çəkir. Söhbətimizi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının qüdrətiylə tamamlanır. Bu qüdrət deyir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həll edilməzsə, Azərbaycan Ordusu torpaqlarını işğaldan döyüşlə azad edəcək. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan Ordusu buna qadirdir. Bu bəyanat bu qadirliyin bəyanatıdı...
...Payızın son ayında yaz aylarının ovqatını, bu ovqatın ruhunu hiss edirik. Zabitlər də, əsgərlər də, biz də...
Səngərdə salamlaşandan az sonra “bu bəyanatı hamımız döyüşə hazırolma bəyanatı bilirik” - deyilmişdi. Sağollaşanda payızın son ayında yaz ruhu görənlər “Ali Baş Koamandanın döyüş əmrinə hazırıq!” - deyirlər. Bir boy da dikəlib qarşı tərəfə baxıram...
Rəşid Faxralı