29 yanvar 2019 11:46
733

Bu görüş bizə göstərilən yüksək diqqət və qayğının təzahürüdür

Şəhid anası: Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü bizə göstərilən yüksək diqqət və qayğının təzahürüdür

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən oğullarının ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının göstəricisidir. Dövlətimizin başçısı bu görüşdə şəhid ailələrinə dərin hörmətini ifadə etdi. Bizim ailəyə də birdəfəlik ödəmə olunub. Bir şəhid anası kimi belə bir humanist addıma görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qubanın İsnovqışlaq kəndində yaşayan şəhid anası Gülarə Şəmiyeva söyləyib.

Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə Gülarə Şəmiyevanın iki oğlu Sərvər və Şəmsəddin qardaşları qəhrəmancasına şəhid olub.

Sərvər Şəmiyev 1993-cü ilin noyabr ayında cəbhəyə yollanıb. Ağcabədi rayonunun bir neçə kəndinin erməni işğalçılarından təmizlənməsində fəal iştirak edib. 1994-cü il yanvarın 12-də Martuni kəndi uğrunda gedən döyüşdə minaya düşərək həlak olub. Sərvərin kiçik qardaşı Şəmsəddin Şəmiyev isə Milli Orduya ondan 4 ay əvvəl yazılıb. Cəbhədə ayrı-ayrı döyüş bölgələrində vuruşan qardaşlar həmişə bir-birini soraqlayıb, bir yerdə döyüşməyə can atıblar. Amma tale elə gətirib ki, Vətən uğrunda canlarından keçən Sərvər və Şəmsəddin qardaşları eyni gündə, 1994-cü il yanvarın 13-ü İsnovqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıblar.

Şəhidlərin anası Gülarə Şəmiyeva bildirib ki, övlad itkisi çox ağır olsa da, oğlanlarının Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir. “Mənim övladlarım vətənpərvər, elini, obasını sevən igidlər idi. Onların qəhrəmanlıqları dillərdə dastandır. Kəndimizin məktəbi Sərvər və Şəmsəddin Şəmiyev qardaşlarının adını daşıyır. Mən Prezidentimizə minnətdarlığımı bildirirəm, bizim qayğımıza qalır. Şəhid ailəsi olaraq dövlətin yanımızda olmasını daim hiss edirik”, - deyə Gülarə Şəmiyeva bildirib.